Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:47

Freddi Merkuri haqda film necə alınıb


F.Merkuri Parisdə. 1984
F.Merkuri Parisdə. 1984

«Queen» qrupunun əfsanəvi «Bohemian Rhapsody» mahnısı altı dəqiqəyə yaxın çəkir. 1975-ci ildə bu, bir pop-sinqlı üçün çox uzun sayılırdı. Dambadurum, mistisizm və melodramın baroksayağı qarışığı olan bu trek insanın beyninə girdimi, orda ömürlük qalır.

«Queen» qrupuna həsr olunmuş «Bohem rapsodiyası» (Bohemian Rhapsody) filmi isə iki saatdan çox çəkir. Bu, müasir tammetrajlı bədii film standartlarına görə, o qədər də uzun sayılmır. Film mümkün qədər yadda qalmayan tərzdə çəkilib. Ancaq «Queen»in solisti Freddi Merkurini oynayan aktyor Rami Malekin protez dişləri yaddaqalan alınıb.

Mənadan çox səs və duyğu

Merkurinin nəfəsdonduran yüksəlişi və enişi haqda olan «Bohem rapsodiyası» «Queen»in 1985-ci ildə baş tutmuş «Live Aid» (Canlı yardım) xeyriyyə konsertindən başlayır. Bu konsert o zaman çox böyük hadisə sayılırdı. Film daha sonra bizi keçmişə, 15 il əvvəl Londonda keçən qarışıq günlərə qaytarır. Burada Fərrux Bulsara adlı gənc öz adını dəyişərək Freddi Merkuri qoyur və bir dəstə tələbə yoldaşı ilə birlikdə musiqi qrupuna qoşulur.

Freddinin öz mühafizəkar hindistanlı pars ailəsi ilə bəzən asan olmayan münasibətləri ssenari xətlərindən birini təşkil edir. Onun sərt atasını Eys Bhatti, yumşaq qəlbli anasını isə Meneka Das oynayır. Freddinin qrupdakı yoldaşları (Ben Hardi, Co Matsello və Li Qvilim) ilə ahəngdar, bəzən mübahisəli münasibətləri isə ssenarinin başqa bir xəttini təşkil edir.

«Bohemian Rhapsody» mahnısının necə ərsəyə gəldiyi haqda suallarınız varsa, yaxud da «Queen»in «We Will Rock You» mahnısının musiqisini, ya da «Another One Bites the Dust» mahnısının bass notlarını necə yaratdığını öyrənmək istəyirsinizsə, marağınız qismən təmin olunacaq. Filmdə həm də çoxlu musiqi dinləyəcəksiniz. Bu isə gözəldir.

«Queen»in hitləri daim mənadan daha çox səs və duyğulara fokuslanıb. Merkurinin mahnı sözləri isə hər şeydən əvvəl onun mükəmməl səsini göstərmək üçün alət olub.

Filmdə R.Malek Merkurinin səhnədəki teatrlığını və gündəlik həyatdakı qaşqabaqlı halını canlandırmağa çalışıb.

Ssenarinin müəllifi Entoni MakKarten (o, həm də Britaniyanın baş naziri Uinston Çörçillə həsr olunmuş «Qara günlər» (Darkest Hour) və britaniyalı kosmoloq, astrofizik Stiven Hokinq haqda çəkilmiş «Hər şey nəzəriyyəsi» (The Theory of Everything) filmlərinin ssenarisini yazıb), rejissoru isə Brayan Sinqerdir (film tamamlanmamış o, Dekster Fletçerlə əvəz edilib).

Öz şəxsiyyətinin axtarışında

Filmdə öz seksuallığı və yaradıcılıq müstəqilliyinə ehtiyacdan əziyyət çəkən Merkuri həm də hökmlü, həssas, hazırcavab və tənhadır. O, öz şəxsiyyətinin axtarışındadır.

Onun Mari Ostinlə (Lyusi Boynton) evliliyi ideallaşdırılır, ancaq həm də Freddinin kişiləri sevməsinə görə mürəkkəb şəkil alır. Filmin yaradıcıları homoseksual istəyi, yaxud da geylərlə bağlı siyasəti – 70-ci illərin seksual azadlığının 80-ci illərdə AIDS böhranına yol açmasını –əks etdirməkdə çətinlik çəkiblər.

«The Guardian»da dərc edilmiş rəydə «Bohem rapsodiyası»nın quruluşu klişelərdən ibarət Leqo qəsrinə bənzədilir. «Filmdəki hekayənin xeyli hissəsi həqiqətəuyğun ola bilər, ancaq onların heç biri, azca da olsa, həqiqət təsiri bağışlamır», – qəzet yazır.

Ancaq bu film öz musiqi və seksual qaydaları ilə pop-musiqisi tarixində əvəzsiz iz buraxmış «Queen» qrupunun əsl möhtəşəmliyinə yaxınlaşa bilməyib. «Bohem rapsodiyası» filmi sadəcə, qrupun nə zamansa mövcud olduğu haqda səthi xatırlatmadır. Qrup haqda daha çox öyrənmək istəyirsinizsə, YouTube videoları və bir dəstə vinil val sizə kömək edə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG