Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 20:11

Fransa prezidenti Yeni Kaledoniyanı sakitləşdirməyə gedib


Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyanın paytaxtı Numeada mərkəzi polis bölməsinə baş çəkir. 23 may 2024
Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyanın paytaxtı Numeada mərkəzi polis bölməsinə baş çəkir. 23 may 2024

Fransa prezidenti Emmanuel Makron Sakit okean arxipelaqında bir həftə davam edən və ölümlərlə nəticələnən iğtişaşlardan sonra Yeni Kaledoniyaya gedib.

CNN xəbər verir ki, Fransa hökumətinin seçki qanununa dəyişiklik etməsi Yeni Kaledoniyada iğtişaşlar doğurub. Nəticədə azı altı nəfər həyatını itirib, çox sayda maşın yandırılıb və dükanlar qarət edilib. Yollarda qurulan barrikadalar isə insanların tibb xidmətlərinə və qidalara çıxışını əngəlləyir.

Bu zorakılıq ölkədə illərlə sürən gərginliyin ən son göstəricisidir. Yerli kanaklar adanın Fransa ilə bağların qoparılmasını istəməyən fransız sakinləri ilə ayrı cəbhələrdə yer alıblar. Çoxu müstəqillik tərəfdarı olan kanaklar uzun zamandır Parisin idarəçiliyindən narazıdırlar. Fransız sakinlər isə Fransa ilə bağların qoparılmasına qarşıdırlar.

Adaya əlavə güvənlik personalı gətirilib

Avstraliya və Yeni Zelandiya hökumətləri öz vətəndaşlarını Yeni Kaledoniyadan çıxarmaq üçün təyyarələr göndərir. Fransa isə iğtişaşları yatırmaqdan ötrü adaya, əlavə olaraq, yüzlərlə güvənlik personalı göndərib.

Fransanın Yeni Kaledoniya üzrə Ali Komissiyası hava limanının mayın 25-dək kommersiya uçuşlarına qapalı qalacağını elan edib.

Hökumət sözçüsü Priska Teveno daha min nəfər fransız hərbçinin Yeni Kaledoniyaya gəlib çatdığını bildirib. Daha öncə adada artıq min 700 nəfərlik güvənlik personalı vardı.

Daxili işlər naziri Jerald Darmanen Fransa parlamentinə tezliklə yeni Kaledoniyadakı polis və jandarm sayının 3 min nəfərə çatdırılacağını bildirib.

Fransa Milli Assambleyası önündə çıxış edən baş nazir Qabriel Attal isə durumun yaxşılaşmağa başladığını söyləyib.

Etirazçılar Sosialist Kanak Milli Azadlıq Cəbhəsinin bayraqlarını dalğalandırırlar
Etirazçılar Sosialist Kanak Milli Azadlıq Cəbhəsinin bayraqlarını dalğalandırırlar

Yeni Kaledoniya Konstitusiyasına dəyişiklik etirazlar doğurub

Əsasən gənclərin iştirakı ilə mayın 13-də başlayan etiraz Fransa parlamentinin Yeni Kaledoniya Konstitusiyasına dəyişiklik təklifini səsverməyə qoyması ilə bağlıdır. Bu dəyişiklik adada yaşayan fransız sakinlərin səsvermə haqlarının artırılmasını nəzərdə tutur. Mayın 21-də millət vəkillərinin çoxu bu dəyişikliyin lehinə səs verib. Konstitusiya dəyişikliyi Yeni Kaledoniyanın seçici siyahılarına minlərlə yeni seçici artırır. Bu siyahılar 1990-cı illərin sonlarından bəri yenilənməmişdi. Müstəqilliyi dəstəkləyən qruplar dəyişikliklərin Fransanın arxipelaq üzərindəki hakimiyyətini möhkəmləndirmək cəhdi olduğunu deyir. Dəyişiklik tərəfdarları isə yeni seçici siyahılarının əhalinin indiki durumunu daha yaxşı əks etdirəcəyini söyləyirlər.

Sakit okeanın cənubunda yerləşən, Avstraliya, Fici və Vanuatu ilə qonşu olan Yeni Kaledoniya Fransanın yarımuxtar ərazisidir. Fransanın Sakit okean, Hind okeanı və Karib dənizində 12 belə ərazisi var.

Müstəmləkəçi Fransa Yeni Kaledoniyanı 1853-cü ildə ələ keçirib. Ardınca arxipelaqa ağların yerləşdirilməsinə başlanıb və yerli kanak xalqı uzun zaman ağır ayrıseçkilik siyasətinə məruz qoyulub. Yerli sakinlər arasında yoxsulluq və işsizlik səviyyəsi bu gün də yüksəkdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG