Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:12

Fransada seçki müsəlmanlar haqda referenduma çevrilib


Polis Paris məscidini mühafizə edir.

Bəziləri Fransada prezident seçkisindən sonra iqtisadi və sosial problemlər içində üzən ölkənin kursunu dəyişəcəyini düşünürlər. Bəzilərinin fikrincə, bu seçki narahat qitənin bütünlükdə yönünü dəyişəcək, Avropa inteqrasiyasına meydan oxuyacaq. Son iki ildə terror dalğasıyla üzləşmiş ölkədə rəsmi fövqəladə rejimdir. «The Washington Post» qəzetində James McAuley yazır ki, bu seçki həm də müsəlmanlar, onların Avropanın ən narahat multikultural cəmiyyətindəki yeri haqda referenduma çevrilib.

Seçkinin birinci raundu bazar günü keçiriləcək. Əsas beş namizəd seçki kampaniyasında «müsəlman məsələsi»nə, ölkənin ən böyük dini azlığıyla bağlı planlarına toxunmaya bilməzdilər.

İfrat sağçı «Milli Cəbhə» partiyasının lideri Marine Le Pen-in cavabı aydındır. O, «islamçı qloballaşma»nı rədd edir, bu ideologiyanın Fransanı diz üstə çökdürmək istədiyini deyir.

NAMİZƏDLƏR

Le Pen-in opponentləri onun aşırı baxışlarının hamısını paylaşmasalar da, müsəlmanlarla bağlı nəyinsə gerçəkləşdirilməsi zərurətiylə razılaşırlar.

«Müsəlman inancı üzərində sərt administrativ nəzarət istəyirəm», – mühafizəkar namizəd François Fillon yanvarda deyirdi.

Populyar müstəqil namizəd olan Emmanuel Macron isə tez-tez müsəlmanlara Fransada İslamın strukturunu dəyişməkdə yardımın gərəkdiyini vurğulayır.

Marine Le Pen
Marine Le Pen

İfrat solçu namizəd Jean-Luc Mélenchon islamofobiyanı pisləyir və «kommunitarizm»in kökünü kəsməyə çağırır.

Bircə sosialistlərin namizədi Benoît Hamon Fransa müsəlmanlarının maraqlarını müdafiə edir. «Burkini qalmaqalı» vaxtı deyirdi ki, Fransada qanun həm şort, həm də hicab geyinmək istəyəni qoruyur.

«BİZİ ANLAYAN YOXDUR»

Müəllif yazır ki, Fransa və Avropa pasportlu yaraqlıların törətdikləri terror hücumlarından sonra ictimai fikir əsrlərdən bəri ölkədə mövcud olmuş müsəlman əhaliyə getdikcə şübhəylə yanaşmağa başlayıb.

Belə bir narahatlıq var ki, Le Pen, yaxud Fillon seçilsə, işlər daha da pisləşər. Hər iki namizəd dünyəvilik adı altında hicaba, məscidlərə, müsəlman icma təşkilatlarına hücuma keçər.

Fransa müsəlmanlarından çox azı onların status-kvosunu dəyişəcək namizəd görürlər.

«Bizə görə kampaniya aparan, durumumuzu anlayan biri yoxdur», – 56 yaşlı Fransa vətəndaşı, ərəb ədəbiyyatı professor Laorla Loub deyir.

Fransada müsəlman qadın. 2010
Fransada müsəlman qadın. 2010

FÖVQƏLADƏ VƏZİYYƏT

Sonucda, getdikcə daha az müsəlman seçkiyə gedir. Bunu isə 2016-cı ildə yayılmış «Fransada İslam» hesabatının müəllifi hakim El Karoui söyləyir.

Bu ölkədə müsəlmanları əndişələndirən daha bir məsələ fövqəladə vəziyyətin 16 aydır qüvvədə olmasıdır. Namizədlərdən bircə Mélenchon ona son qoymağı təklif edib.

Müsəlmanlar bu rejim altında qanunsuz hədəfə alındıqlarını deyirlər. Fransada islamofobiyaya qarşı Kollektivin (fransızca – CCIF) məlumatına görə, 400-dən çox müsəlman ötən il heç bir aydın səbəb göstərilmədən evində axtarış aparıldığını bildirib. Onlardan 100 nəfəri ev dustağıdır, 30 nəfərdən isə ölkədən çıxmaq istənilib.

31 yaşlı Asma Bougnaoui 2009-cu ildə hicab geyindiyinə görə işdən çıxarılıb. «Adamlar müsəlmanlar haqda elə danışırlar ki, elə bir eyni adamıq, bir bütövük. Amma qətiyyən fərqliliyi qəbul etmirlər. Fransa müsəlmanları kimlərdir? Biz kimik?», – o, sual edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG