Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:00

Fransa Rusiyaya daha bir ciddi xəbərdarlıq etdi


Rusiyanı narahat edən namizəd - Emmanuel Macron

Fransa bəyan edib ki, Rusiyanın və ya hər hansı başqa bir ölkənin, özünün qarşıdan gələn seçkilərinə müdaxiləsinə dözməyəcək və belə bir müdaxilə olarsa, ona “cavab tədbiri” görəcək.

Fransanın xarici işlər naziri Jean-Marc Ayraultun fevralın 15-də verdiyi bu bəyanatdan əvvəl ABŞ kəşfiyyat orqanları, Kremlin prezident Trump-ın qələbəsinə kömək məqsədilə apardığı haker və ictimai rəyi təsirləndirmə kampaniyası barədə məlumat vermişdi.

"Biz öz seçki prosesimizə heç bir müdaxiləni qəbul etməyəcəyik, nə Rusiya tərəfindən, nə də yeri gəlmişkən, hər hansı ölkə tərəfindən” – deyib Ayrult parlamentdə etdiyi çıxışda.

Ayrault deyib ki, Fransa belə bir müdaxiləyə “zəruri olduqda cavab tədbiri görəcək”.

Xarici işlər nazirinin bu xəbərdarlağından əvvəl 23 aprel prezident seçkisinin avropayönlü namizədi Emmanuel Macron, Moskvanı onun və kampaniyasının serverlərinə haker hücumlarında ittiham etmişdi.

Kreml fevralın 15-də bu ittihamı absurd adlandlırıb. Rusiya eyni zamanda Trump-a demokrat rəqibi Hillary Clinton-a qalib gəlməsi üçün kömək məqsədilə ABŞ seçkisinə müdaxilə etdiyini də danır.

Hazırda Fransanın əsas partiyaları parçalanma və qalmaqallarda vurnuxurkən, ifrat sağçı Marine Le Pen rəy sorğularında populyarlıq liderliyini ələ alıb. Sorğular onun seçkinin birinci dövrəsində qalib gələcəyini göstərir.

Lakin sorğular onu da göstərir ki, Macron böyük bir ehtimalla Milli Cəbhəni ikinci dövrədə məğlub edəcək.

AzadlıqRadiosu yazır ki, Macron-un Fransa ictimai rəy sorğularındakı nüfuzu artdıqca Rusiyanın dövlət mediası 39 yaşlı keçmiş iqtisadiyyat nazirinə qarşı saxta xəbərlərlə hücumunu genişləndirir.

Ötən yanvar ayında Fransanın müdafiə naziri Jean-Yves Le Drian xəbərdarlıq etmişdi ki, son üç ildə onun ölkəsinə qarşı kiberhücumlar artıb və aprel-may ayında keçiriləcək seçkilər də hədəflənə bilər.

Rusiya həm də 2015-ci ildə Almaniya parlamentinə kibermüdaxilə etməkdə günahlandırılır və alman siyasətçilər xəbərdarlıq edirlər ki, 2017-ci ildə keçirləcək parlament seçkiləri Rusiya və onun əlaltıları tərəfindən manipulyasiya olunmaq təhlükəsi qarşısındadır.

Kansler Angela Merkelin mühafizəkar Xristian Demokrat Partiyasından (CDU) millət vəkili Wolfgang Bosbach xəbərdarlıq edib ki, seçki vaxtı kənar qüvvələr faktları və ya ictimai rəyi manipulyasiya etməyə çalışa bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG