Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 05:58

Fransa naziri Qarabağın ‘gələcək statusundan’ söz açır


Fransa və Ermənistanın xarici işlər nazirləri Jan-İv Le Drian (sağda) və Ara Ayvazyan Parisdə keçirilmiş birgə mətbuat konfransında
Fransa və Ermənistanın xarici işlər nazirləri Jan-İv Le Drian (sağda) və Ara Ayvazyan Parisdə keçirilmiş birgə mətbuat konfransında

“Dialoqu bərpa etmək zəruridir, çünki atəşin dayandırılması sülh yox, müharibənin sonudur”.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-İv Le Drian dekabrın 8-də Parisdə Ermənistan xarici işlər naziri Ara Ayvazyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

O habelə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın günlərdə regiona səfər edəcəklər:

“Bizim rolumuz atəşkəs rejiminə əməl olunmasına nəzarət etməkdir. Üç həmsədr yaxın günlərdə bunun yerinə yetirilməsini yoxlamaq üçün ərazilərə gələcək”.

Fransalı nazir Ermənistanın 9 noyabr bəyanatını imzalamasını müsbət qiymətləndirdiyini bildirib:

“Ermənistan hakimiyyətinin qərarı çox cəsarətli addım idi. Bu, döyüş əməliyyatlarının dayandırılmasına imkan verdi və çox sayda insanın həyatını xilas etdi. İndi bu münaqişədə törədilmiş cinayətlər barədə informasiyalar üzərinə işıq salmaq vaxtıdır”.

Le Drian Dağlıq Qarabağın “inzibati hüdudlarından” danışıb

Le Drian bununla yanaşı danışıqların bərpa edilməsinin mühüm olduğunu vurğulayıb:

“Dialoqu bərpa etmək zəruridir, çünki atəşin dayandırılması sülh yox, müharibənin sonudur. İndi bizə münaqişənin, o cümlədən Dağlıq Qarabağın gələcək statusuna, onun inzibati hüdudlarına və idarəçilik vasitələrinə aid məsələlərin stabil tənzimlənməsi lazımdır”.

Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın sözlərinə görə, beynəlxalq birlik Dağlıq Qarabağın yalnız ərazi mübahisəsi olmadığını dərk edib.

Ayvazyan iddia edib ki, “Qarabağın Azərbaycanın nəzarətinə keçən bütün hissələrində etnik təmizləmə və hərbi cinayətlər baş verib və bu, Qarabağın öz müqəddəratını təyinetmə hüququnun tanınmasını zəruri edir”.

Ayvazyanın sözlərinə görə, “yalnız bu halda uzunmüddətli və ədalətli sülhə nail olmaq, bundan sonra isə Cənubi Qafqazda dinc yanaşı yaşamanın yeni dövründən danışmaq mümkündür”.

Azərbaycan status məsələsinin artıq gündəmdə olmadığını deyib

Azərbaycan tərəfi bildirir ki, Dağlıq Qarabağda özünün beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini işğaldan azad edib.

Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Ermənistan işğal olunmuş əraziləri xarabalığa çevirib və burada qanunsuz məskunlaşdırma aparmaqla hərbi cinayətlər törədib.

Azərbaycan tərəfi Dağlıq Qarabağın statusu məsələsinin artıq gündəmdə olmadığını deyir, Ermənistan rəhbərliyi məsələylə bağlı yeni bəyanatlar səsləndirir.

Elə Rusiya Prezidenti Vladimir Putin də bu günlərdə “Rossiya 24” telekanalına müsahibəsində deyirdi ki, Qarabağın yekun statusu tənzimlənməyib:

“Biz razılığa gəlmişik ki, bugün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonrası nə olacaq – bunu gələcəkdə gələcək rəhbərlər, prosesin gələcək iştirakçıları həll edəcəklər”.

Prezident Əliyev Azərbaycan ərazisində “ikinci Erməni dövlətinin yaradılmasına yol verilməyəcəyini” dəfələrlə bəyan edib.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb.

Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb.

Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG