Paris məhkəməsi rusiyalı etiraz rəssamı Pyotr Pavlenskinin məhkəməyə qədər saxlanma müddətinin uzadılması barədə qərar qəbul edib. O ötən ilin oktyabrında Fransa Bankının giriş qapısına od vurduğuna görə saxlanmışdı.
Pavlenskiyə qarşı şəxsi mülkiyyətə təhlükəli vasitələrlə ziyan vurulması ittihamı irəli sürülüb. Onunla birlikdə 2017-ci il oktyabrın 16-da həbs edilmiş yoldaşı Oksana Şalıgina yanvar ayında sərbəst buraxılıb.
Fevralın 9-da bu məhkəmə qərarından sonra Pavlenski Tvitter vasitəsilə AzadlıqRadiosuna deyib ki, onun oktyabr aksiyası Fransa tarixinin əlamətdar hadisələrinə həsr olunmuşdu.
Pavlenski bidlirib ki, Fransa Bankını təsadüfən seçməyib, çünki bu bina məşhur Bastiliya həbsxanasının yerində tikilib.
O deyib: "Fransa Bankı Parisin işğalının və onun sakinlərinin qətllərinin simvolu olub və olaraq qalır. Və Fransa üçün bu bank bütün inqilabi başlanğıcların boğulmasının və köhnə qaydaların təntənəsinin rəmzidir. İndi də budur, Fransa Bankı bir vaxtlar Bastiliya qalasının olduğu yerdə tikilib. Bu, hakimiyyətin cəmiyyəti qorxutması deyil, bəs nədir?”
Pavlenski deyir ki, o ayrıca qapalı keçirilən məhkəməsinə etiraz olaraq 12 gün aclıq aksiyası keçirib. Bundan sonra onu həbsxananın xəstəxanasına köçürərək orada zorla yedizdiriblər.
O bildirib ki, hazırda təkadamlıq kamerada saxlanır.
Pavlenski AzadlıqRadiosuna deyib ki, Rusiyaya mümkün deportasiyasına dair heç bir informasiyaya malik deyil. Deyir ki, bu barədə düşünmək istəmir.
Pavlenski Fransa Bankının qapısına od vurmazdan əvvəl, 2015-ci ilin noyabrında belə bir aksiyanı Rusiyada Federal Təhlükəsizlik Xidmətinin giriş qapısında keçirmişdi.
O FTX-nin Moskvadakı iqamətgahının giriş qapısını yandırandan sonra 18 ay məhkəməyə qədər müddətdə həbsxanada saxlanmışdı.
Pavlenski, Şalıgina və onların uşağına ötən may ayında Fransada sığınacaq verilib.
Rusiya polisi dekabr ayında Pavlenski və Şalıginanı Moskva aktrisalarından birinin zorlanmasında şübhəli kimi dindirmişdi.
Pavlenski bu ittihamları rədd etmiş və demişdi ki, o Rusiyadakı siyasi fəaliyyətinə görə şantaj edilir.
Pavlenski özünün dediyinə görə, bir çox biganə rusların diqqətini cəmiyyət üzərində FTX-nin hüdudsuz nəzarətinə çəkmək istəyirdi. Belə aksiyalar zamanı Pavlenski hətta özünə xəsarət yetirməkdən də çəkinməyib.
O xayalarını Moskvadakı Qırmızı meydanda yerə mıxlamış, ağzını tikmiş və qulağının ir hissəsini kəsmişdi.