Keçid linkləri

2026, 02 Oktyabr, cümə, Bakı vaxtı 14:47

Şagird etirazlarına görə Fransada 400 məktəb bağlanıb

Fransalı yuxarı sinif şagirdləri Parisdəki "Arago" liseyinin girişini bağlayıblar.
Fransalı yuxarı sinif şagirdləri Parisdəki "Arago" liseyinin girişini bağlayıblar.

Fransada təhsil sistemindəki problemlərə etiraz edən şagirdlərin aksiyaları bəzi yerlərdə zorakılıqla müşayiət olunub. İğtişaşlar səbəbindən cümə günü, oktyabrın 2-də ölkə üzrə təxminən 400 məktəbin bağlı qalacağı gözlənilir.

Etiraz dalğası ötən ay Paris regionunda başlayıb. Küçələrə çıxanlar müəllim çatışmazlığına və məktəb binalarının bərbad vəziyyətdə olmasına etiraz edirlər. Son günlər aksiyalarda zorakılıq halları artıb, onlarla insan yaralanıb, polis yüzlərlə şəxsi saxlayıb.

Ədliyyə naziri Jerald Darmanen cümə günü RTL radiosuna deyib ki, etirazlarda zorakılığa əl atan radikal azlığın yuxarı sinif şagirdləri olduğuna tam əmin deyillər. O, etirazlar başlayandan 2 min nəfərin saxlanıldığını, onların təxminən üçdə ikisinin polis nəzarətində qaldığını söyləyib.

"Biz artıq yuxarı sinif şagirdlərinin nümayişlərindən ictimai asayişin pozulması mərhələsinə keçmişik. İnsanlar avtobusları hədəfə alır, məktəbləri yandırırlarsa, bu, artıq sadəcə bir etiraz məsələsi deyil", – nazir deyib.

Təhsil naziri Eduar Jeffre ötən axşam "France 2" telekanalına müsahibəsində bildirib ki, cümə günü 400-dən bir qədər çox məktəb və digər təhsil ocağı təhlükəsizlik məqsədilə bağlı qalacaq.

"Reuters"in baş nazir Sebastyen Lekornyuya yaxın mənbəyə istinadən yazdığına görə, kəşfiyyat qurumları oktyabrın 1-də keçirilən təcili iclasda etirazların radikal solçu siyasətçilər, xüsusilə də "Boyun əyməyən Fransa" (LFI) partiyası tərəfindən başladıldığını bildiriblər. Partiyanın deputatı Lui Boyar Fransa telekanallarına açıqlamalarında bu iddianı rədd edib.

Rəsmi qurumların məlumatına görə, etirazçı qruplar cümə axşamı, oktyabrın 1-də azı iki liseydə yanğın törədib, bəzi şəhərlərdə isə yanğınsöndürən maşınları hədəfə alıblar.

Qonşu Belçikanın Lyej şəhərində də bəzi yuxarı sinif şagirdləri ötən gün oxşar səbəblərlə etiraz aksiyalarına başlayıblar.

​
XS
SM
MD
LG