Bazar günü – oktyabrın 18-də İtaliya polisi Milandakı iğtişaşlar zamanı 271 gənci saxlayıb. Bu xəbəri hakimiyyət orqanları yayıb. Nümayişçilərlə polis arasında toqquşmalar baş verib, mağazalar talan edilib və əmlaka ziyan vurulub. Etirazlar dövlət xidmətlərinin keyfiyyətinin aşağı olmasına və yaşayış xərclərinin artmasına qarşı keçirilir.
Telekanalların yaydığı kadrlarda kapüşonlu bir neçə yüz etirazçının zibil konteynerlərini yandırdığı, şəhərin mərkəzindəki mağazaları, o cümlədən idman malları dükanlarını talan etdiyi görünür. Çevik polis qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Polisin bu gün verdiyi məlumata görə, polis bölmələrinə aparılan şəxslərdən 32-si həbs edilib. Onların arasında 23 azyaşlı və 13 xarici ölkə vətəndaşı var. Daha 28 nəfərlə bağlı materiallar isə məhkəmə orqanlarına göndərilib.
Şənbə günü İtaliyanın şimalındakı Milan, Bolonya, Breşiya, Berqamo və Turin şəhərlərində də oxşar toqquşmalar baş verib.
Elə həmin gün qonşu Fransada yaşayış xərclərinin artmasından və dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsindən narazı olan yüz minlərlə insan küçələrə çıxıb. Bu etirazlar ölkədə son illərin ən şiddətli nümayişlərindən biri olub.
İtaliyanın baş naziri Corca Meloni zorakılığı pisləyərək vəziyyəti müzakirə etmək üçün bu günə hökumətin iclasını çağırıb. Gələn il İtaliyada seçkilər keçiriləcək.
Makron kütləvi etirazlardan sonra xalqa müraciət edib
Fransa prezidenti Emmanuel Makron dünən – oktyabrın 18-də xalqa müraciət edib. Onun çıxışından əvvəl ölkədə genişmiqyaslı nümayişlər keçirilib; əhali qiymətlərin artmasına, ümumilikdə isə yaşayış xərclərinin bahalaşmasına etiraz edib. Nümayişlər zamanı iğtişaşlar baş verib, vandalizm və talan halları qeydə alınıb.
Makron səkkiz dəqiqəlik çıxışında nümayişçilərin zorakı hərəkətlərini pisləyib. O deyib ki, başqalarının əmlakını dağıdan və talayan şəxslər məhkəmə qarşısına çıxarılacaq və vurduqları ziyanı ödəyəcəklər. Prezident iğtişaşların təşkilatçılarının "çoxsaylı cinayətkar ünsürlərin qoşulduğu radikal ifrat solçu qruplardan olan qiyamçılar" olduğunu bildirib. Dövlət başçısı dağıdılmış mağaza və kafelərin sahiblərinə kompensasiya vəd edib.
Makron onu da vurğulayıb ki, xuliqanlarla öz qanuni tələblərini ifadə etmək üçün küçələrə çıxan insanları bir-birindən fərqləndirmək lazımdır. O, etirazçıların narazılığının əsaslı olduğunu, Fransanın xüsusilə sosial sahədə çətin vəziyyətdə olduğunu etiraf edib: "Gənclər deyirlər ki, "bizi gözləyən gələcəyi istəmirik". Biz qəzəbli insanların səsini eşitməliyik".
Qiymət artımı
Fransa prezidenti yanacağın bahalaşmasının ümumi qiymət artımına təsir göstərdiyini də etiraf edib. Amma o vurğulayıb ki, Fransa yanacaq böhranını törədən amillərə görə məsuliyyət daşımır. Makron yaxın vaxtlarda neft və neft məhsullarının qiymətlərinin artmasının qarşısını almaq üçün Fars körfəzi ölkələri ilə danışıqlar aparacağını vəd edib.
Dövlət başçısı bütün maraqlı tərəflərin – həm etirazçıların, həm də onların etiraz etdiyi şəxslərin iştirakı ilə dialoqun zəruriliyini vurğulayıb: "Hamı danışıqlar masası arxasına əyləşməli və müzakirələrdə iştirak etməlidir: işçilər, tələbələr, yerli hakimiyyət orqanları, siyasətçilər".
O, altı aydan sonra Fransada seçkilərin keçiriləcəyini, ölkənin bu seçkilərə demokratiyaya dəstək məsələsində öz birliyini itirmədən getməsinin vacibliyini bəyan edib.
Oktyabrın 17-də Fransada ölkə tarixinin ən böyük etiraz aksiyalarından biri keçirilib. Yaşayış səviyyəsinin aşağı düşməsinə qarşı keçirilən etirazlarda iğtişaşlar və polislə toqquşmalar baş verib.
Təxminən 1800 nümayişçi saxlanılıb, 150-yə yaxın polis əməkdaşı xəsarət alıb. Ümumilikdə 500-ə yaxın insanın xəsarət aldığı bildirilir.