Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:01

“Formula-1”ə görə Bakının mərkəzi qazılır [Fotoqalereya]


Bakıda gələn ilin iyulunda keçirilməsi planlaşdırılan Formula-1 yarışları üçün mərkəzi yollarda təmir gedir. Yarışların marşrutu üzərində demək olar hər yerdə yollarda hərəkət dayanıb. Hər yer qazılıb.

Gələn il Bakıda keçiriləcək “Formula-1” yarışlarına hazırlıqlar başlayıb. Bakının mərkəzi küçələri qazılır.

Ekskavatorlar, buldozerlər Xaqani küçəsindən Rəşid Behbudov küçəsinə qədər asfalt yolu qazıyıb-tökür. Bu yoldan istifadə eləyən sürücülər yolunu dəyişməli olub.

Tıxaclar, əldəqayırma keçidlər...

Sürücü Gəray Allahverdiyev deyir ki, yolun qazılması həm tıxaclara səbəb olub, həm də onların marşrutunu dəyişib:

“İndi biz yolumuzu dəyişmişik. Yol kəsildiyindən tıxaclar yaranıb. Bilirəm ki, bunu o maşın yarışlarına görə eləyirlər. Mərkəzdə də o cür yarış keçirərlər? Keçirəydilər kənarda. Məsələn, Zığ yolunda. Bomboşdur”.

Ərazidə yaşayan Tamerlan Məmmədov deyir ki, əvvəllər maşınını evinin qabağında saxlayırdı, indi yolunu dəyişməli olub:

“Bu küçədən yox, o biri küçədən gəlməli olursan. Səhər-səhər, bir də axşam yaman tıxac olur. Qalmışıq belə”.

Bakıda Formul-1 yarışları üçün qazıntılar gedir. 4 noyabr 2015
Bakıda Formul-1 yarışları üçün qazıntılar gedir. 4 noyabr 2015

Qazılan küçələrdə kafelər, mağazalar, yaşayış evləri olduğundan sakinlər taxtalardan kiçik keçidlər düzəldib üstündən keçirlər. Bunlar olmayan hissələrdə isə xəndəklərin üstündən tullanıb keçirlər.

Buna da bax: AŞPA da Qarabağla bağlı Bakını qane edən məruzə qəbul edilib

Xəndəkdən tullanma adamları idmana həvəsləndirib

Bakı sakini Elsevər Kərimov zarafatla deyir ki, hər gün xəndəklərin üstündən neçə dəfə tullandığı üçün fikrindən idmanın uzunluğa tullanmaq növü ilə məşğul olmaq keçir. “Formula-1” yarışlarını isə xoşlamır:

“Bu yarışa görə yolları nə günə qoyublar. Avtoşluqdur də. Cavan uşaqlar da baxıb avtoşluq öyrənirlər. Onsuz da avtoşların əllərindən küçədə gəzmək olmur. Bir az da onlara baxıb öyrənəcəklər”.

Qazılmış küçədə mağazası olan Şahid Qədirovun isə yarışlardan xəbəri olmasa da, küçələrin təmir olunmasını alqışlayır:

“Düzdür, indi çətinlik çəkirik. Ancaq yəqin düzələndən sonra yaxşı olar. Hökumətin işinə qarışmayacağıq ki?”

Bu cür yarış üçün infrastruktur olmalıdır

İdman şərhçisi Sərxan Musayev beynəlxalq yarışların keçirilməsini müsbət hal sayır. Ancaq onun fikrincə, bunun üçün ev sahibi olan şəhərin infrastrukturu olmalıdır:

“Bu yarışların Bakının mərkəzində keçirilməsi planlaşdırırlır. Bizim küçələrin necə dar olması heç kimə sirr deyil. Deyirlər asfalt örtüyünü dəyişdirib yarışlara uyğunlaşdıracaqlar. Bəs, şəhərin maşınları, sakinlər hardan keçəcək?

Düzdür, Avropa Oyunlarına görə tıxacları aradan qaldırmaq məqsədilə maşınlar üçün yollar bağlanmışdı. Belə çıxır ki, indi yollar həm də adamlar üçün bağlı olacaq. İnfrastrukturu olmayan şəhərdə bu cür bahalı idman yarışlarının keçirilməsi ağlasığan deyil”.

Buna da bax: 19 yaşlı qızı daş-qalaq edərək öldürdülər

Bakıda Formul-1 yarışları üçün qazıntılar gedir. 4 noyabr 2015
Bakıda Formul-1 yarışları üçün qazıntılar gedir. 4 noyabr 2015

“Kanalizasiya qapaqları da bərkidilməlidir”

Bir müddət əvvəl gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə demişdi ki, Bakıda keçiriləcək yarış 20 döngədən ibarət olacaq. Marşrutun uzunluğu 6 kilometrdir. Yarışları 25 mindən artıq tamaşaçının izləməsi üçün şərait yaradılacaq.

Nazir deyib ki, asfalt örtüyü ilə bərabər şəhərdəki bütün kanalizasiya qapaqları da bərkidilməlidir.

“Daha bir neçə küçə və prospektlər də təmirə dayanacaq”

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzadlıqRadiosuna bildirdilər ki, “Formula 1” yarışları ilə bağlı Bakının bəzi yollarında asfalt örtüyü yenidən qurulacaq. Hazırda Xaqani küçəsinin Puşkin və R.Behbudov küçələri ilə kəsişmələri arasındakı hissənin bağlanması da asfalt örtüyünün dəyişməsi ilə bağlıdır. Təmirin nə qədər çəkəcəyi məlum deyil. “Formula 1” yarışları ilə bağlı daha bir neçə küçə və prospekt də təmirə dayanacaq.

Buna da bax: Nazir "Formula-1"in xərclərini açıqlamır

“Əhmədlidə keçirin”

Yarışlarla bağlı mərkəzi küçələrin qazılıb təmir olunması sosial şəbəkələrdə də müzakirə doğurub. Emil İbrahimov adlı istifadəçi yazır:

“Sizdən çox xahiş edirəm, bu Formula-1 yarışlarını Əhmədlidə keçirin. Bədbəxt vəziyətdədir bizim küçələrimiz”.

Nigar Məmmədli isə yazır:

“Onsuz da mərkəzi küçələrin vəziyyəti yaxşıdır. Bu yarış mərkəzdən başqa şəhərin bütün başqa küçələrində keçirilsin. Onda bəlkə küçələrimiz təmir olunub ağ günə çıxar”.

“Formula-1”-in saytının məlumatına görə, yarışlar üzrə Avropa-Qran-Prisi Bakıda gələn ilin iyulun 17-də baş tutacaq.

Bakıda indiyə qədər 2012-ci ildə “Baku City Challenge”, 2013-cü ildə isə FİA GT seriyasından idman avtomobillərinin yarışı keçirlib.

Həmçinin buna da baxın:

AzadlıqRadiosunun seçkilərlə bağlı hazırladığı programı da izləyin

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG