Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:30

Hökumət “Formula 1 və şahmata 202 milyon dollar” xərcləyəcək?


Formula 1 yarışı (Foto arxivdəndir)
Formula 1 yarışı (Foto arxivdəndir)

Reuters agentliyi Azərbaycan büdcəsində bu ilin iki idman tədbiri üçün 202 milyon dollar xərclənməsinin nəzərdə tutulduğunu xəbər verib

Reuters agentliyi yazır ki, Azərbaycan bu ilin Formula 1 yarışının ev sahibliyini üzərinə götürəndə bunun ölkənin “yeni özünəinamının” təsdiqi üçün daha bir imkan olacağını düşünürdü.

“Lakin hazırda iqtisadiyyat böhran vəziyyətindədir və polis ölkənin bir sıra yerlərində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə edir” – yazır agentlik.

Məqalədə deyilir ki, dünyanın superzənginlərini cəlb edən bu idman dəbdəbəsi indi ictimaiyyətin əhval-ruhiyyəsində əsəbilik yaradır.

“Yaxşı olardı ki, hökumət bu pulu yerli bizneslərə qoyaydı” – deyib Reuters-ə Bakıda Vüqar adlı kafe sahibi.

“Əliyevin şərəfləndirilməsi”

Məqalədə bildirilir ki, Azərbaycanın Eurovision 2012 və Avropa Oyunları kimi nüfuzlu tədbirlərə “səxavətli ev sahibliyi etmək həvəsi hökumətin iqtisadiyyatı yanlış idarə etdiyi barədə suallar doğurub”.

Reuters yazır ki, sözü gedən tədbirlərdən əsas məqsəd “2003-cü ildə hakimiyyəti atasından qəbul etmiş prezident İlham Əliyevi şərəfləndirmək olub”.

İlham Əliyev və Formula 1-in başçısı Bernie Ecclestone
İlham Əliyev və Formula 1-in başçısı Bernie Ecclestone

Agentlik bildirir ki, hazırda bu tip suallar Qazaxıstandan Əlcəzair və Venesuelayadək bir çox neft ixrac edən ölkələrdə verilir.

Reuters bunu da qeyd edir ki, Azərbaycan neft pullarının bir hissəsini “qara gün” üçün neft fonduna toplayıb və “yaxşı günlərdə” yollar da daxil bir sıra mühüm infrastruktura vəsait qoyulub.

“Lakin Beynəlxalq Valyuta Fondu illərdir ki, hökumətin daha çox maliyyə intizamına riayət etməsinin, korrupsiya və rəqabəti boğan qeyri-rəsmi monopoliyalara qarşı mübarizə aparmaqla qeyri-neft sektorunu inkişaf etdirməsinin zərurətini bildirir” – yazır Reuters.

Bakının gözəlliyini dünya görəcək

Məqalədə Formula 1-in internet saytına istinadən deyilir ki, Bakıda iyunun 17-19-da keçiriləcək yarışa tamaşa etmək üçün mərkəzi tribunaya biri 665 dollardan biletlər satılacaq, bu isə ölkənin orta əməkhaqqından 2 dəfə çoxdur.

Biz iki il bundan əvvəl bu tədbirin ev sahibliyi barədə öhdəlik götürəndə hardan biləydik ki, neft qiymətləri bu qədər düşəcək

Rəsmilər bildirirlər ki, bu yarışın bütün dünyaya teletranslyasiyası Bakının gözəlliyini və iqtisadi artımı reklam edəcək.

“Formula 1 ölkəmizin imicini yaxşılaşdıracaq. Biz iki il bundan əvvəl bu tədbirin ev sahibliyi barədə öhdəlik götürəndə hardan biləydik ki, neft qiymətləri bu qədər düşəcək” – deyib Reuters-ə hakim partiyadan millət vəkili Vahid Əhmədov.

“Lakin Azərbaycanın kifayət qədər pul ehtiyatı var və mən bu puldan bir qədərinin belə vacib tədbirə xərclənməsində heç bir qəbahət görmürəm” – bildirib millət vəkili.

Reuters yazır ki, bütün söhbətlərə baxmayaraq, Grand Prix yarışı ilə bağlı xərclər barədə informasiya tamamilə məxfi saxlanır.

İmic? Kimin imici?

Məqalədə deyilir ki, Azərbaycanın dövlət büdcəsində 2016-cı ildə keçiriləck idman tədbirlərinə 324 milyon manatın (202 milyon dollar) xərclənəcəyi nəzərdə tutulub. Agentlik bildirir ki, tədbirlər barədə məlumat verilməsə də, bu il ölkədə iki tədbirin – Formula 1 və beynəlxalq şahmat yarışının keçiriləcəyi məlumdur.

Reuters-in təhlilində bildirilir ki, Azərbaycanın 2016-cı ildə bu iki yarışa xərcləyəcəyi pullar bu ölkədə xəstəxanalara xərclənən bir illik büdcə ilə eynidir.

Agentlik yazır ki, Azərbaycan hökuməti 2012-ci ilin Eurovision mahnı yarışına xərclənən pulların da hesabatını verməyib.

Reuters öz təhlilini Bakıda bir taksi sürücüsünün sözləri ilə bitirir: “Hökumətimiz bizi yoxsulluğa salaraq bu tədbirə milyonlarla pul xərcləyir. Bu yəqin ki, ölkənin yox, onların öz imicinin yaxşılaşdırlması üçündür”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Formula 1 yarışına xərclənəcək pulun məbləği barədə dəqiq məlumat verə bilməyəciyini desə də, bunun bəzi medialarda iddia edildiyi kimi 150 milyon dollar olmayacağını deyib.

XS
SM
MD
LG