Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:26

Formula-1 turist sayına necə təsir göstərib?


Bakıda Formula-1
Bakıda Formula-1

2017-ci ildən etibarən Bakıda Formula-1 yarışları keçirilməyə başladı. Builki yarış 28-30 aprel tarixlərini əhatə etmişdi. Sözügedən yarışın Azərbaycan paytaxtında keçirilməsi hər dəfə geniş müzakirə doğurur. Yarış gedən zaman paytaxtın başlıca küçə və meydanları yalnız yarışa qatılanlara açıq olur. Bu, şəhər sakinlərinin gediş-gəlişini mümkünsüz edir və elə o üzdən, onların çoxu Formula-1 yarışlarına əlavə əziyyət kimi yanaşır. Digər tərəfdən, yarış əhalinin bəlli qrupuna maddi ziyan da vurur, axı yolların qapandığı yerlərdə ictimai iaşə obyektlərində xidmət və satış dayanır. Həmin günlərdə Bakıda taksi qiymətlərinin də 30 faizədək artdığına dair xəbərlərin yayıldığı nəzərə alınsa, rahatsızlıq və təlaşa daha bir səbəb tapılar. Yolların bağlı olması, təbii ki, benzin sərfiyyatını artırır və qiymətlər, istər-istəməz, bahalaşır.

Müstəqil ekspertlər də paytaxt Bakıda keçirilən yarışlara tənqidi yanaşırlar. Bunun əsas səbəbi hökumətin yarışlara xərclənən vəsaitlə bağlı hesabatlı davranmamasıdır. Hesabat və şəffaflığın olmaması, heç şübhəsiz, korrupsiya ehtimalını artırır.

Hökumət bu yarışlara xərclədiyi vəsaitlə yanaşı, qazandığı gəlirə də dair dolğun bilgi bölüşmür. Bu da yarışın gəlir gətirib-gətirməməsi ilə bağlı sualları çoxaldır, axı yatırılan investisiyalar gəlir gətirməlidir. Əks halda, belə vəsaitlərin effektiv istifadəsindən danışmaq olmaz. Hökumət rəsmiləri indiyədək olan açıqlamalarında bu yarışların ölkənin tanıdılmasına kömək etdiyini, eləcə də ölkəyə turist axını yaratdığını bildirib. Prezident İlham Əliyev həmin yarışlar Azərbaycanda keçirilməyə başlamadan öncə - 2016-cı ildə bildirmişdi ki, yarışlar Azərbaycana gələn turistlərin sayını dəfələrlə artıracaq. Bəs Formula-1 yarışları keçirilməyə başlandıqdan sonra Azərbaycana gələn turistlərin sayın necə dəyişib?

Gözləntilərin altında qalan artım

Cədvəl: 2016-2022-ci illərdə Azərbaycana səfərə çıxan turistlərin sayı

İl

Turist sayı (nəfər)

2016

2 milyon 249 min

2017

2 milyon 697 min

2018

2 milyon 850 min

2019

3 milyon 170 min

2020

795 min

2021

792 min

2022

1 milyon 602 min

Cədvəldən göründüyü kimi, Azərbaycanda Formula-1 yarışları keçirildikdən sonra ölkəyə ən çox 2019-cu ildə turistlər gəlib. Həmin il Azərbaycana gələn əcnəbilərin sayı 41 faiz artıb. Ancaq bu da var ki, 2015-ci illərdə Azərbaycanın milli valyutası olan manatın xarici valyutalara qarşı dəyər itirməsi ölkəyə turistlərin marağını artırmışdı. Üstəlik, bu illərdə hökumət də, özəlliklə ərəb ölkələrindən Azərbaycana turistlərin gəlməsi üçün bəzi addımlar atmış, bir sıra ölkələrlə vizasız rejim ləğv edilmişdi. Başqa deyimlə, artımın hamısını heç də Formula-1-lə əsaslandırmaq düz olmaz. Hətta bunu nəzərə almasaq da, bəlli olur ki, prezidentin Formula-1 yarışlarından sonra ölkəyə gələn turist sayının dəfələrlə artacağı ilə bağlı iddiası özünü doğrultmayıb.

Formula-1 bu il turist sayına necə təsir edib?

2020-ci ildən bəri pandemiya üzündən səyahət qısıtlamaları vardı və bu, ölkəyə gələn turist sayını kəskin azaltmışdı. Ancaq 2023-cü ildəki yarış zamanı artıq dünyada bu qadağaların, demək olar, hamısı aradan qalxmışdı. Dövlət Turizm Agentliyinin açıqlamasına görə, bu ilin aprelində - yarışların baş tutduğu ayda Azərbaycana 154 min 233 nəfər turist gəlib. Bir ay öncə - 2023-cü ilin martında bu say 136 min 505 nəfər idi. Deməli, Formula-1 keçirilən ay Azərbaycana gələn turist sayında cəmi 19 min nəfər artım olub.

Azərbaycana səfər edənlərin sayını ölkələr üzrə gözdən keçirərkən aydın olur ki, elə apreldə də Azərbaycana, əsasən, qonşu ölkələrdən gəliblər. Apreldə Azərbaycana səfər edən turistlərin 30.5 faizi Rusiya vətəndaşı olub. İkinci yerdə Türkiyə (19.6 faiz), üçüncü yerdə İrandır (6.9 faiz). Beşinci yerdə olan Gürcüstanı (5.3 faiz) da nəzərə alsaq, bəlli olur ki, Formula-1 yarışları keçirilən ay ölkəyə gələn turistlərin 62 faizi Azərbaycanla quru sərhədləri olan dörd ölkə ilə bağlıdır. Özəlliklə Rusiya və Gürcüstandan Azərbaycana gələnlər arasında həmin ölkələrin vətəndaşları olsa da, etnik azərbaycanlılar sayca üstün olub.

Azərbaycan Formula-1-ə ən çox ödəniş edən ölkədir

racingnews365.com saytının araşdırmasına görə, 2023-cü ildə keçirilən Formula-1 yarışlarına ən çox pul ödəyən ölkə Azərbaycandır. Bu ilin aprelində keçirilən yarışa Azərbaycanın ödədiyi məbləğ 57 milyon dollardır. Azərbaycandan sonra ən çox vəsait ödəyən ölkələr Səudiyyə Ərəbistanı (55 milyon dollar) və Bəhreyndir (52 milyon dollar). Əksər Avropa ölkələrində bu rəqəm Azərbaycanla müqayisədə təxminən iki dəfə az - 20-35 milyon dollar arasında dəyişir. Azərbaycan tərəfinin Formula-1-lə bu il imzaladığı anlaşmaya əsasən, yarışların Bakıda keçirilməsi 2026-cı ilədək uzadılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG