Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 03:12

Açıq qalan suallar: Formula 1-dən gəlir nə qədərdir, hara gedir, nə qədər vergi ödənir?


İçəriŞəhərdə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:47 0:00

İçəriŞəhərdə nə baş verir?

Azərbaycanda Formula 1 yarışları artıq üçüncü ildir ki, keçirilsə də, onun ölkəyə xeyri-ziyanı barədə əsasən müxalifət-iqtidar müstəvisində olan mübahisələr kəsilmək bilmir.

İctimaiyyətin isə bu yarışlara münasibəti heç vaxt birmənalı olmayıb. AzadlıqRadiosu Bakı sakinləri ilə danışıb:

Müxalifətdəki ReAl Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, təkcə bu il dövlət büdcəsindən nazirlik xətti ilə Formula 1-ə 80 milyon manat pul ayrılıb.

Onun hesablamalarına görə bu yarışa ayrılan pullar dövlət büdcəsinə qayıtmır. Ən yaxşı halda turistlər ölkədə müəyyən qədər vəsait xərcləyirlər, amma bu vəsait də birbaşa dövlət büdcəsinə geri dönmür.

Natiq Cəfərli yarışı dövlətin maliyyələşdirməsinin əleyhinədir, deyir ki, Azərbaycanda da bu yarışı başqa ölkələrdə olduğu kimi özəl şirkətlər keçirməlidir:

“Amma Azərbaycanda iri şirkətlərin bu işə marağı yoxdur. İri şirkətlər çox zaman iri oliqarxlara bağlı olur, ona görə də dövlət büdcəsindən dotasiya ala bilirlərsə, dövlət büdcəsi heabına bunu edə bilirlərsə, heç bu işə həvəsləri olmur. Rəqabətli bazar yoxdursa, şirkətlərin bu işə həvəsi də yoxdur. Ona görə də bazarda hegemon şirkətlər, varlı şirkətlər bu işə maraq göstərmirlər və Formula 1 yarışları dövlət hesabına keçirilir”.

Nazir oğlunun şirkəti

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov isə aprelin 22-də Azərtac-da dərc olunan məqaləsində yazır ki, Formula 1 ölkəyə iqtisadi fayda gətirir.

Əli Həsənov yazır ki, “PriceWaterHouseCoopers” beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə təqribən 280 milyon dollar gəlir gətirib.

İqtisadçı alim Qubad İbadoğlu isə öz Facebook səhifəsində yazır ki, hətta əgər belədirsə də, bu rəqəmlər yarışlardan cəmi qazancın bu il yarım milyard manatı ötəcəyini göstərir.

Odur ki, Qubad İbadoğlu bu vəsaitin şəffaflığı məsələsinə diqqəti çəkir:

“Bəs görəsən bu qazancın son təyinatı haradır? Bildiyiniz kimi, Azərbaycanda Formula 1 üzrə Grand Prix yarışını idman və gənclər naziri Azad Rəhimovun oğlunun rəhbərlik etdiyi Baku City Circuit Əməliyat Şirkəti (BCCƏŞ) təşkil edir. Bilən varmı 4 il davam edən Formula 1 yarışlarına görə BCCƏŞ dövlət büdcəsinə nə qədər vergi ödəyib? Nədən belə məlumatlar ictimai əlçatan deyil?”

Baku City Circuit Əməliyat Şirkətinin rəhbəri Arif Rəhimov
Baku City Circuit Əməliyat Şirkətinin rəhbəri Arif Rəhimov

Şirkətin ödədiyi vergi ilə bağlı Vergilər Nazirliyinə gün ərzində zəng etsək də telefon zənglərimizə cavab verən olmadı.

Başqa bir iqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, ictimiyyətə bu məlumatlar kommersiya sirri olması əsas göstərilərək verilmir.

Turistə Formula 1 yox, vizasız rejim lazımdır

Hökumət rəsmiləri iddia edirlər ki, Formula 1 yarışları ölkəyə turist cəlb edir.

Prezidentin köməkçisi Əli Həsənov son məqaləsində yazır ki, "Formula 1"ə tamaşa etmək üçün ölkəyə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında da ciddi artım müşahidə olunur:

"Formula 1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir. Deməli, yarım milyard insan Bakı şəhərinin müasir görünüşünü seyr edir, paytaxtımızla vizual tanış olur. Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışın böyük payı vardır”.

Müxalif Real Partiyasından Natiq Cəfərli isə düşünür ki, turistlərin sayının artmasının əsas səbəbi Formula-1 deyil, viza rejiminin nisbətən sadələşdirilməsidir.

Başqa bir məqam odur ki, dövlət statistikasına görə bu ilin ilk üç ayında keçən ilin eyni dövrünə nisbətən turist sayı 3 faizə qədər azalıb.

"Dövlətimizin keçirdiyi oyunlardır da..."

Bakıda hər il bu yarışlar keçiriləndə yollar bağlanır, avtomobillərin hərəkəti məhdudlaşır, tıxaclar yaranır.

Bu il də durum fərqli deyil. Bu durumdan narazılar da var, normal hesab edənlər də.

Kimi deyir “gedib mənzil başına çıxmaq olmur, neçə saat yollarda vaxt gedir”, kimi də deyir ki, “dövlətimizin keçirdiyi oyunlardır da, dözmək olar”.

İdman yazarı Coşqun Eldaroğlu isə deyir ki, Formula 1 yarışlarının keçirildiyi bir çox başqa şəhərlərdə bu oyunlar üçün ayrıca motodrom mövcuddur, ona görə də yarışlar vaxtı şəhər sakinlərinin həyatında çətinlik yaranmır.

Azərbaycanda Formula-1 yarışları 2016-ci ildən keçirilir.

Bu il tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan bu yarışlara hələ 2023-cü ilə qədər ev sahibliyi edəcək. Bu il yarışların 26-28 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur.

Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır.

XS
SM
MD
LG