Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Formula 1-in qazanc və itkiləri


Formula 1, Bakı, arxiv foto
Formula 1, Bakı, arxiv foto

Artıq 4 ildir Azərbaycanda keçirilən Formula 1 yarışının müsbət və mənfi tərəfləri müzakirə obyektinə çevrilib. Rəsmilər yarışın faydalı olduğunu bildirsə də, müstəqil və müxalif iqtisadçılar fərqli yanaşma sərgiləyirlər.

“Növbəti illərdə...”

İqtisadçı Vüqar Bayramov rəsmi statistikaya əsaslanaraq bildirib ki, Formula 1 yarışından gəlir əldə edilir:

“ Əlbəttə, bu, rəsmi məlumatdır. Yarışın iqtisadi baxımdan müsbət tərəflərinə diqqət yetirilsə, əsas məqamlardan biri odur ki, Formula 1 artıq gəlirin əldə edilməsinə imkan yaradır. Eyni zamanda, ölkənin təqdimatı və tanıdılması baxımından çox vacibdir. Amma bu yarışın özəlliyi ondan ibarətdir ki, statistikaya görə, ölkə gəlir əldə edə bilir, çünki ilkin olaraq infrastruktur xərcləri ilk illərdə həyata keçirilib. Növbəti illərdə xərclərin qarşılanması və gəlirlərin əldə edilməsi müşahidə olunur. Həm də Formula 1 dünyada ən çox baxılan üçüncü idman növüdür. Bu amil də Azərbaycanın qlobal tanıdılması baxımından çox vacibdir”

Vüqar Bayramov
Vüqar Bayramov

​Amma Vüqar Bayramov düşünür ki, Formula 1 yarışının keçirilməsinə yenidən baxmaq lazımdır. O qeyd edib ki, Bakı tıxaclar və çox məskunlaşmış şəhərdir:

“Biz ona görə təklif edirik ki, Formula 1 Bakıda deyil, digər şəhərlərdə keçirilsin. Məsələn, Gəncə, yaxud Qəbələdə keçirilməsi mümkündür. Bu, Azərbaycanın bölgələrinin tanıdılması baxımından vacibdir. İkinci, həmin bölgələrin infrastruktur və təşkili imkanları var. Ona görə növbəti illərdə Formula 1 yarışının bölgələrə transfer olunması daha məqsədəuyğundur. Belə olarsa, yarış bölgələrdə texniki problem yaratmır və nəticə etibarı ilə əyalətlər tanınır”.

“Bəs bu itkiləri kim hesablayacaq?”​

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev isə Rusiyada son (2018-ci il) futbol üzrə dünya çempionatını xatırladaraq bildirib ki, müxtəlif qurumlar Rusiyaya gələn insanların neçə faizinin geri qayıtmasını araşdırırlar:

“Niyə bu məsələnin üzərində dayandım. Adətən hökumətin bir arqumenti ondan ibarətdir ki, idman və ya musiqi yarışları insanları Azərbaycana gətirir, gələnlər ölkəni tanıyır, turist kimi bir də gəlir. Əgər idman yarışlarının ölkəni turistlik məkan tanıtımdan söhbət gedirsə, bunu araşdırıb isbatlamaq lazımdır. Ola bilər, yarışlara gəlməyənlər də internet və televiziyalar vasitəsilə prosesi izləyib gələ də bilər. Amma bunun ölçülməlidir və bu, hökumətin işidir. Qoyulan vəsaitin turistlərin ölkəyə gəlməsinə təsir etməsini iki sualla araşdırmaq lazımdır. Birinci, yarışlara tamaşa etməyə gələnlər növbəti illərdə ölkəyə bir də gəlirlərmi? İkinci, tədbirlərə gəlməyib, amma beynəlxalq mediada yarışı izləməklə ölkəylə tanış olub turist kimi gələnlər varmı? Bu cür obyektiv sorğular və araşdırmalar olmadığından kimsə iddia edə bilməz ki, bu cür tədbirlərin Azərbaycanın turistlik ölkə kimi tanınmasına faydası var. İqtisadi faydasına gəlincə, bu gedişatda itkiləri də ölçmək lazımdır. Bilirsiniz ki, yarışların keçirildiyi zaman ətrafda olan ticarət və digər biznes obyektləri dayanır, insanların ərazidə hərəkəti məhdudlaşır, nəticədə itkilər yaşanır. Bəs bu itkiləri kim hesablayacaq? Ona görə qazanclarla bərabər itkiləri də ölçüb ardınca tərəzinin gözünə qoymaq lazımdır. Amma bu məsələ də qiymətləndirilmir”

Formula 1, Bakı
Formula 1, Bakı

Rövşən Ağayev hesab edir ki, bu cür tədbirlər ölkənin turistik ölkə kimi beynəlxalq aləmdə təqdimatı baxımdan olsaydı, ciddi faydası mümkün idi:

“Amma 2018-ci ildə 2017-ci illə müqayisədə Azərbaycanda turizm gəlirləri 500 milyon dollar azalıb. Məntiqlə azalmamalıydı. Normalda bu cür tədbirlər bir il üçün hesablanmır, belə tədbirlərdə ölkənin təqdimatı olur və turistlərin gəlişi davam edir. Önəmli olan idman, yaxud musiqi yarışına gələnlər növbəti il də turist kimi gələcəkmi? Amma biz onu görürük ki, 2017-ci ildə xarici turistlərdən 3,1 milyard dollar qazanc olmuşdu, 2018-ci ildə 500 milyon dollar düşdü. Onda keçirilən tədbirlərin faydası nə oldu? Məsələyə bu cür yanaşmağın tərəfdarıyam. Yəni təqdimat ölkəyə davamlı pul gətirmirsə, deməli, qoyulan vəsait itirilib”.

​Rəsmilər nə deyirdi?

Prezidentin köməkçisi Əli Həsənov bu günlərdə yazdığı məqalədə Formula 1 yarışmasının faydalarına toxunmuşdu.

Əli Həsənov, 5 mart 2014
Əli Həsənov, 5 mart 2014

Əli Həsənov bildirmişdi ki, Formula 1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir:

“ Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı vardır. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır, yarışlar yaxınlaşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür...”

Prezidentin köməkçisi sonra da yazırdı ki, 2018-ci ildə “Formula 1” Azərbaycan Qran- prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib:

“...Statistikaya əsasən, 2016-cı ildə bu yarışlara 5 min, sonrakı illərdə isə 3 min könüllü cəlb edilib. Sevindirici haldır ki, gənclərimiz könüllülük hərəkatına böyük həvəslə qoşulur və ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 min nəfəri ötüb. Onu da qeyd etmək istərdim ki, Formula 1-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında da ildən-ilə ciddi artım müşahidə olunur. Builki yarışmanı izləmək üçün 78 ölkədən avtoidman həvəskarı Azərbaycana təşrif buyurub”

Ə.Həsənov “PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı araşdırmanın nəticələrini əsas gətirərək yazıb ki, ilk iki “Formula 1” yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Yəni onun fikrincə, yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib.

Xatırlatma

Formula 1, Bakı
Formula 1, Bakı

Azərbaycanda Formula-1 yarışları 2016-cı ildən keçirilir.

Razılaşmaya əsasən, Azərbaycan bu yarışlara hələ 2023-cü ilə qədər ev sahibliyi edəcək.

Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır. Bu da müxalifətin tənqidlərinə səbəb olub.
Aprelin 28-i Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sonuncu günüdür.Yarış apreıin 26-da başlayıb. Qalib bu gün, aprelin 28-də müəyyən ediləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG