Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:53

Formula-1-in Azərbaycanda keçirilməsinə iki fərqli baxış


Formula-1
Formula-1

Azərbaycan Prezidenti İlham Əliyev dünən, dekabrın 25-də qatıldığı ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında bir sıra məsələlərdən bəhs edib. O, habelə düz 4 ildir Azərbaycanda keçirilən Formula-1 yarışlarını da dəyərləndirib.

Dövlət başçısı deyib ki, Formula-1 yarışının ölkə üçün çox böyük faydası var. «Birincisi, Formula-1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula-1 yarışı ölkəmizə böyük iqtisadi dividentlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir...», - AZƏRTAC-ın xəbərinə görə, prezident qeyd edib.

«Birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artıb»

Prezidentin deməsinə görə, Formula-1-dən sonra Azərbaycana kütləvi turist axını başlayıb: «Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il, artıq 11 ayda 11 faiz artmışdır. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir...».

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin rəhbəri, iqtisadçı Azər Mehtiyev isə Azadlıq Radiosuna deyib ki, bu məsələ əslində ciddi araşdırma tələb edir. Onun sözlərinə görə prezidentin səsləndirdiyi göstəricilər indiyə kimi ictimaiyyətə açıqlanmayıb:

A.Mehtiyev
A.Mehtiyev

«Proses şəffaf deyil»

«İndiyə kimi bu yarışlarda hər il xaricdən alınan biletlərin artım dinamikası, xaricdən biletləri alanların kimlikləri, həqiqətən xaricdə olan və buna görə bura gəlməyə maraqlı olan turistlər barədə hesabat verilməyib. Yəni, bilirik ki, bu yarışları təşkil edənlər dinamika qurmaq üçün hesabat verməlidirlər. Ola bilər ki, bu biletlərin pulları Azərbaycan tərəfindən ödənilir, kimlərsə xaricdən dəvət olunurlar. Bu baxımdan, proses şəffaf deyil».

A.Mehtiyev hesab edir ki, müstəqil mənbələrin də bu məsələlərlə bağlı araşdırma aparmaq imkanı yoxdur: «O baxımdan bir çox hallarda biz bu cür səsləndirilən fikirlərin əsasında mövqe bildirməyə məcbur qalırıq. Bu baxımdan vəziyyəti dəyərləndirmək o qədər də asan deyil».

«Özünü doğrultmur»

A.Mehtiyev vurğulayıb ki, bu yarışlar Bakının mərkəzində, şəhərin tarixi məkanlarına yaxın yerlərdə keçirilir. O hesab edir ki, neçə illərdir bu yarışlara dövlət büdcəsindən böyük həcmdə pullar ayrılır, amma özünü doğrultmur: «Bir baxsınlar təşkilatçılar ki, xarici ölkələrdə bu yarışlar necə təşkil edilir».

A.Mehtiyev qeyd edib ki, həqiqətən bu yarışların Azərbaycana verdiyi iqtisadi faydanı müəyyən etmək çox vacibdir. Amma onun fikrincə, bu analizləri aparmaq imkanı olmadığından dəqiq qiymət vermək çətindir.

Formula 1-in Azərbaycana faydası nədir? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Xatırlatma

2016-cı ildən Azərbaycanda Formula-1 yarışları keçirilir. Hökumət bu yarışların təşkilinə ayrılan vəsaitin dəqiq məbləği ilə bağlı hesabat vermir.

Yarışların Azərbaycanda 5 il keçiriləcəyi gözlənirdi. Amma bu ilin əvvəlində Formula-1 Qran Pri yarışlarının növbəti 3 ildə də Azərbaycanda keçiriləcəyi açıqlanıb. Bundan ötrü Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov və Formula-1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri arasında saziş imzalanıb.

Azərbaycan müxalifəti isə bu yarışların Bakıda keçirilməsini istəmir. Onlar deyirlər ki, həmin yarışlara ayrılan pullar əhalinin sosial problemlərinə sərf edilməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG