"FlyDubai" aviaşirkətinin sentyabrın 30-da təyyarəni ələ keçirməyə çalışan ikinci pilotu Təl-Əvivə çataraq təyyarəni Ben-Qurion hava limanının terminalına çırpmağı planlaşdırıb. Bu haqda İsrail mediası istintaqa yaxın mənbələrə istinadla yazır.
Oman vətəndaşı olan pilot Həmmam əl-Həmmami müstəntiqlərə bildirib ki, təyyarənin kapitanını öldürərək və ya hərəkətsiz vəziyyətə salaraq idarəetməni ələ keçirmək, daha sonra isə uçuşu davam etdirmək niyyətində olub. Bu, ona yerüstü xidmətlərdə şübhə yaratmadan Təl-Əvivə çatmağa və dispetçerlərdən eniş icazəsi almağa imkan verəcəkdi. Daha sonra o, təyyarəni hava limanına, bu mümkün olmasa, Təl-Əvivdəki çoxmərtəbəli binalardan birinə çırpmağı planlaşdırıb.
Əl-Həmmami deyib ki, çoxdan belə bir planı olub, məhz onu həyata keçirmək üçün İsrailə uçuşlar yerinə yetirən aviaşirkətdə işə düzəlib. O, "FlyDubai" ilə artıq bir neçə dəfə Təl-Əvivə uçaraq, hücumu daha detallı planlaşdırmaq üçün Ben-Qurion hava limanının terminalını və uçuş sahəsini diqqətlə nəzərdən keçirib. Əl-Həmmami terror aktını hələ iyulda törətməyə hazırlaşsa da, həmin reysə dostu olan bir pilotla birlikdə təyin edildiyinə görə fikrindən daşınıb.
CBS-in məlumatına görə, əl-Həmmami əvvəllər "Oman Air" aviaşirkətində işləyib və ekstremist baxışlarına görə 2024-cü ildə işdən çıxarılıb. Səkkiz ay əvvəl isə o, "FlyDubai"da işə düzəlib. Görünən odur ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aviaşirkətinin daxili təhlükəsizlik xidməti onun keçmişini yetərincə diqqətlə yoxlamayıb.
Hazırda əl-Həmmami BƏƏ-də həbsdədir. Onu BƏƏ və Səudiyyə Ərəbistanının müstəntiqləri dindirirlər. Onlar əldə etdikləri ilkin məlumatları israilli həmkarları ilə bölüşürlər. İstintaqın qənaətinə görə, əl-Həmmami təkbaşına hərəkət edib və hər hansı terror təşkilatı ilə birbaşa əlaqəsi olmayıb.
Hadisə necə baş verib
Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "FlyDubai"ın 1073 saylı reysində ikinci pilot olan əl-Həmmami təyyarənin kapitanı, Hindistan vətəndaşı Smit Maççhara hücum edib. Təyyarədə 182 nəfər olub, sərnişinlərin əksəriyyəti İsrail vətəndaşları idi.
İdarəetmədən çıxan təyyarə sürətlə hündürlük itirməyə başlayıb. Maççhar ağır yaralanmasına baxmayaraq, pilot kabinəsinin qapısını aça bilib. Dava səsini eşidən sərnişinlər kabinəyə daxil olaraq hücum edəni zərərsizləşdirib, qulaqcıq naqilləri ilə bağlayıblar. Onlar yaralı kapitan Maççhara ilkin yardım göstəriblər, sərnişinlərdən biri təyyarənin uçuşunu sabitləşdirə bilib. Sonradan o, televiziyada aviasiya haqqında verilişlərə tez-tez baxdığını deyib.
Daha sonra sərnişin qismində uçan digər iki "FlyDubai" pilotu təyyarəni Səudiyyə Ərəbistanının Təbuk hava limanına endiriblər. 174 sərnişin və səkkiz heyət üzvü sağ qalıb. Təyyarənin kapitanı xəstəxanaya yerləşdirilib, əl-Həmmami isə həbs olunub. Sərnişinlər sonradan "FlyDubai"ın başqa təyyarəsi ilə İsrailə çatdırılıblar.