Kiprli türk rejissor Derviş Zaimin "Flaşbellek" (Fləşkart) filmi ABŞ-da "Ən yaxşı xarici film" nominasiyasında Nyu-York Müstəqil Kino Mükafatına layiq görülüb. Derviş Zaim, eyni zamanda, filmin ssenari müəllifidir.
Saleh Bakri, Ali Süleyman, Sara əl-Debux və Husam Çadat kimi ərəb kinosunun tanınmış simaları Suriya müharibəsi haqqında olan bu filmin çəkilişində iştirak ediblər.
11 min foto
Filmin yaradıcıları bir suriyalı ordu zabitinin rejimin mülki şəxslərə və öz əleyhdarlarına qarşı zorakılıqlarını əks etdirən 11 min fotonu ələ keçirib çıxarmasından ilhamlanıblar.
Bomba hücumu nəticəsində nitq qabiliyyətini itirən Ahmet münaqişədə ölən insanların fotosunu çəkib qeydiyyata alan hərbi bölümdə işləməyə başlayır. Bununla onun bütün həyatı dəyişir.
Gördüklərini dünyaya çatdırmaq, qanlı müharibədə ilişib qalan insanların səsi olmaq ehtiyacı duyan baş qəhrəman özünü və həyat yoldaşını qorumaqla insanlıq qarşısında borcunu yerinə yetirmək arasında seçim etməyə məcbur olur. Bu, həm də Suriyadan Türkiyəyə uzanan bir köçkünlük hekayəsidir.
Filmin operatoru çoxsaylı mükafatlara layiq görülmüş yunan rejissor Andreas Sinanosdur. Filmin redaktoru isə türkiyəli Aylin Zoi Tinel, musiqisinin müəllifi isə tanınmış pianoçu Marios Takuşisdir.
Filmin çəkilişləri Türkiyənin cənub-şərq bölgəsi olan Qaziantəp və Anadolunun mərkəzi hissəsində yerləşən Konya əyalətlərində tamamlanıb. Çəkilişlər 2019-cu ildə başa çatıb.
Axan qanı dayandırmaq üçün...
Derviş Zaimin veb səhifəsində rejissorun bu cümlələri yer alıb: "Suriyadakı insanlıq dramı, yarım milyonu aşan ölümə rəğmən, şiddətini qoruyaraq davam edir. Bu layihə ölkədə axan qanı dayandırmaq üçün öz həyatını riskə atan bir insandan bəhs edir".
"TRT Haber" yazır ki, TRT-nin iştirakı ilə çəkilən filmlər ümumilikdə dünyanın müxtəlif yerlərində keçirilən festivallardan 150-dən çox mükafat qazanıb. Bu mükafat rejissor Derviş Zaimin "Flaşbellek" filmi üçün layiq görüldüyü ilk mükafat deyil. Bundan əvvəl film ABŞ-ın Arizona ştatında keçirilən 27-ci Beynəlxalq Sedona Film Festivalının "Rejissorların seçimi" kateqoriyasında "Ən yaxşı xarici film" mükafatına layiq görülmüşdü.
""Flaşbellek" yalnız köçlə maraqlanmır"
"Komanda olaraq ortaq bir ruh yarada bildik. Çox işlədik. İnsan işləyəndə, məsuliyyətini, vəzifəsini yerinə yetirəndə alınır – mən buna inanıram. Komanda heç də asan olmayan işin öhdəsindən gəldi. Çəkilişdə iştirak edən bütün heyətə təşəkkür edirəm. Suriya müharibəsi bizə çox təsir edib. Düşünürəm ki, Türkiyə kinosunda bununla bağlı ciddi bir iş görülməsi lazımdır. "Flaşbellek" yalnız köçlə maraqlanmır. Bu, geniş diapazonda bir çox mövzunu əhatələyən bir film oldu. Dünyada da türk kinosuna ciddi bir maraq var", – Derviş Zaim "TRT Haber" kanalına müsahibəsində deyib.
Derviş Zaim filmlə bağlı başqa bir müsahibəsində çəkilişlərə hazırlıq dövründən danışmış, Suriyadan qaçan çox sayda qaçqının hekayəsini dinlədiyini, evlərində qonaq olduğunu demişdi.
"Flaşbellek" filminin festival dövrünü tamamladıqdan sonra 2022-ci ildə tamaşaçı auditoriyası qarşısına çıxarılması planlaşdırılır. Hələliksə, filmin festivallarda iştirakı davam edir. "Flaşbellek"in göstəriləcəyi növbəti festival Daşkənd Film Festivalı olacaq. Festivalın bu ayın sonunda baş tutacağı gözlənilir.