Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Cərimələrdən pay alanlar artır


Bitkilərin mühafizəsi, karantin, baytarlıq qaydalarının pozulmasına görə, tətbiq edilən cərimələrdən müvafiq icra hakimiyyəti qurumlarının əməkdaşlarına da pay düşəcək. Qanunvericiliyə bununla bağlı əlavələr ediləcək.

Milli Məclisin aqrar siyasət komitəsinin oktyabrın 1-də keçirilmiş toplantısında “Fitosanitar nəzarəti haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə edilib. Bu haqda Milli Məclisin məlumatında bildirilir.

Komitənin sədri Eldar İbrahimov bildirib ki, qanun layihəsi ölkədə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlaması ilə əlaqədardır.

Baytarlıq, fitosanitar nəzarəti və yeyinti məhsulları haqqında qanunlara edilən əlavə bu qurumun işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Adı çəkilən qanunların tələbləri pozulduğu hallarda İnzibati Xətalar Məcəlləsinə əsasən Qida Təhlükəsizliyi Agentliyinin tətbiq edəcəyi cərimələrdən toplanan vəsaitin 50 faizi bu qurumun öz hesabına köçürüləcək.

Deputatlar layihəni bəyənib, parlamentin plenar iclasına tövsiyyə ediblər.

Xatırlatma

Toplanan cərimələrin bir hissəsinin həmin cəriməni tətbiq edən qurumların hesabına köçürülməsi qaydası Azərbaycanda bir neçə ildir ki, həyata keçirilir.

Bir neçə il əvvəl yol polisi əməkdaşlarına münasibətdə bu qaydanın tətbiqinə başlanılıb. Yol hərəkəti qaydalarının pozulmasına görə, tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi Baş Dövlət Yol Polisi əməkdaşlarının vəzifə maaşlarına əlavə kimi ödənilir.

Vergi ödəyicilərinə tətbiq olunan maliyyə sanksiyası da Vergilər Nazirliyinə çatır. Nazirlik həmin pulun 50 faizini əməkdaşların maaşına yönəldir.

XS
SM
MD
LG