Britaniyada mənzillənmiş Legatum Institute (Leqatum İnstitutu) analitik mərkəzi 2021-ci il üçün Firavanlıq İndeksini (Prosperity Index) açıqlayıb.
Hesabatın gəldiyi nəticəyə görə qlobal firavanlıq – xoşbəxt, səviyyəli və imkanlı yaşayış ikinci ildir ki, durğunlaşıb.
Hesabatda onu hazırlayan analitik mərkəzin mənzilləndiyi yer – Britaniyadan da söz açılır.
Leqatum İnstitutunun özü Breksityönlü (Avropadan ayrılmaq tərəfdarı) olsa da onun gəldiyi nəticə məhz Breksitdən – yəni 2016-cı ilin Avropa referendumundan sonra ölkənin firavanlıq indeksində üç pillə, 10-cu yerdən 13-cü yerə gerilədiyini göstərir.
Amma hesabatda deyilir ki, ümumən firavanlıqda geriləyən təkcə Britaniya yox, dünyadır. Hesabat bunu əsasən COVID-19 pandemiyasının “sağlamlıq və iqtisadiyyata” mənfi təsiri ilə əlaqələndirir.
Siyasi hesabatlılıq
Lakin bu da qeyd olunur ki, qlobal firavanlığın yavaşıması təkcə pandemiya ilə yox, həm də “siyasi hesabatlılığın aşılanması” ilə müşayiət olunub.
Hesabatda deyilir ki, bütün dünya üzrə Britaniya da daxil 64 ölkədə 2018-ci ildən bəri “siyasi hesabatlılıq” tənəzzül edib.
Çünki hesabatın kriteriyalarına görə “firavan cəmiyyətlərdə hakimiyyət təsisatları təmiz davarır, vətəndaşlara hesabtlı olur və qanunun aliliyini rəhbər tuturlar”.
Hesabtının əhatə etdiyi 167 ölkədən 147-də ÜDM-də azalma qeydə alınıb. 2019-2020-ci illərdə 158 ölkədə işsizlik artıb.
İndeksdən bu da görünür ki, qlobal rifahın pisləşməsində əsas rolu dünyanın ənənəvi olaraq iki firavana regionu – Şimali Amerika və Qərbi Avropanın göstəriciləri oynayıb.
Hesabatda deyilir ki, 2021-ci il ərzində 116 ölkə “idarəçiliyin zəifləməsinə” doğru meyllənib. Bu sahədə ən böyük geriləmə Şimali Amerika, Yaxın Şərq və Şimali Afrika regionlarında qeydə alınıb.
Qərbi Avropanın 20 ölkəsindən 13-də idarəçilik sistemi zəifləyib.
Hesabatda deyilir ki, ifadə və sərbəst toplaşma azadlığı dünyanın 100 ölkəsində geriləyib və bu faktoru 2019-cu ildən başlanan pandemiya son dərəcə mənfi təsirləndirib.
Hesabat müəlliflərinin gəldiyi qənaətə görə firavanlıq indeksi yüksək olan ölkələrdə hökumətlər qərarlarını şəffaf şəkildə qəbul edir, vətəndaşların azadlıqlarına ehtiram göstərilir.
Ümumilkdə isə qlobal firavanlıq indeksinə görə ilk onluğa Danimarka, Norveç, İsveç, Finlandiya, İsveçrə, Niderland, Lüksemburq, Yeni Zelandiya, Almaniya və İslandiya daxildirlər.
Ən az firavan ölkələrin onluğunda isə Suriya, Sudan, Konqo, Somali, Eritrea, Əfqanıstan, Çad, Yəmən, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan var.
Şərqi Avropada Azərbaycan…
Bu da qeyd olunur ki, Şərqi Avropanın 23 ölkəsindən 14-də son 10 ildə siyasi hesabatlılığın pisləşməsi baş verib.
Hesabata görə bu 23 ölkənin arasında Azərbaycan ən az rifahı olan ölkədir. Bu da qeyd olunur ki, Azərbaycanda zəif idarəçilik və təbii mühitlə yanaşı şəxsi azadlıqlar da zəifdir. Xatırladılır ki, Azərbaycan sərbəst toplaşma azadlığına görə 153-cü, ifadə azadlığı və informasiyaya girişə görə 158-ci yerdədir.
Azərbaycan 2021-ci ilin qlobal rifah indeksində 167 ölkə arasında 86-cı pilləni tutub.
Bu isə o deməkdir ki, ölkə ötən illə müqayisədə 6 pillə geriləyib.
Hesabata görə siyasi göstəricilərindən fərqli olaraq Azərbaycanın iqtisadi göstəriciləri xeyli müsbətdir.
Rəqəmlər Azərbaycanın investisiya mühitinin yaxşılaşmasında 25 pillə qalxaraq 63-cü yeri tutduğunu göstərir.
Azərbaycan həm də infrastruktur və bazara çıxış sahəsində 17 pillə yüksələrək 71-ci yeri tutub.
Azərbaycan yaşayış şəraitinin yaxşılaşmasına görə də 28 pillə qalxaraq 63-cü yeri tutub. Ölkə təbii mühit faktorunu da 12 pillə yaxşılaşdırıb, amma ümumən 152-ci pilləni tutur.
və qonşuları…
Hesabatda Azərbaycanın qonşularına aid göstəricilər də var. Ötən il Azərbaycanla 44 günlük müharibədə olmuş Ermənistan Qlobal Firavanlıq İndeksində 20 pillə qalxaraq 55-ci yeri tutub. Bu da qeyd olunur ki, ölkədə 2011-ci ildən bəri cinayətkarlıq əhəmiyyətli şəkildə azalıb.
Bundan başqa Ermənistan şəxsi azadlıqlar sahəsində 29 pillə qalxaraq 77-ci olub. Ermənistan idarəçiliyin yaxşılaşdırılması sahəsində 41 pillə qalxaraq 62-ci olub.
Ermənistan habelə sahibkarlıq mühitinə görə sıçrayışlı tərəqqi edib, 44 pillə qalxaraq 48-ci olub.
Ermənistan sahibkarlıq mühitinin yaxşılaşması sahəsində 2011-ci ildən bəri 119-cu yerdən 59-cu yerə qalxıb. Bu, bütün dünya üzrə ən yaxşı göstərici sayılır.
Ermənistan investisiya mühitinə görə 58-ci, sahibkarlıq şəraətinə görə 48-ci, həyat səviyyəsinə görə 69-cu, şəxsi azadlıqlara görə 77-ci yerdədir.
Ermənistan Qlobal Firavanlıq İndeksində 55-ci yeri tutub.
Bu indeks üzrə 53-cü yeri tutan Gürcüstanın hesabatda xüsusi olaraq son on ildə internetə girişi heyrətamiz şəkildə yüksəltməsi qeyd olunur. Bu müddət ərzində internetdən istifadə edən Gürcüstan əhalisinin faizi 20-dən 70-ə qalxıb.
Gürcüstan idarəetməyə görə 50-ci, investisiya mühitinə görə 44-cü, sahibkarlıq şəraitinə görə 56-cı, yaşayış səviyyəsinə görə 84-cü, şəxsi azadlıqlara görə 60-cı yerdədir.