Keçid linkləri

2026, 17 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:20

Helsinki və Vaşinqton ABŞ ordusuna Finlandiya hərbi bazalarına giriş verən saziş imzaladılar

Finlandiyanın müdafiə naziri Antti Hakkanen
Finlandiyanın müdafiə naziri Antti Hakkanen

Finlandiya dekabrın 18-də Birləşmiş Ştatlarla hərbi əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalayıb.

Bundan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Finlandiyanın NATO üzvlüyünə qəbulu ilə bağlı sərt bəyanat vermişdi.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen Vaşinqtonda imzalama mərasimindən sonra deyib ki, bu sənəd ABŞ-ın Finlandiyanın və bütün Şimali Avropanın təhlükəsizliyinə sadiqliyini ehtiva edir.

Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, Müdafiə Əməkdaşlığı Sazişi adlanan bu sənəd Finlandiya və ABŞ arasında ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək.

Nazir vurğulayıb ki, Vaşinqton və Helsinki arasında ikitərəfli müdafiə əməkdaşlığını əks etdirən bu sənəd Finlandiyanın NATO üzvü kimi təhlükəsizlyinin qarantiyasını daha da artıracaq.

“Tarixi an” və ya “Finlandiyanın “NATO-ya töhfəsi”

ABŞ dövlət katibi Antoni Blinken bu sənədin imzalanmasını “tarixi an” və Finlandiyanın NATO-ya “böyük töhfəsi” adlandırıb.

Blinken əlavə edib ki, Finlandiya indi Ukraynada baş verənləri hər kəsdən yaxşı başa düşür.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen deyib ki, Helsinki Vaşinqtonla 1990-cı illərdən əməkdaşlıq edir və bu əməkdaşlıq olmasaydı bugünkü imzalanma da olmazdı.

Bu razılaşma ABŞ-a Finlandiya boyunca hərbi qurğu və bazalara giriş verir.

Bunun sayəsində ABŞ Finlandiyanın müdafiə avadanlığını modernləşdirəcək, hərbi bazaları lazımi materiallarla təchiz edəcək.

Razılaşma habelə ABŞ gəmilərinə, təyyarə və zirehli texnikasına bu bazalara giriş hüququ verir.

Bu sazişdə Finlandiyanın uzaq şimalındakı Laplandiya bölgəsi xüsusi olaraq qeyd edilir.

Söhbət hansı bazalardan gedir?

Sazişə habelə Finlandiyanın 15 hərbi bazasından 5-i daxil edilib. ABŞ silahlı qüvvələri bu hərbi bazalardan istifadə hüququ əldə edib.

Bu beş bazadan biri də Qərbi Avropada ən böyük hərbi təlim poliqonu olan Rovayarvidir. Bu təlim mərkəzinin sahəsi 1070 kvadrat kilometrdir və 3500 əsgərin iştirakilə manevrlərin keçirilməsinə imkan verir.

Sazişə habelə Laplandiya Hərbi Hava Komandanlığının bazası və Rovaniyemidəki Cager Briqada Qarnizonu (Jaeger Brigade Garrison) daxildir. Filandiyanın F-18 qırıcı donanması bu bazada yerləşir və yaxın gələcəkdə təkmil F-35 təyyarələri də bura gətiriləcək.

Sənəddə habelə ölkənin ən şimal nöqtəsindəki İvalo sərhəd qoşunları bazasının adı çəkilir. Bu baza Rusiya sərhədinin 50 kilometrliyindədir.

Finlandiya-ABŞ hərbi sazişindən bir neçə gün əvvəl Vaşinqton İsveçlə belə bir əməkdaşlıq sazişi imzalayıb.

Xəbərdə bu da qeyd olunur ki, Norveç, Finlandiya və İsveç Rusiya ilə sərhəddə özləri üçün müəyyən məhdudiyyətlər tətbiq edirlər. Rusiya tərəfi bu məhdudiyyətlərə heç vaxt qarşılıq verməyib.

Məhz bu səbəbdən bu məhdudiyyətlərin tezliklə ləğv olunacağı gözlənilir.

XS
SM
MD
LG