Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 06:52

Azərbaycanlı filosofun Almaniyada iki kitabı çapdan çıxıb


Niyazi Mehdi AzadlıqRadiosuna müsahibə verir, (jurnalist İlqar Rəsul) 08 noyabr 2012
Niyazi Mehdi AzadlıqRadiosuna müsahibə verir, (jurnalist İlqar Rəsul) 08 noyabr 2012

Almaniyanın “Palmarium-publishing” nəşriyyatı prof. Niyazi Mehdinin «Ortaçağ müsəlman mədəniyyəti: gizlinlərin fəlsəfəsi və bilinənlərin estetikası» və «Bükük diskurslar – hər nəsnə haqqında» kitablarını çap edib

Elmi rəqabətdə nəyə örnək davranış demək olar? Tanınmış filosof və ictimai xadim prof. Niyazi Mehdi əsərini və ölkəsini xaricdə tanıtmaq istəyən Azərbaycan alimlərinə həmin sualın cavabını verib. Onun bu cavabı AzadlıqRadiosunun “İz” proqramına müsahibəsində əksini tapıb.

Facebook statusunuzda “elmi çevrələr bu imkanı bilsinlər” demişiniz. Söhbət hansı imkandan gedir, Niyazi bəy?

-Ötən il dostum, tanınmış filosofƏli Abbasov mənə Almaniyada fəaliyyət göstərən və geniş əhatə dairəsi olan “Palmarium-publishing” nəşriyyatından söz açmışdı. O, Avropa dillərində kitab çap edən bu nəşriyyatda özünün də bir kitabının çıxdığını söyləmişdi. Yeri gəlmişkən,prof. Əli Abbasovun bu davranışı elmi rəqabətdə başqalarına qısqanc yanaşanlara və uğur sirlərini gizlədənlərə görk bir davranışdır. Mən də onu örnək götürüb həmin məlumatı Facebook-da yaydım ki, elmi çevrələr bu imkanı bilsinlər.

Niyazi Mehdinin kitabı
Niyazi Mehdinin kitabı

Beləcə, orada sizin də kitablarınız nəşr olundu. Hansı kitablardan söhbət gedir?

-Almaniya nəşriyyatında ard-arda çıxan 2 kitabım rus dilindədir: «Ortaçağ müsəlman mədəniyyəti: gizlinlərin fəlsəfəsi və bilinənlərin estetikası», «Bükük diskurslar – hər nəsnə haqqında». Onu da deyim ki, birinci kitabı 1996-cı ildə əziz tələbəm və dostum Şahbaz Xuduoğlu da çıxarmışdı. O vaxt çıxarmışdı ki, onu çıxarmağa nə pulum vardı, nə də ümidim. Hərçənd, kitabın yenilik dərəcəsi yüksək idi. Neçə-neçə istedadlı müəllifin kitablarında ondan sitatlara rast gəlmişəm. Orada dünyada ilk dəfə semiotik və struktur metod əsasında müsəlman mədəniyyətini çox yöndən modelləşdirmişəm. Onacan mənə bəlli olan dillərdə bir-iki məqalə vardı ki, İslam dünyası haqqında hansısa semiotik ideyanı tətbiq etmişdi. Kitabı mən 80-ci illərdə yazmışdım. İndi semiotika elmdə artıq xeyli populyarlaşıb, ancaq hələ də Azərbaycan mədəniyyətinin semiotikasından monoqrafik araşdırmaya rast gəlməmişəm.

Çox qısaca 2-ci kitab haqqında nə demək olar?

-İkinci kitabımın həm məzmununu, həm də janrını orijinal sayıram. Orada 1980-ci illərdən bəri yazdığım məqalələrin, kitabların, təxminən, 40 faizindən rezüme prinsipiylə qısa mətnə (diskursa) sıxdığım ideyaları toplamışam. Ruscaya özüm çevirmişəm. Redaktəsində mənə kömək etmiş Əli Abbasova, qardaşım Mehdi Mehdiyevə, Sonaxanım Abdullayevaya və xanımım Dilarə Mehdiyə necə «sağ ol» deməyim?! Düzü, kitabda ideyaların tarix prinsipində yox, mövzu prinsipində düzənləməsini oğlum Ştefan Rula mənə məsləhət vermişdi, ona da «sağ ol» düşür.Özü də «əla fikirlərdir!» deməklə onlar məni ruhlandırmışdılar. 125 səhifəlik bu kitabda mənim fəlsəfə, din, kulturologiya, siyasət, dil və s.-lə bağlı yeni düşüncələrim toplanıb. Kitabın Azərbaycan variantı iki dəfə böyükdür, hərçənd, orada yazdıqlarımın, təxminən, 70 faizini əhatə etmişəm. Yerdə qalanlarını tapıb yığmağa, düzü, bir az tənbəlliyim mane oldu. Əgər onu da çap edə bilsəm, bəlkə, əhatəni bir az da genişlədərdim.

Niyazi Mehdi, 8 noyabr 2012
Niyazi Mehdi, 8 noyabr 2012

“Yenilik iddiası olan alim həmkarlarıma sözüm var” demisiniz. Nə dir o sözünüz?

-İlk sözüm o nəşriyyatın varlığını xəbərləməkdir. Ən başlıcası isə, axırıncı kitabımla bağlı həmkarlarıma bir məsləhət verim. Əgər elmi araşdırmalarınızla bağlı yenilik iddianız varsa, onları gələcək nəsillərdən ötrü özünüz toplayın. Axı sonra kim bununla sizin kimi məşğul ola biləcək? Bu müraciətim Rəhman Bədəlova, Əli Abbasovun özünə, Kamal Abdullaya, Aydın Talıbzadəyə, Nizami Cəfərova, Rüstəm Kamala və başqa parlaq intellektuallırımıza aiddir.

Kitablarımı sifariş etmək istəyənlərsə bu sayta üz tuta bilərlər:

XS
SM
MD
LG