Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:56

Lars von Trier film çəkmək qorxusundan danışır


Rejissor Lars von Trier və Björk
Rejissor Lars von Trier və Björk

‘Bəzən içkidən başqa heç nə kömək etmir’

Lars von Trier-in yeni “Cekin tikdiyi ev” (“The House That Jack Built”) filmi dekabrın 14-də ekranlara çıxmalıdır.

Filmdə Matt Dillon-un oynadığı psixopat öz qətllərini incəsənət, qurbanlarının cəsədlərini isə ayrı-ayrı instalyasiyalar kimi görür. Jack amansızcasına öldürür və əməlləri cəzasız qalır. Filmdə günəşli çəmənlikdə kütləvi atışmadan tutmuş, ağzına qədər dolu mənzilin içində zorlamaya və balaca oğlanın ördəyin ayağını kəsməsinə qədər çoxlu zorakılıq səhnəsi var. Von Trier-in ssenarisi bilərəkdən zorakıdır. Onun məqsədi sizin fikrinizi özündə saxlamaqdır.

The Guardian qəzetinin müxbiri Xan Brooks bu ilin mayında Kannda Lars von Trierdən müsahibə alıb.

“Tamaşaçını şoka salan zorakılıq səhnələri ilə tanınan danimarkalı rejissor artıq ciddi fiziki və emosional yorğunluq keçirir. Onun içkiyə meyli və yaşadığı depressiya da öz işini görür.

Barmaqlarında “F*CK” sözü döyülüb. Əlləri əsir. Tez-tez nədən danışdığını unudur. Von Trier əllərinin əsməsini antidepressantlarla əlaqələndirir, ancaq bu, içkisiz qalmaqdan da ola bilər. Bu günlər o içməməyə çalışır. “Ancaq Kannda olub içki içməmək çətindir”, - o deyir.

“MƏNİ QORXUTMAQ ASANDIR”

Kann bu vaxtadək von Trier-in ən böyük qələbələrinə və ən dəhşətli məğlubiyyətlərinə şahidlik edib. O, island müğənnisi Bjork-un iştirakı ilə çəkdiyi “Qaranlıqda rəqs edən” (“Dancer in the Dark”) filminə görə Qızıl Palma mükafatı da alıb, qalmaqallı “Məsihə zidd” (“Antichrist”) filmi ilə səs-küy də yaradıb. 2011-ci ildə keçirdiyi mətbuat konfransında isə Hitlerə rəğbətlisi olduğunu deyib. Festivalın təşkilatçıları onu qovub, Danimarka polisi isə haqqında araşdırmaya başlayıb.

“Lars daim yetkin adamları cırnadaraq bu oyunu oynayır. O günə qədər də heç kim ona heç nə deməmişdi…” – von Trier-in dostu, kinorejissor Thomas Vinterberg deyir.

O zaman von Trier həqiqətən də həbs ediləcəyinə inanmışdı. “Məni qorxutmaq asandır. Əminəm ki, yerli polisin iki əməkdaşı sizin də qapınıza gəlib əllərinizi qandallayıb kameraya aparacaqları ilə hədələsələr, siz də qorxardınız. Bu, doğrudan da ağır cəza idi. ..Mən onların məni öldürəcəklərini düşünmürdüm. Ancaq bu çətin idi”, - von Trier deyir.

Von Trier su stəkanını ağır mebel qaldırırmış kimi qaldırır. Əlləri əsir, su tökülür. …Onun cəmi 62 yaşı var, ancaq 80 yaşlarındakı kimi hərəkət edir.Sağlamlığının üzərində işlədiyini deyir: “Mən alkoqolizmin üzərində işləyirəm. Bir dəfə səkkiz ay içmədim, yenidən ona qayıdacağam. Ancaq lazım olanda istifadə etdiyim içki “aləti” var. Qorxu hücumu çox güclü olanda ondan başqa heç nə kömək etmir”.

Von Trier tez-tez öz filmlərinin məzmunundan başqa həyatda hər şeyin onu qorxutduğunu deyir. Onun sözlərinə görə, film çəkmək ona cinləri hürkütməyə, qaranlıq küncləri işıqlandırmağa kömək edir. Onun ən yaxşı filmləri, “İtlər şəhəri” (“Dogville”), “Məsihə zidd”, “Maymaqlar” (“The Idiots”) insanın bütün sinirlərini tarıma çəkir. İşin qorxulu tərəfi odur ki, həmin cinlər və qaranlıq bəzən real həyata sıçrayır.

“ƏNDRƏBADİ” REJİSSOR

Aktrisa Helena Bonham Carter “Dalğaları yararkən” (Breaking the Waves) filmində baş roldan imtina edib. O deyib ki, rejissor “bir az əndrəbadidir”. Paul Bettany “İtlər şəhəri”nin çəkilişini o qədər ağır keçirib ki, hələ də filmə baxmaqdan imtina edir. Bettany deyir ki, von Trier hər şeyə nəzarət etməyə çalışan avtokratdır. “O, əla rejissordur. Ancaq aktyorun nə düşündüyü onu qətiyyən maraqlandırmır”.

Nicole Kidman
Nicole Kidman

Rejissor çəkiliş meydançasından kənarda da problem yaşayır. Bu yaxınlarda Danimarka polisi ona qarşı “Zentropa” adlı film şirkətində cinsi qısnama iddialarına görə araşdırmaya başlayıb. İddialara görə, şirkətin həmtəsisçisi Peter Aalbæk Jensen gənc təcrübəçilərə qarşı nalayiq hərəkətlərə yol verib.

Von Trier bu məsələdə özünü kənardan baxan məsum şahid kimi aparır. Ancaq onun özü ilə bağlı da maraqlı iddialar var. Ötən il Björk ad çəkmədən “Qaranlıqda rəqs edən” filminin çəkilişi zamanı bir nəfərin onu qısnadığını deyib. Müğənni “qrafik təsvirlərlə… istənməyən cinsi təkliflər” aldığını bildirib. Von Trier belə bir hərəkətə yol verdiyini inkar edib. Bundan başqa, onun bir dəfə Nicole Kidmanın qarşısında lümlüt soyunduğu da deyilir.

Rejissor obsessiv-kompulsiv pozğunluqdan əziyyət çəkdiyini, fiziki vəziyyətinin daha çəkiliş meydançasında olmağa imkan vermədiyini deyir. Gələcəkdə qısa filmlər çəkəcəyini istisna etmir. “Cekin tikdiyi ev”dən sonra bədii film çəkməyin çox yorucu olduğu qənaətinə gəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG