Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 05:52

Film çəkməyə hansı ölkə yaxşıdır


Film çəkilişi
Film çəkilişi

Nofilmschool saytı kino çəkmək üçün ən əlverişli ölkələrin siyahısını dərc edib.

Qeyd edilir ki, xaricdə film çəkmək maddi baxımdan çox sərfəlidir. Dünyanın bir çox ölkəsi hazırda yeni iş yerləri yaratmaq və yerli iqtisadiyyatı stimullaşdırmaq üçün xarici çəkiliş qruplarına dəstək və müxtəlif güzəştlər təklif edirlər. Bu dəstək və güzəştlər ölkədən-ölkəyə dəyişir. Kiçik büdcəli prodakşnlar üçün bu imkan əsl tapıntı ola bilər.

Nəzərə almaq lazımdır ki, bu ölkələrin hər birinin çəkiliş qruplarına qarşı öz tələbləri də var. Bu baxımdan yerli işəgötürmə qanunları, bəzi yerli tarif və xərclər nəzərə alınmalı olan məqamlar arasındadır.

Xarici film istehsalının stimullaşdırılması birgə istehsalla qarışdırılmamalıdır. Filmlərin birgə istehsalı hökumətlərarası müqavilələrlə tənzimlənən prosesdir.

Stimul formaları

Bəs dövlətlər xarici çəkiliş qruplarını cəlb etmək üçün hansı stimullar təklif edirlər? Ən çox rast gəlinən stimul formaları bunlardır:

Bir növ qrant kimi işləyən pul güzəştləri çəkiliş qruplarına yerli xərclər, yerli vətəndaşların əmək və xidmətləri müqabilində ödənilən maaşlar əsasında hesablanır.

Vergi güzəştləri də buna bənzəyir. Ancaq prodakşn şirkəti bu güzəştləri almaq üçün vergi qaytarma tələbi (tax return claim) təqdim etməlidir. Bunun əvəzində ölkədə çəkdiyi müəyyən xərclərin bir hissəsi şirkətə geri qaytarılacaq.

Milli və ya regional film fondları hökumətdən maliyyələşən məhdud qrantlardır. Bu qrantlar üçün ayrıca müraciət etmək lazımdır.

Vergidən azad etmə kimi stimullar da investorlar üçün yaxşı imkandır.

İlk üç ölkə

Sayt dünyanın ən cəlbedici prodakşn güzəştlərini qitələrə görə qruplaşdıraraq təqdim edib.

Maraqlıdır ki, ən çox güzəşt təklif edən üç ölkənin Kolumbiya (60% pul güzəşti), Fici (50% pul güzəşti) və Kanada (30%-dən 70%-dək vergi güzəşti) olduğu bildirilir.

Şərqi Avropada ən əlverişli şərtləri Estoniya təklif edirmiş. 30%-dək pul güzəşti təklif edən bu ölkənin kino qurumu Estoniya Film İnstitutu adlanır. Ölkə, bundan başqa, filmin çəkilişi, önprodakşn, postprodakşn və distribüşn xərclərini qarşılamaq üçün də çox yaxşı məbləğlər təklif edir. Güzəştin məbləği Estoniyada xərclənən məbləğin məlum olmasından sonra hesablanır (30%-ə qədər) və yekunda çəkiliş qrupuna ödənilir. Ən çox qrantı estoniyalı kinematoqrafçı, aktyor və çəkiliş heyətini işə götürənlər ala bilir. Filmin hekayəsi Estoniyada cərəyan etdiyi zaman da bu qrantlara müraciət etmək olar.

İkinci və üçüncü yerlərdə Macarısan Litva gəlir. Litvada qrantın maksimum məbləği prodakşn xərclərinin 20%-ni aşmamalıdır.

20% güzəşt

Dördüncü yerdə olan Makedoniya da ölkədə çəkilən xərclər üçün 20% pul güzəşti təklif edir. Ancaq bu zaman Makedoniyada çəkilişə ən azı 113 min dollar xərclənmiş olmalı, prodüserlərdən biri makedoniyalı olmalıdır. Üstəlik, maliyyənin 50%-i artıq hazır olmalıdır.

Siyahının Şərqi Avropa hissəsində Çexiya, Xorvatiya, Serbiya, Polşanın da adı çəkilir. Həmçinin, Macarıstan və Çexiyada çox təcrübəli və peşəkar kino işçilərinin və film çəkmək üçün yaxşı infrastrukturun olduğu bildirilir.

Qərbi Avropaya gəldikdə isə, burada 32% vergi güzəşti ilə İrlandiya siyahının önündə gəlir. Siyahıda daha sonra Britaniya, Belçika, Fransa, Malta, İtaliya, Avstriya, Almaniyanın adları çəkilir. Almaniyada həm federal, həm də regional qrantlar mövcuddur. "The Grand Budapest Hotel", "Cloud Atlas" və "Inglourious Basterds" kimi filmlər bu ölkədə çəkilib və bu qrantlardan faydalanıb.

Ölkəni müsbət göstərmək

Asiya qitəsində Sinqapur (ölkədə çəkilən xərclərin 50%-i qədər subsidiya) və Malayziyanın (30% pul güzəşti) adları çəkilir. Sinqapur dövlətinin əsas şərtlərindən biri çəkilən filmdə ölkənin müsbət tonda göstərilməsidir.

Okeaniyada isə Fici, Avstraliya Yeni Zelandiyanın əlverişli şərtlər təklif etdiyi bildirilir.

Şimali Amerikada Kanada, onun ayrı-ayrı əyalətləri, Latın Amerikasında isə Kolumbiya, Trinidad və Tobaqo, Puerto-Riko, Dominikan Respublikası Panamanın adları çəkilir. Ancaq bu ölkələrin prodakşn xərcləri ilə bağlı tələbləri bir-birindən çox fərqlidir. Kolumbiyanın Medelin şəhəri əlavə 15% güzəşt təklif edir. Odur ki, kinosevərlərin bu şəhəri filmlərdə daha tez-tez görməsi təsadüfi deyilmiş.

Yaxın Şərqin kino çəkilişi üçün ən əlverişli ölkəsi kimi Birləşmiş Ərəb Əmirlikləri (30% pul güzəşti), Afrikanın ən əlverişli ölkəsi isə Cənubi Afrika Respublikası (prodakşn üçün 20%, postprodakşn xərcləri üçün 25% vergi güzəşti) imiş.

XS
SM
MD
LG