Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:07

Film festivallarının bilinməyən gələcəyi


Berlin kinofestivalı (Berlinale). 2021
Berlin kinofestivalı (Berlinale). 2021

"Screen Daily" jurnalı yazır ki, "Sundance" və Berlin film festivallarının direktorları pandemiya səbəbindən növbəti tədbirlərlə bağlı durumun qeyri-müəyyən olduğunu bildiriblər.

"Sundance" festivalının direktoru Tabita Cekson 15-25 aprel tarixlərində keçirilən "Visions du Reel" (İsveçrə) sənədli film festivalında virtual paneldə çıxışında deyib ki, 2022-ci ilin yanvarına növbəti tədbirin planlaşdırılması ilə bağlı çətinliklər var. Cekson o zamana qədər hazır olacaq filmlərlə bağlı durumun qeyri-müəyyən olduğunu da vurğulayıb. Bu, bir ildən çox müddətdə çəkilişlərə fasilə verilməsi ilə bağlıdır. O, tədbirlərin böyük ehtimalla virtual deyil, real keçirilməsinin mümkün olacağını, ancaq o vaxta qədər dünyanın hələ normal vəziyyətə qayıtmayacağını deyib.

Festivala pul vermək istəmirlər

Berlin kinofestivalının (Berlinale) bədii direktoru Karlo Şatrian da iyunda keçirilməli olan canlı tədbirlə bağlı narahatlıq ifadə edib. Martda festivalın yalnız kinematoqrafçılar üçün onlayn versiyası keçirilmişdi.

"Biz hələ də çalışırıq və iyunda Berlində film nümayişlərinə ev sahibliyi edəcəyimizə ümid bəsləyirik", – Şatrian deyib. Ancaq o, həm də əlavə edib ki, bu məsələ hələ də havadadır, çünki yekun qərar Almaniyanın federal hökuməti və festivalı maliyyələşdirən və dəstəkləyən Berlin senatından asılıdır. Onun sözlərinə görə, Berlin kinofestivalının alınmaması riski böyük olduğundan bu qurumlar festivala pul vermək istəmirlər. "İndi biz onlarla davamlı müzakirələr aparırıq", – o deyib.

Parisdə yerləşən "Luxbox" kino satış şirkətinin icraçı direktoru Hedi Zardi də sözügedən paneldə çıxış edib. O, canlı tədbirlərin azlığının biznesə təsirləri barədə danışıb. O deyib ki, filmlər distribütorlarını tapsa da, sövdələşmələrin sayı azdır.

Daha az film seçilirsə...

ABŞ-ın "Cinetic Media" satış şirkətinin baş icraçı direktoru Ceyson İsikava da festivalların uğurlu sövdələşmələr üçün əhəmiyyətini vurğulayıb. "Biz alıcıların filmləri auditoriya ilə birlikdə görməsini istəyirik. …Bunu virtual məkanda təkrarlamaq çox çətindir", – o deyib.

Festivallar üçün onlayn məkana keçmək həm də proqramın kiçilməsi deməkdir. Şatrian bunu müsbət hal kimi görür. "Adətən 300 film seçdiyimiz halda, bu dəfə 100-nü seçdik. Bu, seçilən filmlər üçün böyük üstünlük idi, çünki mətbuat məhz bu filmlərə fokuslana bilir, satışlar çox sayda film olmadan baş verirdi. Bu halda proqramın tərtibi daha çətin olur, ancaq bu, böyük üstünlükdür", – "Berlinale"nin bədii direktoru deyib.

Zardi də onunla razılaşıb. O da bu halda insanların filmlərə daha yaxşı fokuslandığı qənaətindədir: "Kinonun məkana və zamana ehtiyacı var və əgər filmlərin sayı həddindən çoxdursa, bir filmə böyümək və öz yerini tutmaq imkanı verə bilmirsən".

Gələcək

"Biz kino industriyasının və alıcıların bir qədər yorulduğunu görürük. Bu festivalların qısa olmasının səbəbi var. …300 filmi beş-altı günün içinə yerləşdirmək fiziki baxımdan qeyri-mümkündür… Çox sayda film proqramın qısalığından faydalandı, çünki [bu halda] onlar artıq distribütorları olan filmlərlə …rəqabət aparmalı deyildi", – İsikava deyib.

Gələcəyə gəlincə, Şatrian 2022-ci ildə hibrid tədbir elementinin Avropa kino bazarına gəlməsini gördüyünü deyib. O, həmçinin deyib ki, "Berlinale"nin maliyyə modeli yenidən nəzərdən keçirilməlidir: "Biz 2021-ci ilin tədbirini yalnız ona görə keçirə bildik ki, hökumət bizə əlavə böyük dəstək verdi. Biz maliyyə modelini yenidən nəzərdən keçirməliyik, çünki mən, ən azı, gələn il bütün kinoteatrların tutumunun 100%-i həcmində çalışa biləcəyini görə bilmirəm".

Festival tədbirlər zamanı, adətən, 300 min bilet satır.

"Sundance" festivalı da oxşar problemlə üz-üzədir. Bu qəbildən tədbirlərin keçirilməsi böyük maliyyə tələb edir. Bilet satmaq imkanları məhdud olanda vəziyyət çətinləşir və risk böyüyür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG