Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 02:43

Film çəkmək də bahalanır


Hollivud
Hollivud

COVID-19 tədbirləri kino çəkilişlərinin tamamilə dayanması ilə nəticələnib. Hollivud iyunun ortalarında iş prosesini bərpa etməyə ümid edir. Ancaq işi bərpa etmək üçün virusdan qorunma tədbirləri görülməlidir. Bu isə o deməkdir ki, studiya və prodakşn şirkətləri əlavə personal – tibb və təhlükəsizlik mütəxəssisləri, sanitariya briqadalarını işə götürməlidirlər. Bütün bu işçilərin maaşına və təmizlik avadanlığına, əllərin davamlı yuyulması və bədən temperaturlarının ölçülməsinə isə əlavə vəsait xərclənməlidir. Üstəlik, işlər ləngiyəcək, çəkilişlər daha uzun çəkəcək. Bu isə əlavə maaş və xərclər deməkdir.

"The Los Angeles Times" qəzeti mütəxəssislərin hesablamalarına istinadən yazır ki, yuxarıda göstərilən yeni xərclər orta bir filmin çəkiliş büdcəsini 1 milyon dollaradək bahalaşdıracaq. Bundan başqa, çəkiliş komandasında eyni zamanda çalışan əməkdaşların sayını azaltmaq, növbələrin sayını artırmaq lazım olacaq. Beləliklə, 8 həftəyə çəkilən film 10 həftəyə başa gələcək. Bu isə o deməkdir ki, böyük filmlərin çəkilişi zamanı günlük xərclər 400 min dollara qədər gəlib çıxa bilər.

50 faiz az gəlir

İşin daha bir pis tərəfi odur ki, xərclərin artması gəlirlərin azalması dövrü ilə üst-üstə düşür. Gəlirlərin azalması isə koronavirus böhranından əvvəl, kinoteatr bazarında yaranmış çətinliklər fonunda başlayıb. "Wedbush Securities" şirkətinin təhlilçisi Michael Pachter hesablayıb ki, 2020-ci ildə əldə edilən kassa gəlirlərinin ümumi həcmi 6 milyard dollar olacaq ki, bu da ötən ilin göstəricisindən 50% aşağıdır.

Bundan əlavə, təhlilçilər televiziya şəbəkələrinin yayım xərclərini azaltmağa çalışacağını gözləyirlər. Bu, reklam sifarişlərinin azalması və abunələrin dayandırılması ilə bağlıdır.

Studiya rəsmiləri xərcləri idarə etmək üçün bəzi xərcləri azaltmaq haqda düşünürlər. Məsələn, pandemiya dövründə onsuz da çətin olan xarici səfərlərə daha az vəsait xərclənə bilər.


Bəzi studiyalar daha kiçik çəkiliş qrupu və aktyor komandası ilə işləyə biləcəklərini deyirlər. Qəzetin yazdığına görə, bəzi şirkətlər hətta Kaliforniyada daha çox filmin çəkilməsi üçün ştat rəsmilərinə təsir edərək vergi güzəştlərinə nail olmaq cəhdlərini gücləndirə bilərlər.

Qəzetin yazdığına görə, hələlik, prodakşn fəaliyyətinin nə zaman bərpa olunacağı bilinmir. Los-Anceles rəsmiləri iqtisadiyyatı hərəkətə gətirmək üçün şirkətlərin fəaliyyətinə qoyulmuş qadağaları yüngülləşdirməyə başlayıblar. Kaliforniyada çəkilişlərə gələn ay başlanacağı gözlənilir. Ancaq Corciya kimi daha erkən və sürətlə açılan ştatlardan studiyalara təkliflər gəlməyə başlayıb. İslandiya və Cənubi Koreya kimi ölkələrdə prodakşn fəaliyyətinə başlanılıb.

"COVID koordinatorları"

Çəkiliş qruplarının bundan sonra tamamilə fərqli çalışacağı deyilir. Studiyalar çəkiliş zamanı sağlamlıq və təhlükəsizlik tədbirlərini təmin etmək üçün işə "COVID koordinatorları" götürəcəklər. Bu koordinatorlar kiçik filmlərin çəkilişi zamanı 10-15, iri filmlərdə isə 30 nəfərlik heyəti idarə edəcəklər.


Çəkiliş məkanında eyni zamanda çox sayda insanın toplaşmaması üçün geyim ustaları və bəzi digər texniki işçilər növbə ilə çağırılacaq. Bəzi hallarda isə həm çəkiliş qrupu, həm də aktyor heyəti çəkilişdən öncə karantinə alınacaq. Çəkiliş meydançaları çəkiliş qrupunun işə başlamasından bir neçə gün öncə qurulacaq. Bu isə daha çox vaxt və əlavə xərc deməkdir.

Çəkiliş komandasında çalışan işçilərin iş gününün qısaldılacağı gözlənilir, çünki insanlar çox yorulanda xəstəliyə müqavimətləri azalır. Yazıda qeyd edilir ki, studiyalar "Fransız iş saatları" adlanan iş rejiminə keçə bilərlər. Bu isə o deməkdir ki, çəkiliş qrupları, adətən olduğu kimi, 14 deyil, 10 saat işləyəcəklər. Nəticədə çəkiliş müddətləri uzanacaq.

Beləliklə, əlavə xərci yaradan prosesin yenidən qurulmasıdır.

"Nickelodeon"un vitse-prezidenti Yolanda Cochran deyib ki, Hollivud kimi bir əsrlik tarixə malik istehsal sahəsi üçün bu qədər texniki dəyişiklik etmək asan deyil. Onun sözlərinə görə, texnoloji yeniliklər nəzərə alınmasa, prodakşna yanaşma on illərlə dəyişməz qalır. "İnsanları fərqli düşünməyə məcbur etmək çətin ola bilər", – o deyib.

XS
SM
MD
LG