Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 07:34

Azərbaycan və Ermənistan fikir azadlığı hesabatında tənqid olunur


Bu həftə Beynəlxalq Humanizm və Etika İttifaqı özünün 6-cı illik hesabatını açıqlayıb.

Təşkilatın hesabatlarında bir qayda olaraq insan və vicdan haqları sahəsində müxtəlif ölkələrdəki vəziyyət təhlil edilir.

Bu dəfəki Fikir Azadlığı 2017 hesabatında söhbət din azadlığı ilə yanaşı həm də ateist azadlığından gedir.

Hesabatda qeyd olunur ki, dünyanın yeddi ölkəsində Malayziya, Maldiv adaları, Mavriytaniya, Pakistan, Səudiyyə Ərəbistanı və Sudanda ateistlər “kafir” kimi damğalanır və ölüm hökmünə məhkum edilirlər.

Lakin hesabatda vurğulanır ki, din azadlığını rəsmən elan etmiş bir çox ölkələrdə də dindarların və ateistlərin dolayısı ilə təqibi və hətta cəzalandırılması həyata keçirilir.

Belə ölkələrdə ateistlər dilemma qarşısında qalırlar: ya özünə qapanıb sakit otur, ya da özünü riskə at.

Azərbaycan

Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, ölkənin konstitusiyası və başqa qanunlarında fikir, vicdan və din, habelə ifadə və mövqe azadlığına təminat verilir.

Daha sonra qeyd olunur ki, “Azərbaycan özünü dünyəvi və “humanist” ölkə adlandırsa da, bu, tamamilə aldadacı özünütəqdimatdır”:

“Azərbaycan əslində humanist dəyərlərə zidd mövqe tutur; demokratiyanı məhdudlaşdırır, azadlıqları və insan haqlarını pozur”.

Hesabata görə Azərbaycanda din və ifadə azadlığı sərt şəkildə pozulur və humanist dəyərlərin müdafiəsi və təbliğatı məhdudlaşdırılır.

Daha sonra deyilir ki, Azərbaycan konstitusiyasında adamların ateizm də daxil istədikləri inanclara tapınmaq haqqı tanınır və qanun hökumətin - fərdlərin və ya qrupların dini fəaliyyətinə müdaxiləsini qadağan edir. Lakin reallıqda yalnız çox məhdud sayda dinlərin fəaliyyətinə icazə verilir və bunların üzərində hökumətin əhəmiyyətli nəzarəti mövcuddur.

Rafiq Tağı
Rafiq Tağı

Hesabatda deyilir ki, Azərbaycanda hakimiyyətin dünyəvi tənqidçiləri təkcə hökumət repressiyası deyil, həm də islamçı zorakılıqla üzləşirlər.

Bu da bildirlir ki, konstitusiya mətbuat azadlığına təminat versə də, hakimiyyət reallıqda medianı sərt şəkildə məhdudlaşdırır. Ölkədə hökumətin nəzarəti altında olmayan çox az sayda media qurumu var.

Hesabatda xatırladılır ki, 2009-cu ildən Azərbaycanda BBC, AzadlıqRadiosu və Amerikanın səsi də daxil beynəlxalq yayın qurumları qadağan edilib.

Hökumət davamlıı olaraq bəzi internet saytlarını bloklayıb. Hakimiyyət internetə nəzarət edir və tənqidçi blogerləri cəzalandırır.

Hesabatda yada salınır ki, 2011-ci ildə dünyəvi yazıçı Rafiq Tağı Bakının mərkəzində 6 dəfə bıçaqlanıb və dörd gün sonra xəstəxanada dünyasını dəyişib. Xəstəxanada ölümündən az əvvəl verdiyi müsahibədə Tağı iddia edib ki, bu hücum naməlum İran agentlərinin və müsəlman təməlçilərin onun dünyəvi yazılarına görə qisası olub.

Başqa bir dünyəviçi alim, Xəzər Universitetinin professoru Ağalar Məmmədov Tağının qətlinə cavab olaraq İran ekstremizmini tənqid edən məktub yazdıqdan sonra ölüm hədələrinə məruz qalıb və 2012-ci ilin aprelində Azərbaycandan qaçaraq İsveçə sığınıb.

Ermənistan

Hesabatda deyilir ki, Ermənistanda təhsil dünyəvi olsa da, kiləsinin təhsil sisteminə əhəmiyyətli müdaxiləsi mövcuddur.

Bu özünü ilk növbədə Erməni Apostol (Griqorian) Kilsəsi tarixi dərsinin dünyəvi məktəblərdə icbari fənn olması ilə büruzə verir.

Hesabatda qeyd olunur Ermənistanda kilsəyə tədris planlarının tərtibində və dərsliklərin hazırlanmasında birbaşa iştirak icazəsi verilir. Bundan başqa “Erməni Kilsəsi tarixi” fənnini öyrədəcək müəllimlər kilsə tərəfindən təyin edilə bilər.

Katolikos II Qaregin
Katolikos II Qaregin

Bu da qeyd olunur ki, dövlət məktəbləri sinif otaqlarında prezidentin portreti ilə yanaşı Erməni Apostol Kilsəsi başçısının da portretlərini asmağa məcbur edilir.

Hesabatda deyilir ki, 2012-ci ildə bəzi yerli medialar başqa dinləri təmsil edən 20-dək müəllimin dövlət məktəblərindən qovulduğunu yazmışdı.

Bundan başqa qanun Erməni Apostol Kilsəsinə dövlət məktəblərində könüllü dini dərslərin təşkilinə icazə verir. Hesabatda deyilir ki, başqa dinlərin nümayəndələri üçün belə imtiyaz verilmir.

Gürcüstan

Hesabata görə Gürcü Pravoslav Kilsəsinin hüquqları daha məhduddur.

Gürcüstanda dövlətlə kilsə arasında imzalanmış konkordata (müqaviləyə) görə kilsə hakimiyyətdə məşvərətçi rola malikdir.

Bundan başqa hərbi hissələrdə dini kapellanların təsdiqini kilsə həyata keçirir, kilsənin rütbəli xadimləri hərbi mükəlləfiyyətdən azad olunur.

Hesabatda bu da vurğulanır ki, Gürcü Pravoslav Kilsəsi dövlətdən maliyyələşən yeganə dini qurumdur. 2012-ci ilə olan məlumata görə Gürcüstan kilsəsi dövlətdən 13, 7 milyon dollar dotasiya alıb.

Bundan başqa Gürcüstan Pravoslav kilsəsi başqa dini qurumlardan fərqli olaraq vergidən azad edilib.

XS
SM
MD
LG