Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şurası Rusiya Şahmat Federasiyasının (RŞF) üzvlüyünü dayandırıb. Bu barədə federasiyanın rəsmi saytında məlumat yayılıb.
Qərar İdman Arbitraj Məhkəməsinin (CAS) qərarının yerinə yetirilməməsi ilə əsaslandırılıb. Qeyd edilib ki, bu addım yalnız federasiyanın üzvlüyünə aiddir və ayrı-ayrı şahmatçıların yarışlarda iştirak imkanlarını məhdudlaşdırmır.
Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov bildirib ki, qurumun hüquqşünasları FIDE-nin qərarını araşdırmağa başlayıb: "Əgər əsas görsək, Şuranın qərarından apellyasiya şikayəti vermək hüququmuzu saxlayırıq. FIDE Şurasının CAS-ın təzyiqi ilə bu addımı atmağa məcbur olması təəssüf doğursa da, bizim üçün gözlənilməz olmadı".
TASS-ın məlumatına görə, bu ilin martında CAS Kiyevin şikayəti əsasında Rusiya Şahmat Federasiyasına 90 gün vaxt verib. Bu müddət ərzində federasiya Ukraynanın işğal olunmuş ərazilərində və Krımda fəaliyyətini dayandırmalı idi. Əks halda, Rusiya federasiyası üç illik diskvalifikasiya ediləcəkdi.
FIDE hələ 2022-ci ilin martında – Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra – rusiyalı şahmatçılara qarşı sanksiya tətbiq etmişdi. Neytral status alan idmançılar turnirlərə yalnız fərdi qaydada qatıla bilir, komanda yarışlarında iştirak edə bilmirdilər.
2025-ci ilin noyabrında FIDE Rusiyanın qadınlardan ibarət milli komandasına neytral bayraq altında dünya çempionatında iştirak icazəsi verib. O zaman Ukrayna və bir sıra Avropa federasiyaları buna etiraz edirdi. Bir ay sonra – 2025-ci ilin dekabrında – isə FIDE Rusiya yığmasının beynəlxalq turnirlərə tam qayıtmasını dəstəkləyib.
FIDE-yə Rusiyanın keçmiş baş nazir müavini Arkadi Dvorkoviç rəhbərlik edir. Müharibədən əvvəl o, Amerika "Mother Jones" jurnalına müsahibəsində "istənilən müharibəni, o cümlədən bu müharibəni də" pislədiyini bildirib. Dvorkoviçin tənqidçiləri isə onun əslində Kremlin əlaqələrini kəsmədiyini iddia edirlər.