Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:14

Gürcü patriarxının öldürülməsi kimə sərf edərdi?


Gürcüstan patriarxı İkinci İlya, 2May2016
Gürcüstan patriarxı İkinci İlya, 2May2016

Fevralın 10-da Gürcüstan patriarxiyasının əmlakın idarə olunması departamentinin rəhbəri protoierey Georgi Mamaladze Tbilisi hava limanında saxlanıb.

Ona qətl hazırlamaq ittihamı irəli sürülüb. İddiaya görə, bir vətəndaş prokurorluğa zəng vuraraq, Mamaladze-nin Almaniyada müalicədə olan Gürcüstan patriarxı İkinci İlyanı öldürməyə hazırlaşdığını, bunun üçün Almaniyaya yola düşdüyünü bildirib.

Ekhokavkaza” portalı yazır ki, artıq kilsə iyerarxları arasında qarşıdurma kilsədən kənara çıxıb. Səs-küylü istefalar baş verib. İkinci İlyanın mühafizəsinin rəisi, Batumi mitripoliti Soso Okhanashvili və patriarxın katibi Mikhail Botkoveli istefa veriblər. Okhanashvili deyib ki, son hadisələr patriarx taxtı uğrunda çoxdan davam edən mübarizənin aktiv fazasının nəticəsidir.

Buna da bax:​ Gürcüstan patriarxına sui-qəsd cəhdi barədə xəbərlər yayılıb

“BƏHANƏDİR”

Georgi Mamaladze-nin qətl üçün guya sioniddən istifadə etməsinə dair ittiham üzrə dindirilməsi onun sağlamlıq durumuna görə mümkün olmayıb. Din xadiminin qan təzyiqi kəskin düşüb. Prokuror Jarji Tsiklauri isə bildirib ki, bu yolla Mamaladze istintaqın suallarına cavab verməkdən yayınmağa çalışır:

«Sağlamlıq durumu bəhanəsi ilə dindirilmə pozulub. Biz protokol tərtib etdik, onu həkimlər imzaladılar. Onlar deyirlər ki, Mamaladze istintaqda iştirak edə bilərdi. O, əsassız olaraq müxtəlif bəhanələr və səbəblər gətirərək dindirilmə prosesini pozub».

Bundan əvvəl Georgi Mamaladze öz ifadəsində patriarxiya ətrafındakı qalmaqalla bağlı bir neçə şəxsin adını çəkmişdi. Ancaq müstəntiqlər bu adları mətbuata açıqlamaqdan imtina ediblər. Mamaladze-nin vəkili Mikhail Ramishvili bildirmişdi ki, bu adlar arasında patriarxın referent katibi Shorena Tetruashvili də var. Mamaladze-nin tərəfdarları Tetruashvili-ni patriarxiyada korrupsiya sxemlərinin təşkilatçısı hesab edirlər.

Buna da bax: Gürcüstandakı seçkidə müxalifət koalisiyası liderliyini saxlayır [VIDEO və FOTOLAR]

Ramishvili həmçinin bildirib ki, sianidi Georgi atanın çantasına "əkiblər". O qeyd edib ki, Mamaladze ailəsinin təhlükəsizliyi təmin edilərsə, ictimaiyyəti şoka salacaq ifadələr verməyə hazırdır.

“RUSİYAPƏRƏST QÜVVƏLƏR”

«Georgi ata çantasına sionidi öz əli ilə qoymayıb. Müdafiə tərəfi özünün haqlı olduğunu sübut etməyə çalışacaq. Prokurorluq isə öz dəlillərini təqdim etməlidir», – deyə vəkil bildirib.

Saxlanılan Georgi Mamaladze-nin daha bir tərəfdarı, Çkondida mitropoliti Petre Tsaava da prokurorluğa dindirilməyə dəvət edilib. Yüksək rütbəli rahibin sözlərinə görə, bu onun ictimai bəyanatları ilə bağlıdır. O, kilsə qalmaqalının aktiv mərhələsinin davam etdiyi üç həftə ərzində ilk dəfə "rusiyapərəst qüvvələr" ifadəsini işlədib.

Buna da bax:​ Gürcü Patriarxı Erməni Katalikosunu “cavan və təcrübəsiz” adlandırıb

«Mən ədalətsizliyə qarşı səsimi açıq şəkildə qaldıran kimi prokurorluğun mənə sualları yarandı. Ancaq mən istənilən çağırışlara ləyaqətlə cavab verməyə hazıram. Bu gün patriarxiyadakı gizli idarəçiliyin və ölkə daxilindəki gizli rusiyapərəst qüvvələrin prokurorluğu necə idarə etdiyi ortaya çıxacaq», – deyə Tsaava bildirib.

MÖHÜR OĞURLANIB

Mitropolit Petre ifadə verməzdən öncə şəxsiyyəti naməlum bir şəxslə yazışmasını mətbuata ötürüb. Yazışmada din xadiminin tərslik edəcəyi halda müttəhimə çevriləcəyi barədə hədələr var.

Bütün bunlar azmış kimi, qalmaqala İkinci İlyanın şəxsi möhürünün oğurlanması xəbəri də əlavə olunub. Patriarx Almaniyada müalicədə olduğu vaxtda, fevralın 9-da Gürcüstanda onun möhüründən və faksimilindən istifadə olunması bu şayiələrin yaranmasına səbəb olub. Patriarxın möhüründən Gerasim Sharashenidze-nin Almaniya və Avstriyadakı yeparxiyaların rəhbəri vəzifəsinə təyin olunmasında istifadə edilib. Ancaq patriarxiyanın mətbuat xidmətinin rəhbəri KİV-də yayılmış məlumatları təkzib edib. O deyib ki, əslində, iki möhür var. Biri daim patriarxın üzərində olur, ikincisindənsə administrativ xidmətlər üçün yararlanırlar.

Buna da bax: Patriarxların gücü

Kilsə mühitindəki mənbələrin sözlərinə görə, möhür və faksimilin itməsi, patriarxın üzərindəki tibbi əməliyyatın uğursuz keçəcəyi halda, onun varisinə dair vəsiyyətnaməsini saxtalaşdırmaq məqsədi də daşıya bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG