Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:19

Məhkəmə tanınmış yazıçının oğluna şans verdi


Tanınmış yazıçı Fərman Kərimzadə (solda).
Tanınmış yazıçı Fərman Kərimzadə (solda).

Tanınmış yazıçı Fərman Kərimzadənin dələduzluqda suçlanan oğluna dəymiş ziyanı ödəmək üçün martın 3-dək vaxt verilib.

Xeyli müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadə hakim önünə çıxarılıb. Vaxtilə 3 saylı hüquq məsləhətxanasında vəkil çalışmış Əziz Kərimzadə dələduzluqda suçlanır.

İttihama görə, o, müxtəlif problemlərini çözmək adıyla, 7 nəfərdən toplam 60 min manata yaxın pul alıb. Amma nə iş düzəlib, nə də pul qaytarılıb. Bununla belə, Əziz Kərimzadə özünü təqsirli bilmir.

Buna da bax:​ Fərman Kərimzadənin oğlu məhkəmə qarşısında

“Məhkəmədən xahiş edirəm…”

Fevralın 22-də keçirilən məhkəmədə zərərçəkənlərdən biri - İlahə Əliyeva dindirilib. O, Əziz Kərimzadəyə 30 min manat verdiyini deyərək, dəymiş zərərin ödənməsini tələb edib: “Mən bankdan pul götürüb vermişəm. Banka borcum artıq 70 min manata çatıb. Əzizin bacısı hərdən maraqlanırdı, xahiş elədim ki, banka borcumdan ödəsinlər. Onu da eləmədilər”.

Əziz Kərimzadə zərərçəkmişin yalan söylədiyini bildirir və düşünür ki, İlahə Əliyevanın oğlu Kamran Əlizadə məhkəmədə dindirilsə, bu yalan üzə çıxa bilər: "Anası ifadəsində gah 20, gah 25, gah da 30 min manat pul verdiyini deyir. Əgər oğlu burada dindirilsə, anasının yalan danışdığı üzə çıxacaq. Ona görə də məhkəmədən xahiş edirəm, Kamran Əlizadə məhkəməyə gətirilsin".

İlahə Əliyeva bildirib ki, oğlu Türkiyədə təhsil aldığından, məhkəməyə gələ bilməyəcək.

Buna da bax:​ Məhşur romançının oğlu dələduzluqda ittiham olunur - ikinci dəfə...

Kamran Əlizadə istintaqda dindirilib, məhkəməyə gəlməsi üçün bir neçə dəfə ona çağırış vərəqəsi də göndərilib. Anası oğlunun Türkiyədə təhsil aldığını deyəndən sonra hakim ondan Kamran Əlizadənin tələbə biletini və ya onun fotosunu məhkəməyə təqdim etməsini istəyib.

Yazıçının oğlu möhlət istəyir

Əziz Kərimzadə məhkəmədən möhlət xahişini yenə təkrarlayıb və zərərçəkmişlərə dəymiş ziyanın ödəniləcəyini bildirib: "Xahiş edirəm, mənə möhlət verin. Həll etməyə, zərəri ödəməyə çalışırıq".

Bu məhkəmənin çox uzandığını deyən hakim Rahib Salmanov atasına görə Əziz Kərimzadəyə sonuncu dəfə şans verib: “Aylardır bu iş uzanır. Sizə atanıza görə hörmət edirik. Rəhmətlik respublikada tanınmış ziyalıdır. Son olaraq, sizə bir neçə gün də vaxt veririk. Sizə bundan artıq hörmət eləyə bilmərik. O vaxtadək nə edirsinizsə, edin".

Buna da bax:​ 'Oğlumu SOCAR-da işə düzəltmək üçün 15 min aldı…'

Əziz Kərimzadəyə martın 3-dək vaxt verilib.

Məhkəmədə 7 zərərçəkmişdən üçü ilə barışıq əldə edildiyi də məlum olub.

Xatırlatma

Əziz Kərimzadə daha öncə də dələduzluq ittihamı ilə məhkum edilib. O, 2012-ci ilin yayında Elçin Muradov adlı vətəndaşın şikayəti əsasında həbs olunubmuş. Muradov şikayətində göstəribmiş ki, Əziz Kərimzadə özünü vəkil kimi təqdim edib və onun 12 min manatını mənimsəyib. Əziz Kərimzadə həmin iş üzrə tanışı Azər Qurbanovla birlikdə mühakimə olunub. O zaman Bakı Ağır Cinayətlər Məhkəməsi dəymiş ziyanı ödəmələrini əsas götürərək, onları şərti cəza ilə azadlığa buraxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG