Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:28

Fənn olimpiadaları korrupsiyanın daha bir fəndinə çevrilə bilər


İmtahansız tələbə olmağa daha bir imkan açılır?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

İmtahansız tələbə olmağa daha bir imkan açılır?

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır. Təhsil haqda qanuna təklif edilən dəyişikliyə görə, respublika fənn olimpiyadalarının qalibləri də istədikləri ali məktəblərdə müvafiq ixtisaslara imtahanlarsız qəbul oluna bilərlər.

İndiyədək yalnız beynəlxalq olimpiyadaların qaliblərinə bu imkan tanınırdı. Digər bir dəyişiklik təklifinə görə isə beynəlxalq olimpiyadaların qalibləri yalnız müvafiq ixtisasları seçə bilərdilərsə, indi istənilən ixtisası seçmələrinə imkan yaradılır.

TƏHSİL NAZİRİ: FƏNN OLİMPİADALARI ADİ YARIŞ DEYİL

Bu təklif Təhsil Nazirliyindən gəlib və mayın 24-də parlementdə müzakirəsi planlaşdırılır.

Bugünlərdə təhsil naziri Ceyhun Bayramov bildirib ki, dəyişikliklər artıq aidiyyatı qurumlarla razılaşdırılır:

"33 mindən çox şagirdin iştirak etdiyi respublika fənn olimpiadaları artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrilib. Bu il respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb. Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişiklik təklifi Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir".

Təhsil naziri bu çıxışını respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində edib. İndi dəyişiklik artıq millət vəkillərinin müzakirəsinə verilir.

"BU, SİSTEMƏ MÜDAXİLƏ FORMASIDIR"

Parlamentdə elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bu dəyişikliklərin əleyhinədir:

"Bu imkanlardan kimlərinsə maraqlarına uyğun istifadə oluna bilər. Məncə, bundan əvvəlki variant, ancaq tanınmış beynəlxalq fənn olimpiadalarının qalibləri üçün belə bir istisna normaldır. Lakin yerli olimpiadaların qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu ilə mən razı deyiləm. Bu təklif indiyə qədər uğurlu olan sistemə müdaxilə formasıdır. Ona görə də mən bu dəyişikliklərin əleyhinəyəm".

Hazırda qüvvədə olan Təhsil haqqında qanuna görə dünya fənn olimpiadaları, yüksək səviyyəli beynəlхalq müsabiqə və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Bəs, yerli olimpiadaların nəticələri nə qədər etibarlıdır? Bilik deyil, başqa əyri yollarla bu olimpiadalarda qalib adını əldə etmək mümkündürmü? Respublika olimpiyadaları beynəlxalq standartlara nə dərəcədə uyğun təşkil edilir?

DƏYİŞİKLİKLƏR QƏBUL EDİRLƏRSƏ...

Təhsil qanununa təklif edilən yeni düzəlişlər parlamentdə qəbul edilsə, Azərbaycanda şagirdlər respublika fənn olimpiadalarından birində qalib gəlib bununla ali məktəbə qəbul imtahanından azad ediləcəklər. Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov abituriyentlərə belə bir imkan yaradılmasını müsbət addım sayır. Burada hər hansı rüşvət və digər hallara yol veriləcəyinə inanmır. Amma bildirir ki, respublika fənn olimpiadalarının özü əvvəlcə gərək təkmilləşdirilsin:

"Beynəlxalq olimpiadalarda istifadə olunan test modelləri yerli olimpiadalara tətbiq olunmur. Burada yalnız və yalnız şagirdlərin bilikləri yoxlanılır. Onların bacarıqları yoxlanmır. Yerli olimpiyadalarda yalnız test tapşırıqları ilə şagirdlərin əzbərçi bilikləri yoxlanılır. Ona görə də mən düşünürəm ki, bu biliklərlə birbaşa ali məktəblərə qəbul düzgün yanaşma deyil. Hesab edirəm ki, bu dəyişikliklər qəbul ediləcəyi halda Təhsil Nazirliyi respublika fənn olimpiyadalarını bir neçə mərhələdə keçirəcək. Tək test tapşırıqları yox, həm də esse və digər yazılı imtahanlar da salınacaq. Bununla da onların bilik və bacarıqları yoxlanacaq. Yoxsa, indiki fənn olimpiadaları ali məktəblərə qəbul üçün bilikləri yoxlamaq üçün kifayət etmir".

Təhsil nazirliyi isə bəyan edir ki, ildən-ilə respulika fənn olimpiyadalarının təkşili təkmilləşdirilir. Yüksək nəticələr əldə edilir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib. Onlar olimpiadalarda qalib gələnlərin ali məktəbə imtahansız qəbulunu ədalətli sayırlarmı?

Olimpiadalarda qalib gələnlərin imtahansız ali məktəbə qəbulu nə qədər ədalətlidir?
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Dövlət İmtahan Mərkəzinin bu dəyişikliklərlə bağlı mövqeyini öyrənə bilmədik. Amma adətən bu qurum ali məktəblərə qəbulda güzəşt və istisnaların əleyhinə olub.

Azərbaycan hökumətinin 2013-cu ildə qəbul etdiyi "Təhsilin inkişafı üzrə dövlət strategiyası"nda isə göstərilir ki, orta və ali təhsil hər kəsə çatımlı olmalıdır. Amerika və Avropanın qabaqcıl ali məktəbləri də bu yolu gedir. Necə deyərlər, ali məktəblərin qapısı hər kəsin üzünə açıqdır. Amma o qapıdan yalnız bilik və bacarığı olanlar keçə bilir. Hərçənd müstəqil ekspertlər təhsil ocaqlarında korrupsiya, tapşırıq və digər problemlər ucbatından bu sistemin uğurlu tətbiqinə elə də ümidli deyillər.

Günün bütün mövzuları

XS
SM
MD
LG