Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Fəalların mitinq öncəsi polisə çağırıldığı deyilir


“Müsavat Partiyasının üzvləri polis idarələrinə çağırılaraq təzyiqlərə məruz qalırlar”.

Bunu Müsavat Partiyasından bildiriblər.

Partiyadan verilən məlumata görə, Bakının Nərimanov rayon təşkilatından Namiq Niftiyev, Qubadlı rayon təşkilatından Nazim Azayoğlu belə təzyiqlərlə üzləşib. Salyan rayonundan Valeh Hümmətoğunun, Şirvan şəhərindən Yusif Tağıyevin və Qəbələ rayonundan İmran İsayevin də xəbərdarlıq aldıqları vurğulanır.

Bugün, yanvarın 18-də axşam saatlarında isə Müsavat Partiysı Gənclər Komitəsinin üzvü Elman Quliyevin saxlandığı deyilir.

“Onun hara aparılmasını müəyyən etməyə çalışırıq”, partiyadan bildiriblər.

Partiya qərargahından deyiblər ki, bütün bu təzyqilər Milli Şuranın yanvarın 19-na təyin etdiyi mitinqlə bağlıdır.

Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Yanvarın 17-də belə şikayətlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi üzvülərindən də eşidilmişdi.

AXCP rəbərliyi bir qayda olaraq hər mitinqdə aksiya öncəsi fəalların kütləvi şəkildə polis şöbələrinə aparıldığını bildirir və bununla bağlı siyahı yayır. Partiya rəhbərliyinin iddia etməsinə görə, belə siyahılar aksiyaya qədər ona görə açıqlanmır ki, bu, insanlarda xof yarada bilər.

Amma Azərbaycan rəsmiləri dəfələrlə deyiblər ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Rəsmilərin vurğulamasına görə, “müxalifətin aksiyalarına xalq dəstək vermir, bu üzdən müəyyən əsassız iddialarla bunu pərdələmək istəyirlər”.

AXCP-nin də üzv olduğu Milli Şura yanvarın 19-da mitinq keçirmək istəyir. Aksiya şəhər rəhbərliyi ilə də razılaşdırılıb.

“Tələblərimiz Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, büdcədən talanıb natəmiz yollarla ofşor hesablara daşınmış pulların xalqa qaytarılmasıdır”, - qurumun sədri Cəmil Həsənli AzadlıqRadiosuna bildirib.

Milli Şura ötən il də Bakıda “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya yox!” şüarı ilə aksiyalar keçirib.

Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Milli Şuranın aksiyasına Müsavat Partiyası da dəstəyini bildirib.

Xatırlatma

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib.

Rəsmi məlumata görə, Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloqqer ittihamı qurama sayır.

XS
SM
MD
LG