Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Fəalların apellyasiya şikayətləri təmin olunmayıb


Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsində inzibati həbs cəzasına məhkum edilmiş bir qrup müxalifət fəallarının şikayətinə baxılıb.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Verilən məlumata görə, hakim önünə Müsavat Partiyasından Elvin Abdullazadə, AXCP-dən Saqif Qurbanov, Nicat Abdullazadə, Namiq Abbasəliyev və daha 2 şəxs çıxarılıb.

Onlar yanvarın 17-si və 21-i tarixləri arasında saxlanaraq İnzibati Xətalar Məcəlləsində əsasən polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılaraq 20 sutkadan 30 sutkaya kimi inzibati həbs cəzası alıblar.

AXCP-dən deyildiyinə görə, məhkəmə prosesi saat 10:00-dan saat 12:00-yə kimi davam edib. Apellyasiya şikayətlərinin hamısında birinci instansiya məhkəmələrinin çıxardıqları inzibati həbs qərarlarının ləğvi istənilirdi. Amma birinci instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanıb.

Müxalifət partiyalarından, bildirildiyinə görə, yanvarın 19-da keçirilən mitinq ərəfəsi və sonrası ümumilikdə 30 civarında fəal inzibati hüquq pozmalarda günahlandırılaraq həbs cəzası alıblar.

Onlar hesab edirlər ki, həmin fəallar hüquq pozuntularına yol verməyiblər, siyasi fəaliyyətləri ilə bağlı insanların gözlərini qorxutmaq məqsədi iləinzibati qaydada cəzalandırılıblar. Amma hakimiyyət rəsmiləri ölkədə insanların siyasi fəaliyyət və baxışlarına görə, cəzalandırılması ilə bağlı şikayətləri qəbul etmirlər.

Xatırlatma

Yanvarın 19-da Milli Şura və bəzi müxalifət qüvvələri “ Siyasi məhbuslara azadlıq” tələbi ilə Bakıda mitinq keçiriblər. Mitinqdə hakimiyyətin ünvanına korrupsiya ilə bağlı sərt tənqidi fikirlər də səslənib.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olduğu fikrini qəbul etmirlər. Üstəlik, onlar ölkədə korrupsiya ilə ciddi mübarizə aparıldığını vurğulayırlar.

Yerli hüquq müdafiəçiləri isə deyirlər ki, ölkədə 150 civarında siyasi məhbus var.

XS
SM
MD
LG