Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:58

İstanbul Universitetinin azərbaycanlı aliminin Bakıdakı həbsxanada aclıq etdiyi bildirilir

Fazil Qasımov
Fazil Qasımov

İstanbul Universitetinin azərbaycanlı doktorantı, üç ildən çoxdur həbsdə olan iqtisadçı-alim Fazil Qasımovun sentyabrın 19-dan aclıq aksiyası keçirdiyi bildirilir. AzadlıqRadiosuna danışan yaxınlarının sözlərinə görə, Qasımov məhkəməyə verdiyi şikayətə baxılmamasına, məhkəmə prosesində iştirakının təmin olunmamasına etiraz edir.

Cinayət işinin materiallarında istintaq dövründə F.Qasımovun öz vəkilləri Eldar Qədimi və Araz Allahverdiyevdən imtina etməsi barədə onun adından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bandotdel) müstəntiqi Yusif Yusifova ünvanlanmış ərizə var. Orada göstərilib ki, hüquqlarını yalnız vəkil Anar Qasımlının müdafiə etməsini istəyir. Bu ərizənin sonunda həm vəkil A.Qasımlı, həm də F.Qasımovun adından imzalar var.

Qasımov iddia edir ki, ərizəni özü yazmayıb, imza da ona məxsus deyil. hüquqlarını həqiqətən qoruyan vəkilləri prosesdən uzaqlaşdırmaq üçün istintaq orqanı onun adından belə bir sənəd tərtib edib.

Alternativ Ekspertiza Mərkəzi də 14 aprel 2026-cı il tarixli rəyində sözügedən ərizədəki imzanın Qasımova aid olmadığınını təsdiqləyib.

İqtisadçı alim bu məsələ ilə bağlı müstəntiqin hərəkətindən ilk öncə Baş Prokurorluğa şikayət edib. Ardından məhkəməyə üz tutub.

"Fazil Qasımov bu məsələ ilə əlaqədar Nərimanov rayon Məhkəməsinə ərizə yazıb. İş dörd aydır ki, icraata götürülüb, amma müxtəlif bəhanələrlə Fazilin prosesdə iştirakı təmin edilmir", - yaxınları bildirib.

Ailə üzvləri əlavə edib ki, sonuncu dəfə sentyabrın 16-na təyin olunmuş məhkəmə iclasına da F.Qasımov aparılmayıb. İddiaya görə, onun buna etiraz etməsi isə zorakılıqla nəticələnib: "Bu səbəbdən də Fazil deyir ki, aclıq eləməkdən başqa yolum qalmadı".

F.Qasımovun məhkəməyə aparılmaması, zorakılığa məruz qalması və buna etiraz olaraq aclıq aksiyasına başlaması ilə bağlı deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Qurumdan AzadlıqRadiosuna bundan öncə verilən bütün açıqlamalarda bildirilib ki, istintaq təcridxanaları və cəzaçəkmə yerlərində saxlanılan şəxslərin qanunvericilikdə nəzərdə tutulan bütün hüquqları təmin olunur, onlara qarşı insan ləyaqətini alçaldan, pis rəftara yol verilmir.

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Xatırlatma

36 yaşlı Fazil Qasımov professor Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirilərək həbs edilib. O, 2023-cü il avqustun 8-də - Q.İbadoğlunun həbsindən təxminən 10 gün sonra İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona da eyni - Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsi ilə ittiham verilib.

Q.İbadoğlu saxlandığı gün təşkilatın ofisində axtarış aparılıb və 40 min dollar tapıldığı, bu məbləğin bir hissəsinin isə saxta olduğu iddia edilib. Təqsirləndirilən professor isə bu pulların ofisə elə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını bəyan edib.

Q.İbadoğlu 2024-cü il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi icraatdan ayrılıb.

F.Qasımov barəsindəki cinayət işi isə məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il həbs cəzası verilib.

İqtisadçı alim özünü təqsirli bilmir; o, saxta pul ittihamının qondarma olduğunu və Q.İbadoğlu ilə münasibətlərinə görə cəzalandırıldığını bəyan edib.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. İdarə Heyəti bu addımı partiyanın dövlət qeydiyyatına alınmaması ilə əsaslandırıb.

XS
SM
MD
LG