Abşeron rayonu, Fatmayı bələdiyyəsinin sədri Nəsir Nəsirli ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Vurğulanır ki, 2020-2024-cü illərdə bələdiyyə mülkiyyətində olan 13 hektar torpaq sahəsinin rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə dəyərindən aşağı satılması nəticəsində bələdiyyəyə ciddi zərər vurulmasına əsaslı şübhələr yaranıb: "Nəsir Nəsirliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilib".
İttihamlara N.Nəsirlinin özü və yaxınlarından münasibət almaq mümkün olmayıb. Həmin maddələrlə şəxsə 8 ilədək həbs cəzası verilə bilər.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2025-ci il üzrə)" bildirilirdi ki, araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib. 14-ü üzrə cinayət işi başlanılıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb.
Xatırlatma
Azərbaycanda son bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçirilib. 600-dən çox bələdiyyə formalaşıb.
Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri isə 1999-cu ildə baş tutmuşdu. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1 min 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı 1 min 606-ya düşürülüb. 2024-cü ildə də həmin proses davam edib, onların sayı yarıdan çox azaldılıb. Milli Məclis bunu bələdiyyələrin gücləndirilməsi istəyi ilə izah edib.
Amma bəzi ekspertlər Azərbaycanda bələdiyyələri hələ də həm hüquqi, həm də maddi baxımdan gücsüz sayırlar. Onların vurğulamasına görə, reallıqda ölkədə bələdiyyələr icra hakimiyyətlərindən asılıdır.