Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:42

Ərdə olan 16 yaşlı Fatimənin qətlində günahkar kimdir? (VIDEO)


İki həftə öncə gəlin köçən və rəsmi ittihama görə əri tərəfindən qətlə yetirildiyi bildirilən 16 yaşlı Fatimə Qəmbərovanın başına gələnlərdə günah kimdədir? Rəsmi qurumlar günahı bir-birinin üstünə atırlar.

Masallı rayonunun Həsənli kənd ərazi icra nümayəndəsinin müavini Fariz Kərimov AzadlıqRadiosuna deyir ki, vaxtında azyaşlının ailəsi ilə söhbət aparılıb, eləcə də polisə və icra hakimiyyətinə məlumat veriblər:

“Onun nənəsini çağırmışıq Həsənli kənd ərazi nümayəndəliyinə. Onunla söhbət apardıq ki, şəriətlə də, qanunla da, tibbi baxımdan da ailə qurması düzgün deyil. Yəni yetkinlik yaşına çatmayıb. Heç bir tədbir də görülmədi. Yəni, bizim sözümüzə əməl etmədiyinə görə məcbur olduq rəsmi surətdə icra hakimiyyətinə və polis şöbəsinə məlumat verdik”.

Polisin və ya rayon icra hakimiyyətinin niyə işə qarışmaması haqda suala Fariz Kərimovun cavabı belə olur:

“Daha bu onların öz işidir. Bizim ora qarışacağımız yoxdur. Toyun tarixini də məlumatda qeyd etmişdik”.

İcra nümayəndəlikləri: “Bizim kənddən olsaydı…”

İcra nümayəndəsinin müavini erkən nikahlarla bağlı məktəbdə, kənd klubunda tədbir keçirildiyini, ağsaqqalları, kənd mollasını çağırıb maarifləndirici söhbət apardıqlarını bildirir:

“Köhnəfikirli adamlar olur da. Bizdə kütləvi hal deyil. Qarşısını alırıq, elə vaxt olub gəlini toydan götürmüşük ki, toy olmasın. Kobudluqla yox. Sadəcə götürmüşük ki, başqasına dərs olsun. Mən şəklə baxıram, bunların özünə baxan lazımdır”.

İcra nümayəndəsi bu dəfə niyə eyni addımı atmayıb? Fariz Kərimov Fatimə Qəmbərovanın başqa kəndə ərə getdiyini bildirir.

Xoşçobanlı kəndinin də daxil olduğu Təklə ərazi nümayəndəliyindən Teymur Yusubov da eyni cavabı verir. O, Fatimə Qəmbərovanın başqa kənddən gəlin gətirildiyini, buna görə yaşını bilmədiklərini söyləyir:

“Bizim kəndin sakini deyil. Bizim kənddən olsaydı, bilərdik ki, filan təvəllüddəndir, təsərrüfatbaşı kitabımızda olmayandan sonra nə bilək neçə yaşı var? Ancaq oğlanı bilirik ki, 2001-ci ilin dekabrındandır”.

Masallı rayon icra başçısının birinci müavini Nadir Abıyev baş verənlərə görə mollaları ittiham edir. Ancaq o, bundan artıq heç nə demir, “kənarda olduğundan” ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ilə əlaqə saxlamağı məsləhət görür. Şöbə müdiri AzadlıqRadiosunun zənglərinə cavab vermir.

Masallıda 16 yaşlı Fatimə Qəmbərova öldürülüb
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Ailələrlə danışmaq mümkün deyil

Mərhum Fatimə Qəmbərovanın və onun ailə qurduğu İman Məmmədovun ailəsi ilə əlaqə saxlamaq mümkün olmur.

Həsənli kənd ərazi icra nümayəndəsinin müavini Fariz Kərimov AzadlıqRadiosuna deyir ki, 16 yaşlı qız nənəsi ilə yaşayıb: “Yazığın bəxti əvvəldən gətirməyib, atası ilə anası ayrılıb. Onun anası Bakıya ərə gedib, atası da başqa kənddəndir. Babası Rusiyada yaşayır. Nənəsi də qoca arvaddı, telefonları yoxdur. Özüm hüzr yerindəydim az əvvəl. Ekspertiza müəyyən edib ki, öldürülüb, əri də etiraf edib”.

Səbəb məmurların stereotipləridir?

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova günahı vəzifə sahiblərinin stereotiplərdən kənara çıxa bilməməsində görür. O, qanunvericilikdə dəyişiklik edildiyini, ancaq problemin qaldığını vurğulayır:

“Qanuna görə erkən nikahlar cinayət məsuliyyəti yaradır. Cinayət xronikasına baxsaq erkən nikahlarla bağlı demək olar, cinayət məsuliyyəti yoxdur. Bunun üçün prinsiplər olmalıdır, məmur stereotiplərdən yuxarıda durmalıdır. Bu onu göstərir ki, hələ də vəzifədə oturan şəxslər adi əhali kimi stereotiplərlə yaşayır. Onlar qanunun aliliyini yox, stereotipləri rəhbər tuturlar”.

O, erkən nikahlarla bağlı dövlət proqramının olduğunu, bu yöndə rəsmi qurumların, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, QHT-lərin maarifləndirmə işi apardığını qeyd etsə də, “nəticə ağırdır” deyə vurğulayır.

Zeynalova məktəblərin də etinasızlığından şikayətlənir. O, Fatimə Qəmbərovanın anası tərəfindən məktəbdən çıxarıldığını və iki ay sonra toyu olduğunu, ancaq məktəb rəhbərliyinin prinsipial mövqe qoymadığını deyir: “Məktəb uşağın məktəbə qayıtmasını tələb edibmi?”

AzadlıqRadiosu Fatimə Qurbanovanın təhsil aldığı məktəbdən açıqlama ala bilməyib.

Komitə tənqidlərlə razılaşmır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tənqidlərlə razılaşmır. Qurumun informasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova AzadlıqRadiosuna deyir ki, son illər erkən nikahların sayı azalmaqdadır və bunda Komitənin ayrıca payı var:

“2011-ci ildə 18 yaşına çatmadan nikaha girən qızların sayı 5 min 138 idisə 2018-ci ildə bu rəqəm 338-ə düşüb. Bu, böyük nailiyyətdir. Bundan başqa Ailə Məcəlləsinə dəyişiklik edilib, nikah yaşı qadınlar və kişilər üçün 18-dir. Cinayət Məcəlləsinə məsuliyyətlə bağlı maddə əlavə edilib. Bunların təsiri var”.

Onun sözlərinə görə, 2011-ci ildə 15-17 yaşlı qadınların dünyaya gətirdiyi uşaqların sayı 4 min 392 idisə 2018-ci ildə həmin rəqəm 2 min 129 olub, yəni iki dəfə aşağı düşüb.

Ancaq Aynur Veysəlova da etiraf edir ki, erkən nikah poblemi qalır. Onun sözlərinə görə, erkən nikahlara icra hakimiyyəti istisna hallarda icazə verə bilər. Amma Komitə rəsmisi bəzən gizlicə toy edildiyindən rəsmi qurumların prosesə müdaxilə edə bilmədiklərini qeyd edir.

A.Veysəlova erkən nikahların hələ də qalmasını stererotiplərlə bağlayır. O hesab edir ki, bunun üçün insanların dünyagörüşü dəyişdirilməlidir və bu “uzun çəkən prosesdir”.

O bu məqsədlə təlimlər keçirildiyini də bildirir.

Aynur Veysəlova bu işdə həm də cəmiyyətdən, valideynlərdən dəstək gözləyir:

“Onlara deyirik, uşaqlarınız o zaman ailə qura bilər ki, fizioloji, psixoloji olaraq buna hazırdırlar, ailə məsuliyyətini anlayırlar”.

A.Veysəlova Komitənin Fatimə Qəmbərovanın işini nəzarətdə saxladığını, araşdırmalardan sonra açıqlama veriləcəyini deyir.

Xatırlatma

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatına görə, Fatimə Qəmbərovanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Onun ailə qurduğu İman Məmmədovun cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulduğu, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf etdiyi bildirilir.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bəyan edib ki, araşdırmalar uşaq nikahı hallarında məişət zorakılığının baş vermə riskinin daha yüksək olduğunu göstərir.

Komitə ölkə qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayanın erkən yaşda ərə verilməsini uşaq hüquqlarının pozulması kimi qiymətləndirildiyini xatırladır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG