Noyabrın 22-də Rusiya baş nazirinin müavini Dmitri Roqozin Britaniyada 2018-ci ildə keçiriləcək Farnboro aviasiya şousunun təşkilatçılarını bu tədbirə Rusiya hərbi təyyarələrinin buraxılmaması qərarına görə tənqid edib.
Roqozin özünün Facebook səhifəsində yazıb: “Qonaqları Suriyadakı müharibənin nəticəsində həlledici rol oynamış ən yaxşı döyüş aviasiyasını görməkdən məhrum etmək axmaqlıqdır”.
Bundan bir gün əvvəl Rusiyanın TASS dövlət xəbər agentliyi bildirmişdi ki, Farnboro hava şousunun təşkilatçıları gələnilki tədbirdə Rusiyanın iştirakını qadağan ediblər.
Farnboro aviasiya şousunun təşkilat komitəsinin bəyənatında deyilir: “Biz Rusiyadan silah və hərbi avadanlıq ixracına Avropa İttifaqının embarqosu ilə bağlı Britaniya hökumətinin Eksporta Nəzarət Təşkilatının göstərişlərinə uyğun şəkildə qərar çıxarırıq. Biz ENO-nun qaydalarına uyğun olan bütün ölkələrin şouda iştirakını təmin edirik”.
Bu arada Rusiyanın RIA Novosti agentliyi Britaniya Eksporta Nəzarət Təşkilatına istinadən xəbər verib ki, hazırda Rusiyadan silah və hərbi avadanlığın idxal və ixracını qadağan edən Avropa İttifaqı embarqosu qüvvədədir.
TASS bildirir ki, 2016-cı ilin Farnboro şousunda Rusiyanın iştirakı minimum olub. Roskosmos bu şouya nümayəndə heyəti göndərsə də, avadanlıq göndərməmişdi. Rusiyanın silah ixracatçısı Rosoboronexport bu tədbirdə iştiraka maraq göstərməmişdi.
Agentliyin məlumatına görə 2014-cü ilin şousu zamanı Ukraynadakı geosiyasi vəziyyətlə bağlı Rusiya nümayiəndə heyətinin yarısına Britaniya vizalarının verilməsindən imtina edilmişdi.
TASS yazır ki, 2015-ci ildə Britaniya Roskosmosun nümayəndə heyətini yerli müdafiə sərgisinə buraxmadıqdan sonra, Rusiya kosmik agentliyi 2016-cı ilin Farnboro aviasiya şousunda iştirakdan imtina etmişdi.
Farnboro şousu dünyanın ən mötəbər beynəlxalq aviasiya tədbirlərindən biridir.
Şou İngiltərənin Hempşir qraflığındakı Farnboro şəhərinin aerodromunda keçirilir.
2018-ci ilin şousu iyulun 16-22-də keçiriləcək.