Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Faiq Mustafa: ‘İstəyirlər, bayramı İranla bir gündə keçirək’


Aşurbəy məscidinin imamı Faiq Mustafa
Aşurbəy məscidinin imamı Faiq Mustafa

"Ay çıxıbsa bu gün bayramdır. Olmaz axı, bir gün sonra və ya bir gün əvvəl bayram edəsən. Bayram günü oruc tutmaq olmaz... Belə problemlər çıxır da"

İki il öncə təmirə bağlanan İçərişəhərdəki “Aşurbəy” (“Ləzgi”) məscidi nə zaman fəaliyyətə başlayacaq? Məscidin dini icması harda bir araya gəlir?

Məscidin imamı Faiq Mustafa AzadlıqRadiosu-na bunları deyir:

Məscid təmirdədir və deyilənə görə, hələ təhvil verməyiblər. Bizimlə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən danışıq aparılıb. Bizə deyiblər ki, təmir başa çatandan sonra fəaliyyətə başlamağımız üçün özləri xəbər verəcəklər. İndiyə kimi onlardan bir xəbər yoxdur.

Məscid artıq iki ildir təmirə bağlanıb. Məscidə gedib baxmışınız? Təmir necə gedir?

Mən içəri girib baxa bilməmişəm. Qapı həmişə bağlı olub. Ona görə içəridən xəbərim yoxdur. Amma dediklərinə görə, təmir bitib, guya bu yaxınlarda təhvil veriləcək. Mən belə eşitmişəm. Amma həqiqətdə necədir, onu dəqiq bilmirəm, Allah bilir.

Sizə məsciddə təmirin başa çatdığını kim deyib?

“İçərişəhər” Qoruğu İdarəsindən bir nəfər səlahiyyətli şəxs deyib ki, bu yaxınlarda məscid açılmalıdır. Bu söhbət də beş-altı aydır olub. İndiyə kimi hələlik, nə xəbər var, nə ətər, nə də zəng vuran. Bizə məlumat verən yoxdur. Məscid də bağlıdır.

Siz baş verənləri necə dəyərləndirirsiniz? Məqsəd nədir?

Çox güman, əsas səbəb icmanı dağıtmaqdır. İslamı olduğu kimi yox, öz istədikləri kimi, öz əlavələri ilə yaymaqdır məqsədləri.

Bədbinsiniz elə bil. Məscidin açılmasına imidiniz yoxdur?

Əlbəttə, ümid var. Amma... Necə deyim, çox cüzi ümiddir. Bilmirəm... Ümid edirik. Amma çox mürəkkəb məsələdir. Problem gəlib yenə eyni yerə çıxır, biz təbliğ etdiyimiz din onları qane etmir. Yəni biz dini necə varsa o cür təbliğ edirik, bunlar isə öz istədikləri kimi.

Nəyi nəzərdə tutursunuz?

Namazla, azanla bağlı müəyyən vaxt təyin edirlər, misal üçün bayram günlərini öz istədikləri kimi təyin edirlər. Bunlar istəyir ki, hər şey onların istədiyi kimi, dediyi kimi olsun, olduğu kimi yox.

Siz “bunlar” deyəndə kimi nəzərdə tutursunuz?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini, Qafqaz Müsəlmanları İdarəsini. Bu, onların işidir.

Hökumət bəlkə dini qraşıdurmalardan, təriqət, məzhəb davasından çəkindiyi üçün kompromis axtarır, ortaq məxrəc tapmaq istəyir?

Ola bilər. İndi postsovet məkanında çox yerdə İslamı bu cür, özlərinin dediyi kimi “dövlətə, millətə uyğun formada” təbliğinin aparılmasını istəyirlər. Din dindir. Bununla oynamaq olmaz. Ay çıxıbsa, bu gün bayramdırsa, deyək ki, yox, bayram sabahdır? Bu, düzgün deyil.

Siz Ramazan və Qurban bayramları ilə bağlı QMİ-nin fətva verməsini deyirsiniz?

Bəli. Bu il yenə bayramı öz istədikləri kimi bir gün sonraya keçirdilər, bayram bir gün gec keçirildi. İstəyirlər, bayramı İranla bir gündə keçirək. Bu, alınmır, axı. Ay çıxıbsa bu gün bayramdır. Olmaz axı, bir gün sonra və ya bir gün əvvəl bayram edəsən. Bayram günü oruc tutmaq olmaz... Belə problemlər çıxır da.

Bu halda siz necə davranırsınız?

Biz həmişə bildiyimiz kimi keçiririk, Ay çıxan günün səhəri bayram edirik.

Bəs bayram günləri və ya namazın vaxtı ilə bağlı rəsmi qurumlara etirazınızı çatdırmısınızmı?

Bu haqda bir dəfə Mübariz Qurbanlı ilə danışmışam. Mən dedim ki, biz dini ayinləri olduğu kimi edəcəyik. Bu da onları qane etmədi. Cavab verildi ki, biz deyən kimi olmalıdır. Yəni bir ortaq fikrə gələ bilmədik.

Qayıdaq məscidlə bağlı suallara. Sizin dini icma indi harda ibadət edir?

Dini icmaya mən artıq nəzarət edə bilmirəm. Hərə hara yaxındı, harda bacarır ora gedir. Açılsa yenə yığışardıq öz məscidimizə, davam edərdik ibadətimizə. Amma indi camaatımızı görə bilmirik. Məscidə gələnlərlə nadir hallarda görüşürük. Yenə əvvəl cümədən cüməyə görüşürdük, indi heç düzü, cümə namazına da gedə bilmirəm. Çox vaxt alınmır. Heç bilmirəm camaat hara gedir, harda qılır namazı, xəbərim yoxdur. Bizə qarşı ayrı-seçkilik var.

AzadlıqRadiosu müsahibədə səslənən tənqidlərə rəsmilərdən də mövqe almağa çalışır, saytımızı izləyin.

ABŞ Dövlət Departamentinin 2017-c ildə dini durumla bağlı yaydığı hesabatda Azərbaycanda bir sıra məscidlərin təmir adı altında bağlandığı, dini azlıqlara dözümsüzlük nümayiş etdirildiyi deyilirdi.

Hökumət tənqidlərlə razılaşmır, ölkədəki dini tolerantlığın dünyaya nümunə olduğunu bəyan edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG