Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Aprel, şənbə, Bakı vaxtı 09:36

Faiq Əmirlidən 39 min manat tələb olunur


Faiq Əmirli azadlıqda
Gözlə
Embed

No media source currently available

0:00 0:01:30 0:00

Faiq Əmirli azadlıqda

«Azadlıq» qəzetinin həbsdən şərti azad edilən yayım direktoru Faiq Əmirli Səbail Rayon Məhkəməsinə çağırılıb. O, dünən, noyabrın 8-i məhkəmənin icra şöbəsində olub.

Bu haqda onun özü bildirib.

F.Əmirli bildirir ki, məhkəmə qərarlarını icra şöbəsində ondan iltizam alınıb. İltizama görə, F.Əmirli ayda iki dəfə şöbəyə gedib qeydiyyatdan keçməli, yaşayış yerini tərk etdiyi hallarda şöbəni xəbərdar etməlidir.

İcra şöbəsində həmçinin, ona şöbənin müvafiq qərarı təqdim edilib.

F.Əmirlinin deməsinə görə, qərar onun vergi borcunun ödənilməsi ilə bağlıdır. Ondan vergi borcunu ödəməsi tələb olunur.

Yayım direktorunun bildirməsinə görə, qərarda göstərilir ki, Səbail Rayon Məhkəməsi bu il iyulun 24-də ondan 39 min 21 manat pul tutulması barədə icra vərəqəsi göndərib. F.Əmirlinin deməsinə görə, ona bildirilib ki, noyabrın 6-da həmin icra sənədi üzrə icraata başlanılıb. O, 10 gün müddətində göstərilən məbləğin ödənilməsini təmin etməli, ödəniş qəbzini məhkəməyə təqdim etməlidir.

F.Əmirli bunu etməyəcəyi təqdirdə, onun əmlakı üzərinə həbs qoyula, satışa çıxarıla bilər. Belə olan halda, F.Əmirlidən əlavə olaraq icra xərcləri və 7 faizlik məcburi icra ödənişi tutula bilər.

Faiq Əmirliyə 3 il 3 ay cəza verildi
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

F.Əmirlinin bu açıqlamasına hələlik Səbail Rayon Məhkəməsinin icra şöbəsinin və aidiyyəti üzrə başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra Əmirliyə yeni ağır ittihamlar irəli sürüldü. Ancaq ona verilmiş bəzi ittihamlar məhkəmə öncəsi götürüldü.

F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib. O, 3 il 3 ay azadlıqdan məhrum edilib, vergidən yayınmağa görə cərimələnmişdi. Bu il sentyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi onun barəsindəki qərarı dəyişmişdi. Qərara əsasən, F.Əmirliyə münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmuşdu. Səbail Rayon Məhkəməsinin hökmü ilə ona verilən 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay 5 günü şərti hesab olunub, ona 3 il sınaq müddəti təyin edilmişdi. F.Əmirli məhkəmə zalından azadlığa buraxılmışdı.

F.Əmirli həmçinin, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisidir. Bu partiya onun həbsini siyasi sifariş sayırdı. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağrılıb, ifadələri alınıb.

Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG