Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:05

Lalə Əmirli: 'Onun İmam Faiq kimi həbsini gözləmirdim'


Faiq Əmirli
Faiq Əmirli

►“Uşaqlar hər səhər yuxudan oyananda “Ata gəldi?” deyə soruşurlar, hər axşam bağçadan götürəndə yenə eyni sualı verirlər: “Ata gəldi?”

Bu sual mənə əzab verir...

Başa salıram... Atalarının mədəsi xəstədir. 15 gündən bir mədəsində problem yaranır, qaytarır. Bu da uşaqların gözünün qabağında olurdu.

Ona görə uşaqların başına yeritmişəm ki, “ata həkimdədir, mədəsi sağalsın, gələcək”... Balaca 3 yaşında olsa da çox ağıllıdır. Deyir: “Ata nə çox qaldı həkimdə? Həkim onu sağaltmadı?”

“Faiqin həbs olunacağını həmişə gözləmişəm, amma imam Faiq kimi həbs ediləcəyinmi gözləmirdim. Absurd və gülməli ittihamdır”.

Lalə Əmirli belə deyir. O, AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin texniki direktoru, istintaq orqanlarının “Hizmet” hərəkatının imamı kimi təqdim etdiyi Faiq Əmirlinin həyat yoldaşıdır.

Ərinin həbsindən danışarkən deyir: “Ona belə damğanı vuracaqlarını gözləmirdim. Bilmirdim ki, Faiq imamdır”, –yarıəsəbi, yarıironik gülür.

İki uşaq anasıdır Lalə Əmirli. Ailə qurmazdan öncə Faiq Əmirli ilə bir yerdə işləyiblər. Siyasi hakimiyyətə müxalifətdə duran bir şəxslə ailə qurduğunu da gözəl bilib. Ona görə də...

– Həbsini gözləyirdim, iyulun 1-dən sonra daha çox gözləməyə başladım. Onu maşınla güdürdülər. Mən də maşındaydım. Ondan sonra özümü alışdırmağa başladım ki, Faiqi tuta bilərlər. Biz 102-yə (DİN-in “102” xidməti) də məlumat verdik. Bizi polisə çağırdılar, izahat aldılar, dedilər: “Məlumat verəcəyik”. Sonra da susdular...Həbs olunanda yanında deyildim, onu elə yoldan, maşınına minmək istəyərkən götürüb apardılar. Mənə dedilər ki, “yoldaşınızı apardılar”, üstündən 15-20 dəqiqə keçmişsə iki nəfər əlində açar gəlib maşının baqajına nəsə qoyub getdi. Faiq də deyir ki, maşının açarını ondan alıblar, amma az sonra qaytarıblar.

Buna da bax: Azərbaycanda yeni ittiham: Gülençi

– İnsan özünü həmişə müxtəlif situasiyalara hazırlaya bilər, amma o an gələndə yenə də hazırlıqsız olduğunu görər. Siz ərinizin həbsini, avtomobilinə nəsə qoyulması haqda deyilənləri eşidəndə nə düşündünüz?

– O an uşaqlardan başqa heç nə düşünmədim. Fikirləşdim ki, uşaqlarıma nəsə ziyan vura bilərlər... Düşündüm ki, uşaqlar qorxarlar. Nə bilim. Faiqdən, uşaqlardan başqa nə fikirləşə bilərəm?

– Uşaqlarınız körpədir, deyəsən?

– Fatimənin 5 yaşı dekabrda olacaq, Leylanın isə 3 yaşı var.

– Uşaqlar yəqin atalarının harda olduğunu soruşurlar. Nə deyirsiz onlara?

– (Dərindən nəfəs alır. İlk dəfə ona çox çətin olduğunu bu qədər açıq büruzə verir) Mənə çox çətindir. Onların elə danışmaqları mənə əzab verir. Adi vaxtda sakitəm, Faiqə görə sakitəm. Amma uşaqlar hər səhər yuxudan oyananda “Ata gəldi?” deyə soruşurlar, hər axşam bağçadan götürəndə yenə eyni sualı verirlər: “Ata gəldi?” Bu sual mənə əzab verir... Başa salıram... Atalarının mədəsi xəstədir. 15 gündən bir mədəsində problem yaranır, qaytarır. Bu da uşaqların gözünün qabağında olurdu. Ona görə uşaqların başına yeritmişəm ki, “ata həkimdədir, mədəsi sağalsın, gələcək”... Balaca 3 yaşında olsa da çox ağıllıdır. Deyir: “Ata nə çox qaldı həkimdə? Həkim onu sağaltmadı?” Çox gözləyirlər, hə.

Faiq Əmirli
Faiq Əmirli

Buna da bax: Fethullah Gülen, Erdoğan və «İmamın ordusu»

– Uşaqları, yəqin, davamlı bu cür aldada bilməyəcəksiz.

– Əlimdən başqa nə gəlir? Nə edə bilərəm? Onlar axı, hələ bilməzlər “həbs” nədir. Sadəcə, polisi görəndə deyirlər ki, atanın maşınını polislər apardı. Hər gün də soruşurlar: “Polis atanın maşınını gətirməyəcək?”

– Faiq bəylə danışa bilmisiniz?

– İki dəfə zəng vurub. Deyir: “Yaxşıyam, narahat olmayın, özüm də günahsızam”. Hərçənd biz də günahsız olduğunu bilirik. Gözləməkdən, səbir etməkdən başqa əlimizdən heç nə gəlmir. Möhkəməm. Amma maşının polisdə qalması da məni özümdən çıxarır. Ağır Cinayətlərin həyətindədir. Sterilizə olunacaq, axtarış aparılacaq, sonra veriləcək bizə. “Əlimizdə işimiz var” deyirlər. Bu da işdir, görün də. Niyə uzadırsız ki? Demirəm ki, maşın mənə bu dəqiqə gərəkdir. Amma... Elə bilirəm Faiqin yarısı ordadır.Şəxsi əmlakımızdır. Faiq o maşına göz bəbəyi kimi baxırdı.

Buna da bax: Əli Kərimli ona qarşı "Gülençi" ittihamları barədə

– Çox narahat və gərginsiz...

– Hə, narahatam, həm Faiqə, həm uşaqlara görə. Beş dəqiqə oturub Faiqi fikirləşirəm, 10 dəqiqə uşaqları. Yolu keçəndə uşaqlardan bərk-bərk yapışıram ki, nəsə olmasın. Faiqdən narahatam ki, kimin yanındadır, necədir? Onunla necə davranırlar? Faiq deyir ki, narahat olma, yaxşıdır hər şey.

– “Uşaqlardan bərk-bərk yapışıram” dediniz. Niyə? Onlara kiminsə xətər yetirməsindən qorxursunuz?

– Heç nə edə bilməzlər. Sadəcə, Faiqin həbsindən sonra ikiqat diqqətliyəm. İkiqat narahatam. Onları qorumağa çalışıram. Gözümdən qırağa qoymuram. Faiq uşaqlardan ötrü ömrünü verər. Aparılandan üç gün sonra vəkildən xəbər göndərdi ki, “uşaqlardan muğayat olsun, başqa heç nədən narahat olmasın”.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [video]

F. Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F. Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG