Çapı dayanan “Azadlıq” qəzetinin yayım direktoru və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Faiq Əmirlinin bu gün, aprelin 8-də saxlandığı bildirilir.
Bu barədə Azadlıq Radiosuna onun ailəsi məlumat verib.
Məlunata görə, bir neçə mülki geyimli şəxs Faiq Əmirlini yaşadığı evin yanında maşına otuzduraraq naməlum istiqamətə aparıb.
"Bir neçə maşınla gəlmişdilər. Faiqin qollarını buraraq maşınlardan birinə otuzdurub apardılar", deyə onun ailəsindən bildiriblər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından da bildirilib ki, Faiq Əmirlinin saxlanması onun siyasi fəaliyyəti ilə bağlıdır.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə “Turan” agentliyinə deyib ki, Faiq Əmirlinin saxlanması barədə heç bir məlumatı yoxdur.
Deyilənlərə, Daxili İşlər Nazirliyindən də, hələlik, münasibət almaq mümkün olmayıb.
XATIRLATMA
Faiq Əmirli bundan öncə, 2016-cı il avqustun 20-da saxlanmışdı. O, əvvəlcə Cinayət Məcəlləsinin (CM) 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra Faiq Əmirliyə yeni ağır ittiham irəli sürülmüşdü.Ancaq ona verilmiş bəzi ittiham məhkəmə öncəsi götürüldü.
Faiq Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edildi.
O, 3 il 3 ay azadlıqdan məhrum edilib.
Daha sonra Faiq Əmirliyə münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Səbail Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay beş günü şərti hesab olunub. Faiq Əmirli 2017-ci il sentyabrın 15-də azadlığa çıxıb.
AXCP Faiq Əmirlinin həbsini siyasi sifariş sayırdı. Onun həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.
Amma rəsmilər ölkədə siyasi motivli həbslərin olması haqqında deyilənləri təkzib edirlər.