Facebook və Twitter şirkətlərinin rəhbərləri ABŞ-da qarşıdan gələn mövsümarası seçkilərə xarici müdaxilə olmaması üçün platformalarını daha yaxşı müdafiə etməyi vəd ediblər.
Facebook şirkətində ikinci şəxs sayılan Sheryl Sandberg və Twitter şirkətinin icraçı direktoru Jack Dorsey sentyabrın 5-də ABŞ Senatının Kəşfiyyat Komitəsinin qarşısında ifadə veriblər.
Senat komitəsinin respublikaçı rəhbəri Richard Burr sosial şəbəkə liderlərinin bəyanatlarından məmnun olduğunu deyib, lakin əlavə edib ki, seçki müdaxiləsinin qarşısının alınması üçün daha çox iş görülməlidir.
Konqres ötən il ərzində media şirkətlərini Rusiyanın onların platformlarından sui-istifadə etməsinə qarşı lazımi tədbirlər görmədiklərinə görə kəskin tənqid edib.
Xüsusi prokuror Robert Mueller bu ilin əvvəlində 13 rusiyalıya qarşı 2016-cı il ABŞ prezident seçkisinə müdaxiləyə görə ittiham irəli sürüb.
Sanberg və Dorsey onların şirkətlərinə aid platformalardan sui-istifadənin qarşısını lazımınca ala bilmədiklərini etiraf ediblər.
Xanım Sandberg deyib ki, Facebook “əlaqələndirilmiş və qeyri-adi davranışa malik yüzlərlə hesabı bağlayıb”.
Jack Dorsey deyib ki, Twitter xüsusi prokuror Robert Mueller-in ittihamnaməsində adı çəkilən Rusiya internet agentliyinə aid ola biləcək şübhəli hesabları bağlayıb.
O bildirib ki, indiyədək 3843 şübhəli hesab bağlanıb.