Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:45

Facebook onlayn nifrəti 'qızışdırır'


İllüstrativ foto
İllüstrativ foto

ABŞ media qurumları Facebook-un keçmiş işçisi Frensis Haugenin bu ayın əvvəlində sızdırdığı sənədlərə çıxış əldə ediblər və oktyabrın 25-də şirkətin daxili işlərindən yazmağa başlayıblar

Oktyabrın 25-də Facebook sosial şəbəkəsi yenidən tənqidlə üzləşib. ABŞ mediası sosial media şəbəkəsinin mənfəətini istifadəçilərin təhlükəsizliyindən üstün tutduğunu iddia edən məlumatlar dərc etməkdədir.

ABŞ media qurumları Facebook-un keçmiş işçisi Frensis Haugenin bu ayın əvvəlində sızdırdığı sənədlərə çıxış əldə ediblər və oktyabrın 25-də şirkətin daxili fəaliyyətindən yazmağa başlayıblar.

“Bu ifşaedici sənədlər Facebook rəhbərliyinin ciddi daxili həyəcan siqnallarını gözardı etdiyini, mənfəəti adamlardan üstün tutduğunu göstərir”, – Konnektikut ştatından demokrat senator Riçard Blumental Twitter-də yazıb.

Blumental qeyd edib ki, bu ifşalar şirkətin “yeniyetmələrə, hətta demokratiyamıza vurduğu ziyanla” bağlı araşdırmanı tam yaymasını vacib edir.

Aya 2.91 milyard aktiv istifadəçi

Facebook-un açıqladığı maliyyə hesabatına görə, sentyabrın 30-da bitən rübdə gəliri 17 faiz artaraq 9.2 milyard dollara, aktiv istifadəçi bazası isə aya 2.91 milyarda çatıb.

Haugen oktyabrın 25-də Britaniya parlamentariləri qarşısında ifadə verib. Onun parlament komitəsində dediyinə görə, sosial media nəhəngi onlayn nifrət və ekstremizmi qızışdırır, uşaqları ziyanlı kontentdən qoruya bilmir.

Haugenin sızdırdığı daxili araşdırmalarda deyilir ki, şirkət rəhbərləri saytlarının ziyan vurma potensialından xəbərdar idi.

Zukerberqin arqumentləri

Facebook-un icraçı direktoru Mark Zukerberq isə şirkəti müdafiə edib. Onun sözlərinə görə, Facebook-un mənfəəti təhlükəsizlik və rifahdan üstün tutması iddiaları “sadəcə doğru deyil”.

Oktyabrın 25-də jurnalistlərlə telekonfrans vasitəsilə danışan Zukerberq qeyd edib ki, “xoş niyyətli tənqid bizim işimizi yaxşılaşdırır. Ancaq fikrimcə, hazırda şirkətin saxta mənzərəsini yaratmaq üçün sızdırılmış sənədlərdən selektiv istifadə olunur”.

Haugen isə iddia edir ki, Facebook hətta kiçicik mənfəəti belə təhlükəsizliyə qurban vermək istəmirdi. Onun britaniyalı deputatlara deməsinə görə, qəzəbli və nifrət dolu kontent sosial media platformasını “böyütməyin ən asan yoludur”.

Facebook zərərli kontentə qarşı qaydaları olduğunu, mütəmadi şəffaflıq hesabatları dərc etdiyini bildirir. Şirkət 2016-cı ildən bəri təhlükəsizliyə 13 milyard dollar sərf etdiyini, son üç rübdə nifrət çıxışının həcmini “yarıya qədər” azaltdığını qeyd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG