Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:50

Olimpiya çempionu Fərid Mənsurovun müalicəsi üçün yardıma ehtiyacı var


Fərid Mənsurov
Fərid Mənsurov
2004-cü il Afina Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə qızıl medal qazanmış Fərid Mənsurovun 2008-ci il olimpiadasında iştirakı təhlükə altındadır. Belindəki zədəyə görə Fərid Mənsurov 9 aydır idmandan uzaqlaşıb

Məşqçisi Elçin Cəfərovun sözlərinə görə, yetirməsi xaricdə lazımi müalicə almasa, növbəti olimpiya oyunlarında iştirak etməyə bilər: «2008-ci ilin Olimpiya Oyunları haqqında danışmaq çətindir. Bunu nə mən, də Fərid deyə bilər. Onun onurğasında yırtıq var. Moskvada müalicə olunandan sonra Bakıda vəziyyəti çətinləşdi. Moskvada dedilər Bakıdakı müalicə əks effekt verir. Bu cür zədələr idmançıların çoxunda olur. İstəyimiz odur ki, harada olmasından asılı olmayaraq müalicə olub idmana qayıtsın. Deyirlər, bu zədələrin müalicəsi Almaniyadadır. Bundan əziyyət çəkən başqa idmançılar müalicə olub qayıdıblar. Çox təəssüf ki, indi Fərid ağrıyla gəzir. O, karyerasına son qoya bilər».

Məşqçi onu da deyir ki, yetirməsi 2008-ci il olimpiadasına qatılmaq üçün lisenziya oyunlarında da iştirak etməlidir: «Vaxt da gedir, iki ildən də az vaxt qalıb. İdmançı müalicə olunub lisenziya qazanmalı, yarışlarda iştirak etməlidir. Tələsmək lazımdır».


Fərid Mənsurov özü də deyir ki, müalicəsinin Almaniya və İsraildə mümkün olduğunu bilir. Amma həmin ölkələrdə müalicəsi üçün 15-20 min dollar arası pul tələb olunur: «Bu dəqiqə mənim buna imkanım yoxdur. Səhhətim də məşqlərə imkan vermir. Onurğada 3 mm yırtıq var. Demək olar ki, ayda bir həkimə gedirəm, xeyrini görmürəm. Müalicəyə öz imkanın çatmır. Bütün ailə üstümdədir. 2004-cü ildə hökumətin verdiyi pul da qurtarıb. İstəyim odur ki, müalicə olunub, çıxım güləşim. Mənə pis təsir edir, 24 yaşım var, imkanım var ki, yenə əvvəlki nəticəni göstərim».


Fərid Mənsurov və onun məşqçisi Elçin Cəfərov
Fərid Mənsurov deyir ki, onun tibbi sığortası yoxdur. Ümumiyyətlə, Bakıda hələ idmançılar üçün xüsusi müalicə ocağı yoxdur. İdman Dispanseri adlanan mərkəzdə isə yarışlara getməmişdən əvvəl onlar qeydiyyatdan keçir və zədələri olub-olmaması yoxlanır. İlkin müalicə alırlar. Əgər idmançının cərrahiyyə əməliyyatına ehtiyacı olarsa, sponsor axtarışına çıxmalıdır.


Gənclər və İdman Nazirliyinin şöbə rəisi Raqif Abbasov deyir ki, Nazirlik yığma komandanın üzvlərinin müalicəsinə həmişə nəzarət edir. Yardımlar göstərməyə çalışır. Konkret Fərid Mənsurova gəldikdə, Raqif Abbasov deyir ki, keçən il güləşçinin müalicəsi Moskvada təşkil olunub: «Keçən il İdman Nazirliyi Moskvada ona maddi dəstək göstərib. Bu müayinə uzunmüddətlidir. Mütəmadi müayinənin keçirilməsi və müalicəsi nəzərdə tutulur. Bizə yenə müraciət edib. Çox güman ki, yenə kömək ediləcək. Diqqətdən kənarda qalmayacaq».


Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov isə deyir ki, Fərid Mənsurovun hazırkı müalicəsi hələ davam edir. Onun fikrincə, xaricdə müalicəyə ehtiyac yoxdur: «Əgər olarsa, onu da təşkil edəcəyik. İstəmərik ki, olimpiya çempionu yarışlardan kənarda qalsın».


Fərid Mənsurov da, məşqçisi Elçin Cəfərov da 2008-ci il olimpiya oyunlarının vaxtının çatmasından narahatdırlar. Olimpiya çempionu həm də həkimlərin onun idman karyerasını davam etdirib-etdirməyəcəyi haqqında dəqiq fikir söyləmələrinə tələsir. Çünki indilik ona ancaq bir-birinə əks cavablar verilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG