Keçid linkləri

2024, 03 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:43

Fəzail İbrahimli: 'Parlamentin buraxılmasının mənası budur'


F.İbrahimli
F.İbrahimli

Vətəndaş Həmrəyliyi Partiyasının ideoloji işlər üzrə katibi, deputat Fəzail İbrahimli parlamentin buraxılmasını həyatın bütün sahələrində yeniliklər baş verməsi ələ əlaqələndirir:

«Prezident Administrasiyasındakı struktur dəyişiklikləri məlumdur, hüquq-mühafizə sahəsində dəyişikliklər baş verib. Qanunvericilik sahəsində deputatların iştirakı ilə böyük islahatlar paketi qəbul edilib»,-F.İbrahimli «Turan» agentliyinə bu məsələni dəyərləndirərkən söyləyib.

Deputat deyib ki, icraedici orqanlarda dəyişikliklər sərəncamla baş verir, Milli Məclisin yenilənməsi barədə qərar isə seçicinin əlindədir. Onun fikrincə, yeni parlamenti formalaşdırmaq seçicilərin ixtiyarına verilir.

«Bu da mümkündür ki...»

Deputat əlavə edib ki, 4 il öncə Azərbaycanda mövcud olan struktur indi mövcud deyil. Onun vurğulamasına görə, 4 il öncəki kadrların demək olar ki, 70-80 faizi dəyişib, Nazirlər Kabinetində böyük dəyişikliklər baş verib: «Milli Məclisdə məsələ sərəncamla həll edilmir. Bunun bir yolu var, o da seçkilərdir, seçkilərin də sərəncamını xalq verir. Parlamentin buraxılmasının mənası budur».

F.İbrahimli əlavə edib ki, parlamentin buraxılması onun yox, Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsüdür, bu təşəbbüsü dəstəkləyib. Onun fikrincə, parlamentdə kifayət qədər dəyişikliklər ola bilər, yeni qüvvələr gələ bilər: «Bu da mümkündür ki, yeni parlamentin özündə də kifayət qədər mühafizəkarlar, islahatlarla ayaqlaşa bilməyənlər olsun, amma bu, artıq xalqın seçimi olacaq, hörmətlə yanaşılmalıdır».

«Demokratikləşmə uzun çəkən bir prosesdir»

İslahatlardan danışılsa da, inhisar, korrupsiya, sərbəst toplaşmaq azadlığı və başqa məsələlərlə bağlı hələ də şikayətlərin olması ilə bağlı sualı cavablandıran F.İbrahimli deyib ki, bu, Amerikanın 100 ilə getdiyi yolu Azərbaycanın 30 ilə getmək istəyidir: «Bu demokratikləşmə prosesi uzun çəkən bir prosesdir. Əvvəla, dünyanın 100 illərlə getdiyi yolu Azərbaycan 30 ilə qət edə bilməz. Üstəgəl, 70 il sovet psixologiyasında yaşayan insanları birdən birə döndərib demokrat etmək olmaz.


Kiminin daxilində mühafizəkarlıq var, keçmişə baxış var, vaxtılə birinci katib olmuşlar bu dəyişəkliləri necə alqışlaya bilər? Ciddi maneələr var. Sovet imperiyasından ayrılmış ölkəyik, bunun hələ qalıqları qalmaqdadır. Mənim özüm elə, sovet ideologiyasında böyümüş insanam, elə məsələlər var ki, ayağımın birini irəli, birini geri qoyaraq qəbul edə bilirəm... Güman edirəm ki, xalqın seçimi düzgün olacaq, parlament formalaşacaq».

«Mərdi qova-qova namərd etmək»

F.İbrahimli indiki parlamentə aqressiv münasibəti, bütün deputatları varidat toplamaqda ittiham etməyi əsassız sayır, ittihamları «mərdi qova-qova namərd etmək» adlandırır. Onun fikrincə, Azərbaycan parlamentinin bu 4 illik tarixi də ölkənin siyasi tarixinin ən şərəfli səhifələrindən biridir. Deputatın qeyd etməsinə görə, amma parlamentin buraxılması Azərbaycanın tarixində ilk dəfə olduğuna görə təəccüblə qarşılanır.

Xatırlatma

Dünən, dekabrın 2-də Milli Məclisin növbədənkənar iclası keçirilib.

İclasda hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciəti müzakirə edilib.

Müzakirələrdə Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət olunması barədə qərar layihəsi hazırlanıb. Layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Sənəddə parlamentin buraxılması islahatlara dəstəklə əlaqələndirilib.

Qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər bitərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. 1 deputat isə səsvermədə iştirak etməyib.

Ötən həftə, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər.

YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Parlamentin hazırkı tərkibi 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilər əsasında formalaşıb. 2020-ci ilin noyabrında bu parlamentin fəaliyyət müddəti başa çatırdı. Parlamentin tərkibi 125 nəfər deputatdan ibarətdir. Onların yarıdan çoxu YAP təmsilçiləridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG