Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:25

Azərbaycan Gürcüstanda həbsdə olan cərrahı axtarışa verib


Fərman Ceyranlı
Fərman Ceyranlı

Azərbaycan “Lanset” klinikasının həmtəsisçisi, cərrah, hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlını axtarışa verib.

Onun axtarışa verilməsi barədə elan Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib.

“Barəsində Azərbaycan Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır” - elanda yazılıb.

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib.

1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb.

O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda “Lancet” klinikasının yaradıcılarından biri olub və 2017-ci il mayın 22-də həbs edilib.

Fərman Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu.

Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi ötən il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqqında hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.

Fərman Ceyranlı ittihamı qəbul etməyib və bildirib ki, Azərbaycandan verilən sifarişlə həbs edilib.

O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib.

2018-ci ilin dekabr ayında isə Gürcüstan Apelyasiya Məhkəməsinin qərarı ilə Fərman Ceyranlı barəsində 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldılıb. Onun 2 il 3 aylıq cəzası bu ilin avqust ayında başa çatır.

Fərman Ceyranlının məhkəmədəki qeyd edilən açıqlamasına həmin vaxt nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.

Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, Fərman Ceyranlının siyasi baxışlarına görə həbs edildiyini deməsinin heç bir əsası yoxdur.

Azərbaycanın Fərman Ceyranlını axtarışa verməsinə, hələlik, nə ondan nə də vəkilindən münasibət almaq mümkün olub.

XS
SM
MD
LG