Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Fəhlələr kompensasiya istəyir


“Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun modernizasiya layihəsində çalışan Türkiyənin “Üstay” şirkətinin işçiləri yanvarın 16-da etiraz aksiyası keçirib.

50-dən çox işçi Sumqayıtda Etilen-Polietilen zavodunun ərazisində yerləşən “Üstay” şirkətinin ofisin qarşısında toplaşıb.

Şirkətdə çalışanların sözlərinə görə, aksiyaya səbəb işçilərin təzminatının verilməməsidir.

“Turan” agentliyinin xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsindən bildirilib ki, Türkiyənin “Üstay” şirkəti "Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun modernizasiya layihəsində çalışır və onların nəzdində deyil:

"Bu şirkət podratçı şirkətdir. Şikayətçilərə gəlincə, bu, zavodda çalışmış və müqaviləsi bitmiş şəxslərdir. Qaydaya görə, onlara kompensasiya verilməməlidir, amma buna baxmayaraq, "Üstay” şirkəti onlara əlavə ödəniş edəcək".

SOCAR-dan bildirilib ki, onlar bir qayda olaraq, bütün tərəfdaş şirkətlərdən tələb edir ki, Azərbaycan vətəndaşlarının bütün hüquqları məhz ölkənin qanunvericiliyi əsasında yüksək səviyyədə təmin olunsun:

"Hazırda bu istiqamətdə şirkətlər arasında hər hansı fikir ayrılığı yoxdur”.

Agentliyin xəbərinə görə, "Üstay" şirkətindən onlara bildirilib ki, həmin şəxslərin müqavilə müddəti bitib və onlara kompensasiya verilməməlidir:

"Şirkət müqaviləyə müddətdən əvvəl xitam verdikdə işçilərə kompensasiya verilir. Müqavilənin müddəti başa çatdıqda isə kompensasiya verilmir. Lakin şirkətimiz onlara əlavə ödəniş verilməsi ilə bağlı qərara gəldi".

Verilən məlumata görə, bu şirkət "Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodu üçün görülməli tikinti işləri ilə bağlı tender qazanıb və “SOCAR Polymer” in müxtəlif sifarişlərini müqavilə əsasında yerinə yetirib. Bura boru xətti çəkmək, onları boyamaq işləri də daxil olub.

XS
SM
MD
LG