Bu gün, iyulun 6-da "Ekofront" İctimai Birliyin fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin önünə toplaşıblar. Onlar nazir Muxtar Babayev ilə görüşmək istədiklərini bildiriblər. Amma demələrinə görə, bu görüş gerçəkləşməyib. Əvəzində fəalları nazirlikdə başqa məsul şəxslər qəbul edib. Lakin fəalların fikrincə, həmin şəxslər qərar qəbul etmək səlahiyyətinə malik deyirlər.
Fəallar bildirirlər ki, onlar Azərbaycanda aqrobağların yaradılması zamanı meşələrin qırılmasına etiraz edirlər. Onlar qırılan ağacların bərpa edilməsini gündəmə gətiriblər. Fəallar hesab edirlər ki, aqrobağları salan şirkətlərlə bağlanılan müqavilələr və xəritələr ictimaiyyətə açıqlanmalıdır. Habelə, vurğulayırlar ki, meşələrin qırılması ilə nəticələnən müqavilələrə xitam verilməlidir.
Nazirlikdən cavab
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə "Turan"a bildiriblər ki, Azərbaycanda aqrobağların yaradılması və ya dövlət meşə fondu ərazilərinin aqrobağların yaradılması məqsədilə icarəyə verilməsi meşə qanunvericiliyi ilə tənzimlənir: "Burada ağac və kolların məhv edilməsindən söhbət gedə bilməz".
Qurumun açıqlamasına görə, meşə ilə örtülü və qanunla icarəyə verilməsi qadağan olan meşə əraziləri, bir qayda olaraq, icarəyə verilmir, orada bütün fəaliyyətlər qadağandır.
Rəsmi qurumların açıqlamasına görə, 2018-2021-ci illər ərzində Azərbaycanda 1610.5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulub.