Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 00:40

Prokuror Fərman Kərimzadənin oğluna 10 il həbs istədi


Fərman Kərimzadə (Solda)

Yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadəyə 10 il həbs cəzası istənilib. Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror belə bir təkliflə çıxış edib.

Vaxtilə 3 saylı hüquq məsləhətxanasında vəkil kimi fəaliyyət göstərmiş Ə.Kərimzadə dələduzluqda suçlanır. İttihama görə, o, müxtəlif problemlərini çözmək adıyla 7 nəfərdən toplam 60 min manata yaxın pul alıb. Amma nə iş düzəlib, nə də pul qaytarılıb.

Prokuror çıxışında deyib ki, Ə.Kərimzadəyə qarşı ittihamlar məhkəmədə sübuta yetirilib. Onun bundan əvvəl də dələduzluğa görə məhkum edilməsi Ə.Kərimzadənin durumunu ağırlaşdıran hal kimi qiymətləndirilib.

Amma Ə.Kərimzadə özünü təqsirli bilmir. Zərərçəkmişlərdən bir neçəsinə dəymiş ziyan ödənilib, razılaşma əldə olunsa da, qalanları yazıçının oğlundan şikayətçidir. Ə.Kərimzadə həmin zərərçəkənlərin də yalan danışdığını, ona verildiyi iddia olunan məbləğlərin şişirdildiyini bildirir.

Ə.Kərimzadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Prokurorun çıxışından sonra Ə.Kərimzadənin vəkili müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə ona mayın 8-nə qədər vaxt verib. Həmin gün əvvəlcə vəkil çıxış edəcək, ardınca da Ə.Kərimzadə özü son sözünü deyəcək.

Hazırda CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə suçlanan Ə.Kərimzadə daha öncə də dələduzluq ittihamı ilə məhkum edilib. O, 2012-ci ilin yayında Elçin Muradov adlı vətəndaşın şikayəti əsasında həbs olunubmuş. Muradov şikayətində göstəribmiş ki, Ə.Kərimzadə özünü vəkil kimi təqdim edib və onun 12 min manatını mənimsəyib. Ə.Kərimzadə həmin iş üzrə tanışı Azər Qurbanovla birlikdə mühakimə olunub. O zaman Bakı Ağır Cinayətlər Məhkəməsi dəymiş ziyanı ödəmələrini əsas götürərək, onları şərti cəza ilə azadlığa buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG