Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü olan Əziz Əbdüləziz 7 il 6 ay azadlıqdan məhrum edilə bilər. Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində ittihamı müdafiə edən prokuror onun belə cəzalandırılmasını istəyib.
Prokuror deyib ki, Ə.Əbdüləzizə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə verilmiş ittiham məhkəmə araşdırmasında sübuta yetirilib.
72 yaşlı Ə.Əbdüləziz 300 min manatdan çox dələduzluqda suçlanır. İttihama əsasən, o, tikinti işləriylə məşğul olan «ALFA LTD» şirkətinin rəhbəri İxtiyar Həsənovu yüklə dolu maşınları gömrükdən keçirmək, Heydər Əliyev Fondunun xəttiylə məktəb binasının tikintisi üçün tenderdə qalib elan etdirmək adıyla aldatmaqda təqsirləndirilir.
Cinayət işinin materiallarında yazılıb ki, tenderin qalibi olmaqdan ötrü İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsi isə indiyədək qalıb.
Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad etdirmək və tez bir zamanda sərhəddən buraxdırmaq vədiylə isə İ.Həsənovdan 300 min manat alınıb.
Ancaq Ə.Əbdüləziz özünü təqsirli bilmir və sifarişlə həbs olunduğunu bildirir: «Bu, İxtiyarın mənə qarşı iftirasıdır. İxtiyar mənə şirinlik üçün 25 min manat pul gətirmişdi. Həmin pulu da onun başına vurub geri göndərdim. Mənim özümün 100 minlik maşınlarım olub. Mənim həbsim kiminsə sifarişidir. Amma konkret bilmirəm bu adam kimdir. Məni, uğurlarımı gözü götürməyən adam çox idi».
Bu cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir. Təqsirləndirilən Ə.Əbdüləzizlə zərərçəkmiş İ.Həsənovu o, tanış edib.
Ə.Əbdüləzizin vəkili deyir ki, o, Nobel mükafatının verilməsində iştirak edən yeganə azərbaycanlıdır. Məhz onun təklifi əsasında BMT 22 martı dünyada İçməli su günü elan edib.