Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:09

‘Evlilik hekayəsi’ – ‘zəhərli’ boşanma haqdadır


"Evlilik hekayəsi" filminin qəhrəmanlarından birini oynamış Scarlett Johansson
"Evlilik hekayəsi" filminin qəhrəmanlarından birini oynamış Scarlett Johansson

“Evlilik hekayəsi” (Marriage Story) filminin başlanğıcında iki insan arasındakı münasibət artıq bitib. Nicole (Scarlett Johansson) və Charlie (Adam Driver) Barberlər dostcasına ayrılmaq qərarına gəliblər və bunun üçün vasitəçi ilə görüşürlər.

Onlar bir-birindən ayrı həyata keçiddən ötrü danışıqlar aparmaq istəyini ifadə ediblər. Onların Henry adlı balaca oğlu da var. Bu ayrılığın uşağın həyatına mümkün qədər az təsir etməsini istəyirlər. Dost-tanış onları əvvəldən bu prosesin nə qədər toksik və ağır ola biləcəyi haqda xəbərdar edib. Onlar öz aralarında vəkillərə müraciət etməmək qərarına gəliblər.

Ancaq bu xoş niyyət baş tutmur. Nicole və Charlie vəkillərə müraciət edir, aralarında düşmənçilik və şübhə yaranır. Hüquq sistemi də həmin bu düşmənçilik və şübhəni daha da qızışdırmaqla məşğuldur. Teatr rejissoru olan Charlie aktrisa Nicole-un yavaş-yavaş Nyu Yorku tərk edib Los Ancelesə köçmək istədiyini anlayır.

Xoş niyyətləri zəhərləyən boşanma

The Guarduan yazır ki, “Evlilik hekayəsi” münasibətlər haqqında faciə deyil. Film daha çox Qərb ölkələrində uzun çəkən “boşanma” adlı hüquqi prosesin dostcasına ayrılmaq istəyən tərəflərin xoş niyyətlərini zəhərləməyə qadir olduğunu göstərir. “Bu sistem çirkin davranışı mükafatlandırır”, – filmdə prestijli boşanma vəkili Nora Fanshaw (Laura Dern) Nicole-a deyir.

Charlie-nin vəkili Jay Marotta (Ray Liotta) isə ona belə deyir: “Bu prosesin sonunda sən mənə nifrət edəcəksən”.

Qeyd edək ki, Laura Dern Nora Fanshaw roluna görə ötən həftə ikinci dərəcəli aktrisa nominasiyasında Oskar mükafatına layiq görülüb.

Driver və Johansson Barber cütlüyü kimi çox maraqlı oyun nümayiş etdirirlər. ““Evlilik hekayəsi” boşanma haqda olsa da, tamamilə boşanmaya fokuslanmayıb”, – qəzet yazır. Burada tonlar və əhvallar arasında keçidləri görmək olur. İnsanların həyatlarının ən qaranlıq anlarında etdikləri kimi.

Barberlər məzəli, zarafatcıl, bir-birinə qarşı qayğıkeş, sevgi və qarşılıqlı razılıqla dolu bir cütlükdür. Hər biri digərinin necə bir insan olduğu haqda uzun monoloq söyləyir. Onların monoloqlarını dinlədikcə və bu monoloqları müşayiət edən səhnələri gördükcə tamaşaçını bürüyən maraqlı hisslər bir-birini əvəzləyir.

Birbaşa mesajlar

“Evlilik hekayəsi” qaranlıq, xoş anlardan məhrum film deyil. Filmdə ağıllı zarafatları sezmək olur. Driver və Johansson-dan başqa filmdə Wallace Shawn, Julie Hagerty və Merritt Wever də rol alıblar. Hagerty Nicole-un anasını, Wever isə bacısı Cassie-ni oynayır. Onlar ailə borclarını yerinə yetirmək, Nicole-a kömək etmək üçün əllərindən gələni edirlər. Ancaq eyni zamanda Charlie-ni də çox sevirlər.

Tamaşaçılar və tənqidçilər “Evlilik hekayəsi”nin əsas uğurlarından biri kimi filmin maksimum təbii çəkilməsi və mesajlarının birbaşa olmasını göstərirlər. Bu hekayə sizin münasibətlər və evlilik haqqında baxışlarınızı dəyişmək üçün deyil. Məqalə müəllifinin sözləri ilə desək, “klişe kimi səslənsə də”, film səmimiliyə can atır. Charlie və Nicole saysız-hesabsız cütlüklərin ağrılı yolla öyrəndiyi sınaqlardan keçir. Son nəticədə bütün mübahisələr fərqli görünsə də eynidir. Partnyorların mənfəəti arasındakı tarazlıq diqqətlə gözlənilməlidir. Son nəticədə ayrılmaya səbəb olan problemlərsə lap əvvəldən mövcud olub. Bütün bunları filmdə çox aydın görmək olur.

“Evlilik hekayəsi” cütlüyün ayrılmasına təəssüflənmir. Filmin mövzusu daha çox yaxşı, ləyaqətli sonluqdur. Bu sonluq özündən əvvəl baş verənlərə aydınlıq gətirir, onları anlamağa imkan verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG