Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:20

Evliliyin xoşbəxt olmadığını göstərən 9 əlamət


İnsan münasibətləri ilə məşğul psixoloqların fikrincə toydan sonra keçən bir ilin romantikası, hüdudsuz vurğunluğu da bitir, çılğın hisslər öləziyir və bu zaman evlilikdə olanları narahatlıq bürüyür. Sevgi beləcə zəifləyirsə, bəs sonra nə olacaq? Bir çoxları buna əhəmiyyət verməmək və həyatı necə varsa davam etdirmək qərarına gəlirlər.

Lakin Business Insider saytı psixoloqların rəyləri əsasında evlilikdə fikir verməyərək keçinilməsi mümkün olmayan 9 kədərli əlamətə diqqəti çəkir.

Psixoloqlar təsəlli verirlər ki, bu problemlərin bəziləri çözüləndir, amma onlara laqeyd yanaşmaq olmaz.

Evliliyin ilk ilində çılğın sevgili olanlar

Psixoloq Ted Huston 168 evli cütü toydan başlayaraq 13 il müddətində monitorinq edib.

Onun və alimlər komandasının apardığı müsahibələrdən belə bir nəticə hasil olub ki, evləndikdən 7 və daha çox il sonra boşanmış ər-arvadların evliliyi çılğın bir romantika ilə başlanıb.

Küləklə sovrulanlar - "Hollivud çılğınlığı"
Küləklə sovrulanlar - "Hollivud çılğınlığı"

Psixoloq Aviva Patz Psycology Today jurnalında yazır: “İzdivacları romantik parıltı ilə başlayanlar boşanma riskinə daha çox məruz qalırlar, çünki belə münasibətləri uzun müddət saxlamaq çətindir. İstəyirsiniz buna inanın, istəyirsiniz yox, amma daha az “Hollivud romantikası” ilə başlanan evliliklər daha möhkəm olur.

Sizlərdən biri münaqişə zamanı geri çəkilir

Əlbəttə, ər-arvad arasında dava-qırğın xoşagələn bir hal olmasa da, münaqişə zamanı onlardan birinin münahisəni davam etdirmək istəməməsi daha təhlükəli əlamətdir.

2010-cu ildə Journal of Marriage and Family məcmuəsində dərc olunmuş məqalədə deyilirdi ki, ailə münaqişəsi zamanı ərin “geri çəkilməsi” boşanmaya aparan yolun başlandığını göstərir.

Buna baxmayaraq 2014-ci ildə Communication Monographs elmi jurnalında çap olunmuş məqaləyə görə ailə dava-dalaşı ümumilikdə münasibətlərin möhkəmliyi üçün müsbət faktor sayıla bilməz.

Texas Xristian Universitetinin professoru Paul Schrodt yazır ki, tərəflərin daim bir-birini ittiham etdiyi ittifaqları saxlamaq son dərəcə çətindir.

Siz ayrılıqda olarkən bir-biriniz haqqında düşünmürsünüz

2007-ci ildə 300 evli cütün iştirakı ilə aparılmış araşdırma göstərib ki, evlilik bütün hallarda güclü sevgi hissinin üzərində qərar tutur. Bu, özünü bir neçə şəkildə büruzə verə bilər. Bu hallardan biri də odur ki, siz həyat yoldaşınızdan ayrı olduğunuz vaxtlarda onun barəsində fikirləşirsiniz.

400 Nyu Yorklu cütün müşahidəsi göstərib ki, məsələn ezamiyyətdə olarkən insanın fikrini cəmləşdirə bilməməsi və bunun onun həyat yoldaşı haqqında düşünməsi ilə bağlı olması güclü sevgi hissinin göstəricisidir.

Bu xüsusilə də kişilərə aiddir.

Belə bir daxili eksperiment aparın. Ayrılıqda olduğunuz vaxtlarda yoldaşınız barədə düşünməyə çalışın.

Öz dostlarınızla müəyyən bir vaxt keçirmirsinizsə

Nortuestern Universitetindən psixoloq Eli Finkel yazır ki, müasir cütlər evlilik barəsində yüksək gözləntilərə malik olurlar.

O yazır: “Biz həyat yoldaşımızın həm sevgili, həm könül dostu, həm loğman, həm də intellektual mübahisə opponenti olmasını istəyirik. Realist olaraq belə gözləntilər məyusluğa yol aça bilər”.

Bu gözləntilərdən bəzilərinin ödənməsi üçün alternativlər var. Məsələn intellektual mübahisələr üçün başqa bir dost da tapa bilərsiniz.

O zaman evlilik həyatınızda çatışmayan o gözləntinin yeri doldurulmuş olacaq və siz daha çox məmnun qalacaqsınız.

Münasibətləriniz yelləncəyə bənzəyir

Bəli, yaxşı vaxtlar da olur, pis vaxtlar da.

Alimlər bu yaxınlarda bir-birləri ilə görüşən 400 cütlə müsahibələr aparıblar. Bu müsahibələrin təhlilindən doğan elmi nəticələr 2016-cı ildə Journal of Marriage and Family jurnalında dərc edilib.

Burada münasibətlər dörd model qrupuna bölünmüşdü: dramatik, münaqişəli, sosial baxımdan fəal və partnyora yönəlik.

Psixoloq Gary Lewandowski izah edir ki, dramatik cütlər bir-birinə qarşı münasibətdə zaman keçdikcə daha çox dəyişkən olurlar. Maraqlıdır ki, bu, ən böyük model qrupu olub.

Partnyora yönəlik cütlərdə tərəflər bir-birlərinə qarşı çox müsbət münasibətdə olurlar və bu münasibət yalnız onlar ayrılıqda olanda problemə çevrilir.

Sosial baxımdan fəal cütlərdə tərəflərin münasibətlərinə kənar şəxslər – dostlar, tanışlar və qohumlar təsir göstərə bilir.

Nəhayət münaqişəli cütlər adlarından göründüyü kimi tez-tez mübahisə edirlər və onların münaqişələri münasibətlərini təsirləndirir.

Alimlərin gəldiyi nəticəyə görə cütlər arasında ən sədaqətlilər partnyora yönəlik modeldən çıxıb. Dramatik cütlərinsə başqa qruplara nisbətdə boşanma şansı iki dəfə çoxdur.

Partnyorunuzu olduğu kimi görürsünüz

…və ya çəhrayı eynək taxırsınız…

Getdikcə artan elmi materiallar göstərir ki, bir-biri barədə daha çox “pozitiv ilyuziyalara” malik partnyorlar daha uzun müddətə münasibətlərini qoruyub saxlayırlar.

Bu isə o deməkdir ki, partnyorun ideallaşdırılması daha sabit münasibətin formalaşmasına kömək edir.

Bu, yoldaşınızı onun əslində olduğundan daha cazibədar, nəvazişli və ağıllı kimi qiymətləndirmək deməkdir.

Digər tərəfdən yoldaşınızın zahiri gözəllik və ağıl baxımından sizin beyninizdəki idealdan geridə qalması yaxşı əlamət sayıla bilməz.

Düşünürsünüz ki, daha yaxşı “alternativ” partnyorunuz var

Əgər başqa bir tanışınızla görüşsəniz daha xoşbəxt ola biləcəyinizi düşünürsünüzsə, deməli hazırkı münasibətləriniz təhlükədədir.

1987-ci ildə Journal of Personality and Social Psychology məcmuəsində dərc olunmuş məqalədə deyilirdi ki, alimlər universitet tələbələrindən ibarət cütlərdən hazırkı partnyorlarına ən yaxşı alternativ barədə yazmalarını xahiş ediblər.

Bu təcrübədən bəlli olmuşdu ki, daha çox alternativ romantik partnyor adı çəkənlərin əksəriyyəti artıq üç aydan sonra mövcud partnyorlarından ayrılmışdılar.

Alimlər bildirirlər ki, belə “alternativ bolluğunu” yaradan sosial mediadır.

Düşünürsünüz ki, bir-birinizi tamamlayırsınız?

Doğrudan da əksliklər başlanğıcda bir-birini cəlb edə bilər, lakin əksliklərin həddən ziyadə çox olması romantik bağları qoparmağa qadirdir.

Cütlər üzrə psixoloq Rachel Sussman Business Insider saytına deyib ki, o belə hallarla özünün Nyu York məsləhətxanasında tez-tez rastlaşır. Onun fikrincə əksliklər bir-birini cəlb edir və bəzən partnyorların özləri də onları ayıran ziddiyyətlərdən bezirlər.

Xanım Sussman belə bir hipotetik cütü misal gətirir. Onlardan biri sosial baxımdan çox fəaldır, gəzməyi sevir, digər isə evə bağlıdır. Əvvəl-əvvəl belə əksliklər hətta bir-birini tamamlaya da bilər.

Lakin problem ondadır ki, adamlar yaşlandıqca fərdi xüsusiyyətlərini gücləndirirlər. Belə olduqda kompromis və ya qarşılıqlı anlaşma üçün meydan getdikcə daralmış olur.

Dəyərləriniz fundamental şəkildə fərqlidir

Siz övlad istəyirsinizmi? Dindarsınızmı? Bunlar evlilik barədə ciddi qərara gəlməzdən əvvəl üzərində düşünüləcək “sadə” suallardan yalnız ikisidir.

Evli cütlərin psixoloqu, xanımı ilə birlikdə Evli Cütlər İnstitunun əsasını qoymuş Peter PearsonBusiness Insider saytına deyib ki, sizin dəyərlərinizi bölüşən birisi ilə rastlaşmaq yaxşı münasibətlərin təməlidir.

Burada dəyərləri maraqlarla qarışdırmamalı. Məsələn siz teatra getmək istəyirsinizsə, lakin yoldaşınız getmək istəmirsə, burda elə bir fəlakət yoxdur.

Lakin siz çox pul və hakimiyyət əldə etmək üçün dəridən-qabıqdan çıxırsınızsa, yoldaşınız isə malik olduğuna qanedirsə, onda belə münasibətləri ciddi sınaqlar gözləyə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG